Zahir Əzəmət “Qaynar.İnfo “dan da getdi

Bir müddət əvvəl “Alma” qəzetindən ayrılan Zahir Əzəmət (o, “Alma”nın şef-redaktoru olub) yaradıcısı və baş redaktoru olduğu “Qaynar.info” portalından da ayrılıb. Bu haqda portalda o özü məlumat verib.

“Qaynar.info”nun oxucularına üz tutan Z.Əzəmət bunun səbəblərini belə açıqlayıb: “Bildiyiniz kimi, son 10 gündə fəaliyyət şərtlərimiz daha da ağırlaşdı. Portal tamamilə ofissiz və avadanlıqsız qaldı. Hərçənd əvvəllər də “Qaynar.info”nun nə ofisi, nə də hər hansı başqa texniki avadanlığı vardı. Amma çalışdığım “Alma” qəzetinin ofisindən yararlanmaq imkanımız var idi. Xəbər verildiyi kimi, bu imkanlardan da məhrum olduq.

Problem yaranan gündən onun aradan qaldırılması üçün böyük çabalar sərf etsək də, təəssüf ki, buna nail ola bilmədik. Əlbəttə, bir çox dostlar bizə öz ofislərində sığınacaq təklif etdilər. Burdan bir daha onların hər birinə təşəkkür edirəm. Amma məsələ yalnız ofis məsələsi deyildi”.

Z.Əzəmət qeyd edib ki, “Qaynar.info”nun ofis və avadanlıq problemindən savayı saytın yaradıcısı və baş redaktoru kimi özünün də iş problemi yaranıb: “Əvvəllər gündəlik sosial problemlərimi çalışdığım digər iş yerlərindən aldığım əməkhaqlarıyla qarşılamağa nisbətən nail olur, boş vaxtımı isə “Qaynar.info”nun ayaqda durmasına sərf edirdim. Bu gün isə, təəssüf ki, həm də iş yeri axtarmaq zorundayam”.

Portalı bağlamağa qıymadığını vurğulayan Z.Əzəmətin sözlərinə görə, bu 10 gün müddətində yalnız bir nəfər saytın bağlanacağı ehtimalı yaranarsa, onun fəaliyyətini davam etdirmək istəyində olduğunu bildirib: “Bu da Fərid Şahbazlı idi. Bir neçə gün düşünəndən sonra bu variantın üstündə durmaq qərarı verdim”.

Başqa heç kimdən, həm də oxuculardan saytın yaşaya bilməsi üçün ciddi təkliflər almadığını deyən Z.Əzəmət portalı bütün hüquqlarıyla birlikdə media orqanlarından birinə təklif etdiyini də yazıb: “Amma təəssüf ki, müsbət cavab almadım”.

Z.Əzəmət onu da qeyd edib ki, saytın yeni komandaya verilməsi heç bir ticari anlaşma üzərində deyil: “Portalı bundan əvvəl təklif etdiklərimə də bunu əvəzsiz etdiyimi demişdim. Olmadı. Nəticədə universitetin birinci kurs tələbəsi Fərid Şahbazlı daha qərarlı çıxdı. Uzun sözün qısası, Zahir Əzəmət olaraq “Qaynar.info”dan tamailə ayrılır, portalı gənc əllərə təhvil verirəm. Təskinliyim sadəcə, portalın bundan sonra da yaşamasını görmək olacaq. “Qaynar.info”nun qolları olan “Klip.az” və “Biznes.Qaynar”ın isə fəaliyyətinə tamamilə son qoydum. “Fanat.az” isə onsuz da 1 ildən artıqdır ki, yeni komandanın rəhbərliyi altında müstəqil fəaliyyət göstərir”.

Müraciətinin sonunda Z.Əzəmət media fəaliyyətini “Kultaz.com” portalı ilə məhdudlaşdıracağını açıqlayıb: “Bir daha ictimai-siyasi mediada çalışmamaq qərarı vermişəm. Yeni iş yerimi mediadan uzaq bir sahədən seçmək fikrindəyəm”.

Portalda yayımlanan xəbərə görə, Z.Əzəmət bütün hüquqlarını həftə ərzində təhvil verəcək və dəyişikliklə bağlı texniki məsələlər də bu müddət ərzində həll olunacaq.

“Qaynar.info” 2007-ci ilin aprelindən fəaliyyət göstərir.

Fərid Şahbazlı 1991-ci ildə Bakı şəhərində anadan olub. Səbail rayonundakı 7 saylı orta ümumtəhsil pilot məktəbini bitirib. Hazırda Odlar Yurdu Universietinin jurnalistika fakültəsində təhsil alır.

F.Şahbazlı 2005-ci ildən mətbuatla əməkdaşlıq edir. Ölkənin bir sıra qəzet və portallarında yazılarla çıxış edib. 2006-cı ildə “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatını təsis edib və hazırda bu təşkilatın sədridir.

2009-cu ildə “Xeberdar.info” portalını təsis edən F.Şahbazlı bu portalın baş redaktorudur.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO