Zərdabi Mətbuat Mərkəzi “Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək” layihəsi çərçivəsində sentyabr ayında jurnalistlər arasında keçirilən sorğunun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Rəhim Hüseynzadə bildirib ki, sorğuda 100 jurnalist iştirak edib. Onların 31-i gündəlik qəzetlər, 23-ü həftəlik qəzetlər, 21-i informasiya agentlikləri, 14-ü elektron KİV-lər, 11-i bölgə mətbuatının nümayəndələri olub. Sentyabr ayında KİV-lərə informasiya verilməsinin qiymətləndirilməsi ilə əlaqədar suala respondentlərin əksəriyyəti Xarici İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyini ilk üç yerə çıxarıblar. İlk mənbədən informasiya alınmasındakı problemlərə gəlincə, jurnalistlər “Azərikimya” İstehsalat Birliyi, Müdafiə Sənayesi Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə ən çox bal veriblər.
Sentyabr ayında mətbuata informasiya verməkdə maraqlı olan ictimai-siyasi təşkilatlar sırasında birinci üç yerdə YAP, Müsavat Partiyası və AXCP, QHT-lərdən isə Milli QHT Forumu, Mətbuat Şurası və “İrəli” İctimai Birliyi olub. Sentyabr ayında hansı vəzifəli şəxsin mətbuata informasiya verməkdə maraqlı olması barədə sualın cavabında jurnalistlər ilk olaraq Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov və YAP sədrinin müavini Əli Əhmədovun adını çəkiblər.
Sorğunun nəticələrinə görə, mətbuata informasiya verməkdə maraqlı olmayan vəzifəli şəxslər kimi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin, nəqliyyat və vergilər nazirlərinin adları çəkilib.