Yeni kitab: “Dövlət siyasətinin informasiya təminatı

“Dövlət siyasətinin informasiya təminatı”. Müasir Azərbaycan jurnalistikasında özünəməxsus yeri olan tanınmış jurnalist Aslan Aslanovun yenicə çapdan çıxmış kitabı belə adlanır.
Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunmuşdur.
AzərTAc-ın baş direktorunun yeni kitabında müəllifin 1991-2012-ci illərdə dövri mətbuatda dərc olunmuş publisistik məqalələri, xarici ölkələrdə və respublikada keçirilmiş tədbirlərdə çıxışları, KİV-lərə müsahibələri, müxtəlif nəşrlərə rəy və ön sözləri, xatirələri toplanmışdır.
Kitab “Ön söz”, “Publisistik məqalələr”, “Çıxışlar”, “Müsahibələr”, “Rəylər, xatirələr” bölmələrindən ibarətdir.
“Dövlət siyasətinin informasiya təminatı” kitabı ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinə dair qiymətli kəlamları ilə başlanır. Kitaba “Ön söz”ü tanınmış ədəbiyyatşünas alim, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov yazmışdır.
Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı analitik məqalələrin əksəriyyəti ulu öndərimiz Heydər Əliyevin mətbuatla bağlı həyata keçirdiyi tədbirlərə, o cümlədən AzərTAc-a göstərdiyi diqqət və qayğıya həsr olunmuşdur.
Yeni kitabda toplanmış yazıları tarix baxımından iki qrupa bölmək olar. Onların böyük əksəriyyəti Azərbaycanın müstəqilliyi illərində, digər qismi isə sovet dövrünün son onilliyində qələmə alınmışdır. Fərqli tarixi dövrlərdə, çox müxtəlif mövzularda və hərəsi bir ovqatın təsiri altında yazılsa da, təcrübəli jurnalistin bu qələm məhsulları bütün zamanlar üçün əhəmiyyətlidir. Bu da müəllifin mövzunu dəqiq seçmək, faktı görmək və düzgün qiymətləndirmək bacarığından irəli gəlir. Kitabdakı yazıları analitikanın və publisistikanın ən yaxşı nümunələri hesab etmək olar. Belə nümunələr isə universal dünyagörüşü ilə peşəkarlığın vəhdətindən yaranır.
Kitabda yer almış materialların bir qismi AzərTAc-ın beynəlxalq əlaqələrinə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurların dünya informasiya məkanında daha geniş coğrafiyada yayılması ilə bağlı görülən işlərə, dövlət siyasətinin informasiya təminatında agentliyin roluna həsr olunmuşdur. Müəllifin bu mövzuda yazıları və mötəbər beynəlxalq tədbirlərdə ənənəvi və yeni medianın aktual problemlərinə həsr olunmuş çıxışları müasir dünyanın informasiya məkanında baş verən proseslərin, sosial jurnalistikanın müsbət və mənfi cəhətlərinin geniş panoramını oxucunun gözləri önündə canlandırır.
“Şərq-Qərb” mətbəəsində nəfis tərtibatda çap olunmuş 620 səhifədən ibarət yeni kitab jurnalistlər, bu sahədə çalışan mütəxəssislər, tələbələr və geniş oxucu kütləsi üçün maraqlı mənbədir.
AzərTAc

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO