Yazıçılar Birliyi ilk Xalq yazıçısından da imtina etdi

Azərbaycanın ilk Xalq yazıçısı Aleksandr Şirvanzadə kim olub?

Moskvada yaşayan tanınmış Azərbaycan yazıçı Çingiz Hüseynovun Modern.az-a verdiyi müsahibəsində Azərbaycanın ilk Xalq yazıçısının erməni olması ilə dediyi fikirlər müzakirələrə səbəb olub. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Aleksandr Şirvanzadənin Azərbaycanın xalq yazıçısı olmasını təkzib edib.

“Yazıçılar Birliyi olaraq, deməliyəm ki, Azərbaycanın Aleksandr Şirvanzadə adında Xalq yazıçısı olmayıb. İlk dəfə 1956-cı ildə Xalq şairi fəxri adı Səməd Vurğuna verilib. Çingiz Hüseynov bu məsələdə yanılır, ya da nəyisə dəyişik salır”.

Modern.az Ədalət Əsgəroğlunun dediyi sözlərə aydınlıq gətirir.

Kimdir Aleksandr Şirvanzadə?

Əslən erməni olan Şirvanzadə (Movsesyan) 1859-cu ildə Şamaxıda doğulub. Ömrünün ilk on beş ilini burada keçirib. 15 yaşı olanda Bakıya gəlib. Səkkiz il burada yaşayıb. 1905-1910-cu illərdə o, Parisdə yaşayıb. Daha sonra, 1910-1915-ci illərdə çar Rusiyasına qayıdıb və Tiflisdə məskən salıb. A.Şirvanzadə “Xaos”, “Namus”, “Hami”, “Neft zavodunda yanğın”, “Cinli”, “Şərəf üçün”, “Fatma və Əsəd” kimi əsərlərin müəllifidir.

A. Şirvanzadə 1935-ci il avqustun 7-də Kislovodskda dünyasını dəyişib və İrəvanda dəfn olunub.

Qeyd edək ki, Ermənistanda, Qafan şəhərində A.Şirvanzadənin adını daşıyan teatr fəaliyyət göstərir.

Şirvanzadə Azərbaycanın xalq yazıçısı imiş

Aleksandr Şirvanzadə ortada əyləşən eynəkli və əsalı şəxsdir

Əkbər Yerevanlı adlı müəllif “Şirvanzadə və Azərbaycan mühiti” məqaləsində qeyd edir ki, Şirvanzadə Azərbaycanın Xalq yazıçısıdır: ”Aleksandr Şirvanzadə öz həyatı və yaradıcılığı ilə nə qədər ermənidirsə, bir o qədər də azərbaycanlıdır. O, hər iki xalqa, hər iki ədəbiyyata xidmət edən ölməz sənətkardır. Heç təsadüfü deyildir ki, Zaqafqaziya respublikaları içərisində birinci olaraq Azərbaycanda ona Xalq yazıçısı adı verilib”.

Şirvanzadə “Azərbaycanın Xalq yazıçısı” adına 1930-cu ildə layiq görülüb. Eyni ildə ona “Ermənistan SSR-in Xalq yazıçısı” adı verilib.

İlk Xalq şairimiz Səməd Vurğundur. O bu ada 1956-cı ildə, ölümündən bir neçə ay əvvəl layiq görülüb. Maraqlıdır ki, 26 il ərzində heç kimə “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adı verilməyib. Səməd Vurğundan 4 il sonra, 1960-cı ildə Süleyman Rəhimova “Xalq yazıçısı” fəxdri adı alıb. Bir il sonra isə bu titul Mirzə İbrahimova verilib. Elə isə A.Şirvanzadə bu adı necə ala bilərdi?

Nəriman Nərimanov Moskvaya təyinat aldığı 1922-ci ildən Mir Cəfər Bağırovun hakimiyyətə gəldiyi 1933-cü ilə qədər Azərbaycan SSR-ni qısamüddətə də olsa, milliyyətcə azərbaycanlı olmayan şəxslər idarə edib. 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifəsində Nikolay Gikalo, 1930-1933-cü illərdə isə milliyyətcə yəhudi olan Vladimir Polonski çalışıb. Bu səbəbdən A.Şirvanzadəyə Xalq yazıçısı adının hansı katibin zamanında verildiyini müəyyənləşdirmək çox çətin məsələdir.

Çünki Azərbaycan ədəbiyyatında adı belə qalmayan Şirvanzadəyə “Xalq yazıçısı” adı veriləndə Azərbaycan nəsrinin böyük ustadı Cəlil Məmmədquluzadə həyatda idi. Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli də sağ idi, ancaq onlara fəxri ad vermək heç kimin yadına düşməyib.

Cəlil Məmmədquluzadə, Haqverdiyev, Abdulla Şaiqlə dostluq

O zamankı araşdırmaçılar Aleksandr Şirvanzadənin Cəlil Məmmədquluzadə və Abdulla Şaiqlə dostluq münasibətləri olduğunu da yazıblar. Şirvanzadənin Haqverdiyevlə daha yaxşı münasibətləri varmış.

1929-cu ildə Zaqafqaziya yazıçılarının İrəvan, Bakı və Tiflisdə keçirilən görüşləri zamanı Şirvanzadə ilə Haqverdiyev arasında maraqlı dialoq olur. Abdulla Şaiq “Haqverdiyev haqqında xatirələrim”də bu barədə yazır:
“1929-cu ildə Gürcüstan və Ermənistan şairləri ilə görüşə getmişdik. Başçımız Haqverdiyev idi. Şirvanzadə də bizimlə bərabər idi. Əbdürrəhim bəy Haqverdiyev Şirvanzadə ilə köhnədən dost idi. İrəvanda söhbət üçün bir gün Əbdürrəhim bəy Haqverdiyevin yanına getdim. Erməni artistlərinin səhnədə göstərdikləri milli rəqslərdən və bu iki xalqın həyat, adət, musiqi və rəqslərinin bir-birinə nə qədər yaxın olduğundan danışırdılar. Şirvanzadə dedi: “Mən Azərbaycan həyatından yazmışam. Siz də erməni həyatından yazmalısınız”. Haqverdiyev erməni həyatından yeni əsər yazmağa söz verdi. O, verdiyi vədi unutmadı. Haqverdiyev Azərbaycan və erməni xalqlarının dostluğunu əks etdirən “Çox gözəl” (1931) adlı bir pyes yazdı. (“Azərbaycan gəncləri” qəzeti, 12/XII 1948. N149(4473).

Erməni dilinin böyük müdafiəçisi Azərbaycan dilində yazırdı

Daha bir maraqlı fakt. 1833-cü ildə “Kəşkül” jurnalının redaktoru və naşiri Cəlal Ünsizadə ondan Azərbaycan həyatından bir əsər yazmasını xahiş edir. A.Şirvanzadə bu xahişi yerinə yetirir və həmin il “Fatma və Əsəd” hekayəsini yazır. Cəlal Ünsizadə hekayəni “Kəşkül”də çap edir.

Əkbər Yerevanlı adlı müəllif yazır ki, Şirvanzadə erməni dilinin böyük müdafiəçilərindən olub: “O, səlis, təmiz erməni dilində yazmağı, kütləvi xarici təsirlərdən uzaqda durmağı tələb edir və özü belə yazırdı. O, Xaçatur Abovyanın Azərbaycan sözlərilə qarışıq dilini, erməni ədəbi dil tarixində böyük rol oynamasına baxmayaraq, bəyənmirdi. Çünki Abovyan erməni dilinin bir ləhcəsində yazmış və həddindən çox Azərbaycan sözləri işlətmişdi”.

Yazıçılar Birliyində “oğurluq”

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşıb, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi.

1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının I ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının I (13.01.1928) və II qurultayı (20.X.1929) çağrıldı.

ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı.

A.Şirvanzadə Azərbaycan yazıçılarının I qurultayında iştirakı danılmazdır. Bunu isbatlayan fotoşəkildə Rəşid bəy Əfəndiyev, V.Vişnevski, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğunla bərabər, A.Şirvanzadə də əks olunub. Bu şəkil bir neçə gün öncəyə qədər Yazıçılar Birliyinin saytında var idi. Lakin indi həmin şəkil saytın “Foto Albom” bölməsindən çıxarılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO