Yazıçılar Birliyində Çingiz Abdullayevlə görüş keçirilib

Azərbaycan Yazıçılar Birliyində (AYB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Tələbə həftəsi” çərçivəsində AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayevlə görüş təşkil olunub. APA-nın məlumatına görə, görüşdə çıxış edən Çingiz Abdullayev əvvəlcə tələbələri beynəlxalq tələbə günü münasibətilə təbrik edib: “Vaxtaşırı gənclərlə görüş keçirir, onların suallarını cavablandırıram. Yazıçıya qiymət oxucular tərəfindən verilməlidir. Əgər yazıçı özünü dahi, görkəmli, əvəzolunmaz hesab edərsə, o zaman heç nə yaza bilməyəcək. Yazıçı daim öz üzərində işləməli və kitab yazmalıdır ki, onu oxusunlar”.

Atasına həsr etdiyi “Qatil üçün qran-pri” əsəri ilə bağlı sualı cavablandıran Ç. Abdullayev deyib: “Atamla çox yaxın dost olmuşuq. Atam il yarımdır dünyasını dəyişib, ancaq o dəhşətli ağrı məndə hələ davam edir. Atam çox xoşbəxt ata olub, çünki Azərbaycan yazıçıları arasında ilk dəfə mənim atam sağlığında oğlunu xalq yazıçısı kimi görüb. Bu, məni də bir övlad kimi çox bəxtiyar edir”.

Ç. Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, sevdiyi yazıçı Natiq Rəsulzadədir və bu gün də onun yanındadır: “Tələbə olanda onun kitablarını oxumuşam. Təbii ki, o zamanlar onunla görüşlər keçiriləndə mən də iştirak edirdim. Bu baxımdan çox xoşbəxt insanam ki, bəzi dahi şəxsiyyətləri – Mirzə İbrahimov, İsmayıl Şıxlı, Süleyman Rüstəmi görmüşəm və onlarla birgə işləmişəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO