Yeni jurnalist müsabiqəsinə 1700 manat pul ayrılıb

Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycan rabitəsinin yaranmasının 130 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan edib.
KİVDF-dən Modern.az-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.

Müsabiqənin mövzuları

– Medianın inkişafında İKT-nin rolu
– Azərbaycan telekommunikasiyası inkişaf yolunda
– Azərbaycanda İKT-nin inkişafı və informasiya təhlükəsizliyinin təminatı
– Azərbaycan poçtunun dünəni və bugünü
– Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökümət
– Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri
– Azərbaycan virtual məkanda: milli maraqlarımızı necə təmin edək

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1.Yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır (Elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir).
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazıda “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində – 12, diskdə) variantları təqdim olunmalıdır.
6. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.
7. Yazılar şəxsən 05 noyabr 2011-ci il tarixdən 01 dekabr 2011-ci il tarixədək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır.

Müsabiqəyə təqdim olunmuş yazılar aşağıdakı kimi mükafatlandırılacaq:

I yer – 1000 manat
II yer – 800 manat
III yer – 600 manat
Həvəsləndirici mükafat – 300 manat

Qaliblər həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO