Yazıçısı Çingiz Abdullayev: “Bax bunu bilməmək böyük nöqsandır”

Yazıçısı Çingiz Abdullayev: “Bax bunu bilməmək böyük nöqsandır”Mayın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyevanın təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva Çingiz Abdullayevin dünən Fransada kitabının təqdimatının keçirildiyini və bunun bizim üçün fəxr olduğunu vurğuladı. F. Səfiyeva universitetdə ədəbiyyatın nüfuzlu nümayəndələri ilə görüşlərin istər müəllimlər, istərsə də tələbələr üçün vacib olduğunu dedi. Kafedra müdiri bildirdi ki, ADU-da ədəbiyyatla bağlı bir çox tədbirlər, respublika səviyyəli konfranslar keçirilib və o, bu tədbirlərin keçirilməsinə görə Dillər Universitetinin rektoru, professor Səməd Seyidova öz dərin minnətdarlığını ifadə etdi. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov xalq yazıçısı Çingiz Abdullayevin dünyanın bir sıra tanınmış yazıçıları ilə eyni sırada dayandığını, tanınmış klassiklərdən biri olduğunu və bunun bizim üçün sevindirici hal olduğunu qeyd etdi. Onun əsərlərinin bir çox dillərə tərcümə olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Xalq yazıçısının növbəti dəfə ADU-da olmasının hər kəs üçün önəmli olduğunu dedi. Rektor bildirdi ki, “Çingiz Abdullayev bizim ən gözəl, ən yaxşı və ən tanınmış yazıçılardan biridir. Ona görə bizim üçün fəxrdir ki, Çingiz Abdullayev bizim Universitetimizə yenidən qonaq gəlib”. Tədbirdə çıxış edən xalq yazıçısı Çingiz Abdullayev tələbələrlə görüşündən məmnun olduğunu bildirdi. O, Azərbaycanın xalq yazıçısı olduğundan fəxr hissi keçirdiyini bildirdi. Çingiz Abdullayev müxtəlif dillərdə nəşr olunmuş kitablarından danışdı. Çingiz Abdullayev kitabı Alban dilinə tərcümə olunan yeganə Azərbaycan yazıçısı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Dünyanı dərk etmək üçün kitab oxumağın vacibliyindən danışan xalq yazıçısı dil öyrənməyin əhəmiyyətindən söz açdı. Dil bilməməyin böyük nöqsan olduğunu deyən yazıçı iki və daha artıq dil öyrənməklə insanın daha da inkişaf etdiyini vurğuladı. Görüşdə Çingiz Abdullayevin həyat və yaradıcılığını əks etdirən slayd da nümayiş olundu. Tələbələr ədibin əsərindən birinin qısa təhlilini etdilər. Tədbirin sonunda Çingiz Abdullayev tələbələrin çoxsaylı suallarını da cavablandırdı. Qeyd edək ki, xalq yazıçısı Çingiz Abdullayev Universitetə müxtəlif dillərə tərcümə olunmuş kitablarını hədiyyə etdi. Xalq yazıçısı üçüncü dəfədir ki, ADU tələbələri ilə görüşür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO