Öz qəzetindən dərhal sonra hansı qəzeti oxuyursan, redaktor?

Öz qəzetindən dərhal sonra hansı qəzeti oxuyursan, redaktor?Şübhəsiz, hər bir qəzetçinin günü elə qəzetlə başlayır. Hər naşir də öncə öz məhsulunu – dünən axşam mətbəəyə yolladığı qəzetini axtarır: nə gedib, necə gedib? Bəs sonra?

“Media forum” saytı bəzi nəşrlərin baş redaktorlarına bu sualla müraciət edib: gün başlayanda öz qəzetinizdən dərhal sonra ilk olaraq hansı qəzetə baxırsınız?

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı: – “Azadlıq”, “Yeni Müsavat” və “Exo” qəzetlərini oxuyuram. Ardıcıllıq müxtəlif ola bilər. Amma bu qəzetlərə daim nəzər salıram. Digər qəzetləri müntəzəm izləmirəm. Çünki böyük əksəriyyətində bir təkrarçılıq var – agentlik xəbərləri çoxluq təşkil edir. Ancaq maraqlı yazı olanda digər qəzetlərə də baxıram.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay: – “525-ci qəzet”i ,“Azadlıq”, “Yeni Müsavat”, “Zerkalo”, “Şərq” qəzetlərini oxuyuram. Bu qəzetlərdə məni ən müxtəlif müəllif yazıları cəlb edir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu: – Əsasən “Azərbaycan”, “Xalq qəzeti” və digər rəsmi qəzetlərə baxıram. Çünki ölkədə baş verən ən mühüm hadisələr, dövlət səviyyəsində qəbul olunmuş qərarlar, prezident sərəncamları, fərmanlar rəsmi qəzetlərdə dərc olunur. Daha sonra” “525”-ə keçirəm, “Səs”i, “İki sahil”i oxuyuram, “Yeni Müsavat”a, “Bizim yol”a, “Azadlıq”a, digər gündəlik qəzetlərə baxıram. Gündəlik qəzetlərin heç birini diqqətdən kənar qoymamağa çalışıram.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: – Mən fərq qoymuram. Müxalifət qəzeti, iqtidar qəzeti, ya müstəqil nəşr olsun – birinci növbədə gündəlik çıxan qəzetlərin hamısını oxuyuram. Həftəlik qəzetlərə də vaxt ayırmağa imkanım olur.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: – İlk olaraq “Ədalət”, “Azadlıq”, “Bizim yol ”, “Zerkalo”, “Yeni Müsavat” qəzetlərini oxuyuram. İnformasiyaları ən müxtəlif nəşrlərdən müqayisəli oxumaq zəruridir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO