Yeni noutbuklar təqdim olunub

Aprelin 8-də HP şirkəti “HP Pavilion” noutbukunun iki modelinin təqdimatını keçirib.

“Media forum” saytının məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə “Microsoft Azərbaycan” şirkətinin birgə dəstəyi əsasında “Hyatt Regency” otelində keçirilən tədbirdə HP Şirkətlər Qrupunun vitse-prezidenti Axim Kuttler bildirib: “Hazırkı məqamda Azərbaycan regionda İT sahəsində liderdir. Biz burda böyük potensialın olduğuna inanırıq və yerli bazara bu cür fövqəladə məhsul – “HP Pavilion”u gətirməyimizə çox şadıq”.

“Media forum” əməkdaşının “HP Pavilion” noutbuku burda neçəyə satılacaq və sizin istehsal etdiyiniz mallar başqa ölkələrə nisbətən Azərbaycanda niyə bahadır” sualına HP fərdi sistemlər qrupunun satış və bazar inkişafı üzrə meneceri Rasim Bəxşi yeni modellərin satış qiymətinin 700-900 manat arasında olacağını söyləyib: “Adətən bizə belə suallar verilir, misal kimi də Amerikada internetlə satılan modellər göstərilir. Başqa ölkələrlə müqayisədə elə də böyük qiymət fərqi yoxdur. Bizim qiymət baxımından vahid strategiyamız var. Hər ölkənin isə öz vergi, gömrük siyasəti olur. Malın ölkəyə gətirilməsi xərcləri də qiymətə təsir edir. Satışdan öncə biz marketinq təhqiqatı keçirdik, bazarda ucuz, yəni 400-500 manatlıq noutbuklar elə də maraq doğurmur. İmkanları daha güclü olan 700-900 manatlıq noutbuklar daha yaxşı satılır. Təqdim edilən modellərin də bu qiymətə satılacağı planlaşdırılır”.

“HP Pavilion” noutbukunun təqdim edilən iki modeli “Windows 7” sistemi ilə necə uzlaşır? “Media forum”un bu sualını “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov cavablandırıb. O deyib ki, “HP Pavilion” noutbukları yeni sistemdə tam testdən keçib: “Windows 7” artıq özünü göstərib. İstifadə edənlər bunu təsdiqləyə bilərlər. “Windows 7”nin özündən əvvəlki sistemdən – “Windows Vista”dan üstünlükləri var. HP modellərinin üstündə gələn lisenziyalı proqram təminatı tam sınanıb, sürəti, imkanları sarıdan problem yoxdur”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO