İstənilən xalqın milli ideologiyasının formalaşmasında əsas rolu siyasət adamları oynamır, burada mədəniyyət, söz adamlarının, ziyalıların müstəsna xidmətləri olur. Bəlkə də milli ideologiyanı elə ziyalılar, fikir adamları, filosoflar yaradır. Çünki bu, daha çox mənəviyyatla, vicdanla, ruhla əlaqədar olan müqəddəs bir məfhumdur.
Tarixdə Azərbaycançılıq ideologiyasını yaradan, onu şüurlara yeridən, təbliğ edən şəxsiyyətlər az olmayıb. Bu istiqamətdə saysız-hesabsız məqalələr, fikirlər, kitablar nəşr olunub, Bu əsərlərin böyük əksəriyyəti xarici ölkələrdə mühacir həyatı yaşayan şair, yazıçı, tətqiqatçılar tərəfindən yazılıb.
Mədəniyyət, ədəbiyyat, musiqi, təsviri-incəsənət, elm sahəsində fəaliyyət göstərən sənət adamlarının böyük əksəriyyəti müxtəlif yaradıcı qurumlarda təmsil olunur.
Azərbaycanda populyar olan yaradıcı təşkilatların Azərbaycançılıq ideologiyasına münasibəti necədir? Onlar bu ideologiyanın formalaşmasında, təbliğində hansı işlər görür?
Məlumatlara görə, ölkənin ədəbiyyatşünas alimləri, yazıçıları öz yaradıcılığında bu vacib məsələyə yer ayırır. Elə yaradıcılıq qurumları da Azərbaycançılıq ideologiyasına biganə yanaşmır. Onların bu barədə konkret fəaliyyəti o qədər nəzərə çarpmasa da, təşkilat təmsilçiləri çoxlu iş gördüklərini deyir.
Azərbaycan Yazıçılar Birliyi (AYB) mətbuat xidmətinin rəhbəri, şair-publisist Ədalət Əsgəroğlu bizimlə söhbətində bildirdi ki, Azərbaycançılıq ideologiyasının təbliği, bu hissin cəmiyyətə təlqin edilməsi AYB-nin fəaliyyətinə aiddir.
Ə.Əsgəroğlunun sözlərinə görə, yazıçı və şairlər son illər bu sahədə bir sıra bədii və publisistik əsərlər yazıb: “Yazıçılar Birliyinin elə bir tədbiri, yığıncağı yoxdur ki, orada Azərbaycançılıq ideologiyasından söhbət açılmasın. AYB sədri, xalq yazıçısı Anarın “Azərbaycançılıq” adlı böyük bir kitabı nəşr olunub. Burada azərbaycanlı olmaq, bu ideyanı bütün cəmiyyətə aşılamaq və anlatmaq fikri əsas götürülüb. Həm bu qurumun rəhbəri, həm sıravi yazarlar öz yaradıcılığında, çıxışında milli ideologiyamızın daha da mükəmməlləşdirilməsinə dair tövsiyələr verir. Bəzən mətbuatda, xüsusən də telekanallarda insanları yanıldan söz-söhbətlərə yol verilir. Bir qrup adam iddia edir ki, bizə Azərbaycançılıq yox, türkçülük idologiyasını formalaşdırmaq lazımdır. Guya ki, bunlar fərqli şeylərdir. Bu kökündən yanlışdır. Bəli, biz türkük, vətənimiz Azərbaycandır. Bizə azəri türki deyirlər. Yəni azərbaycanlılığımızla türklüyümüz bir aradadır. Düşmənlərimiz gecə-gündüz təbliğ edirlər ki, Azərbaycançılıq ideologiyasının geniş vüsət alması tarixən bizimlə birgə ölkəmizdə yaşayan qeyri-millətlərin nümayəndələrini əzməyə xidmət edir. Qətiyyən belə deyil. Azərbaycançılıq ideologiyasının bir dəyər, həyat tərzi, fəlsəfi dünyagörüşü kimi formalaşması həm də o etnik qrupların var olmasına, yaşamasına dəlalət edir. Biz əslində etnik qrup, milli azlıq kimi ifadələrin əleyhinəyik. Bütün Azərbaycan vətəndaşları vahid xalq kimi Azərbaycançılıq ideologiyasından kənarda deyil. Onların hər biri bu ideologiyanın tərənnümünə çalışmalıdır. Azərbaycançılıq ideologiyasının, ideyasının, fəlsəfi fikrinin tarixi çox qədimdir, kökü dərindir. Amma onu bir ideologiya kimi mərhum prezident Heydər Əliyev gündəmə gətirərək təbliğ edib. Ondan sonra isə Azərbaycanın görkəmli övladları tərəfindən əsası qoyulan Azərbaycançılıq ideologiyası bir mənəvi, ictimai-siyasi xətt kimi geniş şəkildə yayılmağa başlayıb”.
Ə.Əsgəroğlunun bildirdiyinə görə, Azərbaycan yazarlarının bu ideya əsasında yazdığı əsər nəinki burada yaşayan, eləcə də müxtəlif xarici ölkələrin vətəndaşı olan soydaşlarımıza da müsbət təsir edir. Onun dediyinə görə, qələm adamlarının yönü xarici məmləkətlərə düşən kimi onların ilk işi oradakı azərbaycanlıları bir araya gətirərək onlara Azərbaycan sevgisini, Azərbaycançılıq ideyasını təbliğ etməkdir. Ə.Əsgəroğlu bildirdi ki, mart ayında baş tutacaq Dünya Azərbaycanlılarının növbəti qurultayı da Azərbaycan birliyi naminə qeyd ediləcək: “Deyərdim ki, başqa yaradıcılıq qurumları ilə müqayisədə Azərbaycan Yazıçılar Birliyi bu sahədə daha çox iş görür. Xarici səfərlərə gedəndə əsas işimiz Azərbaycan sevgisini, yurd-torpaq məhəbbətini təbliğ eləməkdən ibarət olur. Çalışırıq ki, soydaşlarımıza Azərbaycançılıq ideologiyasını dərindən izah edək. Onların Azərbaycan haqda müsbət fikri olmalıdır ki, digər xalqlara da Azərbaycanı sevdirə bilsinlər. Qarşıdan Dünya Azərbaycanlıları Konqresinin qurultayı gəlir. Bu qurum da bu ideologiyanın təbliğatı üçün qurulub. Hər bir azərbaycanlının vəzifəsi bu ideyaya, bu konsepsiyaya sadiq qalmaqdır. Hesab edirəm ki, yaxın gələcəkdə bu ideologiya özünün bütün tərəfləri, mahiyyətilə şüurlara, beyinlərə köçəcək. Yazıçılar Birliyi də bir yaradıcı təşkilat kimi bu ideyanın yüksəlməsi üçün əlindən gələni edəcək. Bu bizi ən çox düşündürən məsələlərdən biridir”.
Azərbaycan Kinematoqraflar İttifaqının katibi Əsəd Əsədov da təmsil etdiyi qurumun Azərbaycançılıq idelogiyasına müsbət yaşandığını dedi. Ə.Əsədov bildirdi ki, Kinematoqraflar İttifaqının xəttilə keçirilən bütün tədbirlərdə, görüşlərdə bu ideyanın təbliğatına xüsusi yer ayrılır: “Bizim qurum bu məsələyə həmişə ürəklə yanaşıb. Etiraf edək ki, 20 il bundan əvvəl Azərbaycançılıq ideologiyası barədə danışan indiki kimi çox deyildi. Uzaqbaşı bir neçə adam bu ideya haqda düşünürdü. Dövlət müstəqilliyinə qovuşduqdan sonra isə bu ideologiya ətrafında geniş söhbətlər açılır. Xaricdə və ölkəmizdə keçirilən kino festivallarında bu barədə danışılır. Düzdür, sırf Azərbaycançılıq ideologiyasını tərənnüm edən bədii filmimiz yoxdur. Müəyyən filmlərdə bu xətt keçir. Amma bu mövzuda kifayət qədər sənədli film çəkilib. Bizim “Salnamə” və “Yaddaş” sənədli film studiyalarında ekranlaşdırılan filmlər sırasında bu ideyanı təbliğ edən filmlər var. Kino işçiləri də çalışır ki, öz sahəsində bununla bağlı söz desin. Sözsüz, hər bir Azərbaycan vətəndaşı bu ideologiyaya bağlı olmalıdır. Onun daha geniş yayılması üçün böyük işlər görülməlidir”.
Azərbaycan Bəstəkarlar İttifaqından isə bildirdilər ki, hələ Sovet dövründən bu yaradıcılıq qurumunda Azərbaycançılıq ideologiyası müxtəlif vasitələrlə təbliğ edilib. Bu ideyanın ən böyük daşıyıcılarından biri dahi bəstəkar Üzeyir Hacıbəyov olub. İttifaqdan verilən məlumata görə, bu təşkilatın üzvü olan bəstəkarlar bu mövzuda yüzlərlə əsər bəstələyib.
Azərbaycan Rəssamlar İttifaqından da dedilər ki, bu sahədə işlər görülür. Qurumdan bildirdilər ki, hər bir rəssam Azərbaycan sevgisini tərənnüm edən əsərlər çəkir, xaricdə keçirilən təsviri incəsənət sərgilərində o əsərlərə üstünlük verilir.
Memarlar İttifaqının məsul katibi Yaşar Baharlının sözlərinə görə, ittifaq üzvləri Azərbaycançılıq ideologiyasını əsasən öz yaradıcılığında yaşadır. Onlar çalışır ki, tikdikləri binalarda milli memarlıq ənənələrini yaşatsın: “Memarlarımıza həmişə tövsiyə edilir ki, tikdikləri binalarda Azərbaycanın milli memarlığının elementlərindən geniş şəkildə istifadə etsin. Əsas müddəalardan biri odur ki, yaxşı, hündür, bütün normalara cavab verən, konstruksiyası möhkəm binalar tikilsin. Əlbəttə ki, bu binaları 15-ci əsrdəki kimi tikmək olmaz. Amma tikilən binaların üzərində dekorativ naxışlar, “arka” və s. olur. Azərbaycançılıq ideologiyası milli memarlıqda öz uyğun həllini tapır”.
Y.Baharlı həmçinin bildirdi ki, Memarlar İttifaqı üzvlərinin çoxu azərbaycanlıdır. Onun dediyinə görə, burada yəhudi, rus xalqının da nümayəndələri fəaliyyət göstərir: “Bir yaradıcı təşkilat kimi Azərbaycançılıq ideologiyasına sadiqik. Dövlətimizin bu siyasətini həmişə dəstəkləmişik və təbliğ etmişik. Bizim qurumun üzvlərinin çoxu azərbaycanlıdır, çox az hissəsi isə qeyri-millətlərin nümayəndələridir. Bütün tədbirlərdə onlar da iştirak edir. Hamımız Azərbaycançılıq ideyası ətrafında birləşirik. Demək istəyirəm ki, onlara da heç bir ayrı-seçkilik qoymuruq”.
Teatr Xadimləri İttifaqı, Azərbaycan Aşıqlar Birliyi və başqa yaradıcı təşkilatların nümayəndələrinin isə Azərbaycançılıq ideologiyası ilə bağlı fikirlərini öyrənə bilmədik.
Yazı Aəzrbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur