Yazıçılar Birliyi “El içində ” proqramının son buraxılışının orijinalını göstərməyi təklif etdi

ATV kanalında yayımlanan “El içində” verilişi “SOY prodakşn”ın layihəsi olmaqla, əsasən cəmiyyətdə hər kəsi maraqlandıran mövzuları gündəmə gətirir və buna müxtəlif statuslu insanların münasibətini öyrənir. Proqramın bir neçə sayında ədəbi proses, müasir ədəbiyyatımızın hansı səbəblərdən inkişaf etməməsi müzakirəyə çıxarılıb.

Əksər hallarda da bu prosesin ləng getməsində Azərbaycan Yazıçılar Birliyi ittiham edilib. Bura dəvət edilən yazıçı və şairlər əsasən Birliyin fəaliyyətsiz olduğunu, ədəbiyyatın tərəqqisi üçün heç bir iş görmədiyini iddia edir.

“El içində” verilişinin son buraxılışı yenə də Yazıçılar Birliyinə həsr edilmişdi. Burada AYB-yə qarşı ciddi fikirlər səsləndirildi. Qeyd edək ki, proqramda AYB-nin mətbuat xidmətinin rəhbəri, şair-publisist Ədalət Əsgəroğlu da iştirak edirdi. O, Birliyə ünvanlanan ittihamları mümkün qədər zərərsizləşdirməyə çalışırdı. Verilişin nümayişi başa çatdıqdan sonra Ə.Əsgəroğlu “Bakı Xəbər”ə gələrək aparıcı Elçin Əlibəylidən narazılığını bildirdi. O, dedi ki, ATV kanalına və onun rəhbərliyinə böyük hörmət bəsləyir və bu kanalda hazırlanan əksər verilişlərə maraqla baxır. E.Əlibəylinin müəllifi və aparıcısı olduğu “El içində” verilişinə isə o qədər yaxşı münasibəti yoxdur. Ə.Əsgəroğlunun sözlərinə görə, “El içində”nin aparıcısı E.Əlibəyli AYB-ə qarşı həmişə qərəzli olub və bu qurumun fəaliyyətsizliyi haqda cəmiyyətdə fikir formalaşdırmağa çalışıb: “ATV kanalı axır vaxtlar özünün maraqlı proqramları ilə, ədəbiyyata verdiyi böyük dəyərlə xeyli seçilir. Burada milli-mənəvi dəyərlərimizin təbliğilə bağlı bir neçə proqram mövcuddur. Mən bir neçə dəfə “İrsimiz” verilişində iştirak edib özümün irfan şeirlərimi oxumuşam. İlin-günün bu vaxtında şou bolluğunda onların irfan şeirlərinə yer ayırmasını mən çox dəyərləndirirəm. Elçin Əlibəylinin müəllifi və aparıcısı olduğu “El içində” proqramı haqda isə təəssüf ki, bu fikirləri söyləyə bilmərəm. Bu proqramda həmişə AYB hədəf götürülür, yersiz olaraq tənqid edilir. Ora öyrədilmiş adamlar dəvət edilərək, Yazıçılar Birliyi haqda mənfi fikirlər söyləyirlər. Sonuncu veriliş də AYB-ə həsr olunmuşdu. Mən bu proqramda iştirak etmək istəmirdim. Amma onların xahişini nəzərə alaraq, Birliyin nümayəndəsi kimi proqrama qatılmağa razılıq verdim. Fikrim o idi ki, səsləndirilən bütün ittihamlara cavab verim. Mən proqramın çəkilişində öz fikirlərimi necə lazımdırsa çatdırdım. AYB-ni tənqid etməyin yersiz olduğunu dedim. Lakin verilişə baxdıqdan sonra bunların heç birini görmədim. Güman edirəm ki, mənim “aciz” təqdim edilməyim tamaşaçıda müəyyən suallar doğurub. Yəqin onlara elə gəlir ki, mən o tənqidləri cavabsız buraxmışam. Amma elə deyil. Elçin Əlibəyli soruşur ki, niyə müəyyən yazarları AYB-dən xaric etmisiniz? Bizi dözümsüzlükdə günahlandırır. Mən də ona dedim ki, hər şey AYB-nin nizamnaməsinə uyğun şəkildə baş verib. “El içində”nin canlı olmasını çox istərdim. Belə olsaydı, Elçin Əlibəylinin də, dəvət edilən qonaqların da səviyyəsi bilinərdi. O yalnız məni deyil, dəvət etdiyi əksər qonaqları təhqir edir. Çıxışları isə öz istəyinə uyğun şəkildə montaj edir. Elçin deyir ki, AYB onlardan tutulan vergi hesabına fəaliyyət göstərir. Mən də ona cavab verdim ki, AYB “Kral” sosiska və kolbasalarını, ət və süd məhsullarını reklam edib millətə sırımaqla pul qazanmır ki Təəssüf ki, bunlar göstərilmədi. Burdan pul qazanmaq Elçin Əlibəylinin öz işidir. O istəsə hərbi paltar da geyə bilər, həkim xalatı da, hətta sanitar həkim də ola bilər, biz onun işinə qarışmırıq. Amma onun başqalarının işinə müdaxilə etməsi də yaxşı hal deyil. O, öz qonaqlarının fikirlərini kəsməklə, montaj etməklə camaata özünün ağıllı, başqasının dayaz olduğunu göstərmək istəyir. Elçin Əlibəyli bu fonu yaratmaq istəsə də, heç cür öz zəifliyini gizlədə bilmir. O çox səhv edərək ədəbiyyatı şoulaşdırır, ədəbiyyat adamlarını o prosesə cəlb etmək istəyir. Bəziləri sadəcə populyarlıq naminə verilişə qatılır ki, bəlkə AYB-ni tənqid etməklə bir qədər tanına bildi. Müəyyən adamlar ATV-yə hörməti olduğu üçün bu proqrama qonaq qismində gəlir. Bir qisim adamları isə Elçin Əlibəyli xahiş-minnətlə ora aparır. AYB rəhbərliyi də həmin verilişə nümayəndə göndəribsə, bu da ATV kanalına hörmətdən irəli gəlib. Bundan sonra Birlik rəsmiləri, üzvləri bu proqrama getməyəcəksə, günahı onlarda yox, özündə axtarsın. Çünki onun verilişi səviyyəsiz, özü isə çox qərəzlidir. Peşəkar aparıcı bu şeylərdən çox-çox üstün olmalıdır. Amma təəssüf ki, bunu Elçin Əlibəyliyə aid etmək olmaz. Eşitdiyimə görə, artıq ciddi ədəbiyyat adamlarının bir çoxu o proqrama getməyəcək. Elə biz özümüz də. Çünki orada söhbət ədəbiyyatdan, onu inkişaf etdirməyin yollarından, səviyyəsini qaldırmaqdan yox, qərəzdən, şantajdan, dava-qalmaqaldan, bir sözlə- ədəbiyyata dəxli olmayan şeylərdən gedir”.

Ə.Əsgəroğlunun dediyinə görə, artıq AYB rəsmi olaraq E.Əlibəylinin bu proqramını boykot edib. O dedi ki, özünə hörmət edən ciddi qələm adamları bu proqrama şəxsi qərəzliklə ərsəyə gətirilən bir veriliş kimi baxır. “Şairlər, yazıçılar xahiş-minnətlə dəvət olunur, sonra isə təhqir edilir. Özü də ədəbiyyata, mənəviyyata dəxli olmayan adamlar tərəfindən. Mənim də dəvət edildiyim bu proqramda Zümrüd Yağmur deyir ki, mən Anar müəllimi tərifləyən bir yazı yazdım, sonra o məni irəli çəkdi. Ağ yalandır. Anar müəllim belə hərəkət etməyib. ATV rəhbərliyilə Anar müəllimin çox gözəl münasibəti var. Bizə haqlı irad tutulanda onunla razılaşırıq. Amma onun əsası olmayanda narahat oluruq. Məni əsas narazı salan odur ki, ötən verilişlərdən birində yazıçı-jurnalist Hafiz Mirzəni və şair Qəşəm Nəcəfzadəni təhqir etdilər. Mən onları yox, haqqı müdafiə edirəm. Nə üçün ictimaiyyətin əxlaqını, tərbiyəsini pozan şou müğənniləri nüfuzlu bir yazıçını, şairi hamının gözü qarşısında təhqir etsin və Elçin Əlibəyli də buna şərait yaratsın? Camaat elə bildi ki, ya Qəşəm zəif şairdir, ya da Hafiz Mirzə savadsızdır. Əslində isə ədəbiyyatla maraqlanan adamlar onların kim olduğunu bilir”.

Ə.Əsgəroğlunun sözlərinə görə, E.Əlibəyli həm də AYB-ni geridəqalmışlıqda günahlandırır: “O deyir ki, AYB müasirliyi qəbul etmir, tənqidlərə dözümsüz yanaşır, ədəbiyyatın inkişafında heç bir iş görmür. O nə danışdığını bilmir. Bu məsələdə də qərəz nümayiş etdirir. Deyir ki, AYB-nin “Bayatı” kitab mağazasında nə üçün Birlik üzvü olmayan yazıçı və şairlərin kitabları satılmır? Mən də ona dedim ki, satılır, kim istəyir gətirib öz kitabını qoya bilər ora. Bizə yönəlik ittihamların hamısı haqsızdır. Həm AYB ilə bağlı, həm də digər məsələlərlə bağlı istər Elçin Əlibəyli, istərsə də başqaları ilə üzbəüz debata çıxmağa hazıram. Hansı telekanal bu təşəbbüsdə olsa, onları alqışlayaram”. Ə.Əsgəroğlu sonda bildirdi ki, onun fikirləri təhrif edilib. E.Əlibəyli bununla razılaşmırsa, o çəkilişin montaj edilmiş variantını deyil, əslini Mətbuat Şurasına göndərsin: “Şura rəsmiləri bunu araşdırsın, kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarsın”. Əlavə olaraq redaksiyamız adından bildiririk ki, hörmətli Ədalət Əsgəroğlunun hörmətli Elçin Əlibəyli və onun “El içində” proqramı ilə bağlı dediklərinin heç də hamısını bölüşmürük və bunları onun şəxsi fikri kimi təqdim edirik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO