Ədəbiyyət və incəsənət bütün dörlərdə hərbi-vətənpərvərliyin təbliğində xüsusi rola malik olub. Təəssüf ki, müasir Azərbaycan ədəbiyyatı hələ ki, hərbi qələbələrimizin və məğlubiyyətlərimizin emosiyalarını ifadə edə bilmir. Uzun illərdir müharibə şəraitində yaşayan ölkəmiz üçün isə bu çox vacibdir.
Bəzi ziyalıların fikrincə, Qarabağ müharibəsində müvəqqəti məğlubiyyətimizin əsas səbəbi silahımızın deyil, məhz şüurumuzun gücsüzlüyü ilə bağlıdır. Qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da hərbi tərbiyə ailədən başlanmalıdır. KİV-də, xüsusilə də telekanallarda yersiz reklamların, mənəviyyatımızı korlayan bayağı şouların əvəzinə hərbi yönümlü verilişlərin, dərsliklərdə ordu ilə bağlı materialların artırılmasının vacibliyi vurğulanır.
Belə bir zamanda hamı ədəbi xadimlərin, tarixçilərin irəli düşəcəyini gözləyir. Unutmayaq ki, hər dövrün ədəbiyyatı öz vaxtında yaranır. Bizim yazıçı və şairlərimiz isə hələ gözləmə mövqeyindədirlər. Hərbi mahnılarırımız üçün mətnlər az yazılır. Halbuki, bu gün bizə daha ağıllı və emosional ədəbi əsərlər gərəkdir.
Düzdür, Qarabağ müharibəsilə bağlı bir neçə film çəkilib, bir sıra əsər yazılıb, mahnılar bəstələnib. Amma ümumilikdə görülən işlər vətənpərvərlik ruhunun təbliğinə kifayət etmir. Mərhum kinorejissor Ceyhun Mirzəyevin «Fəryad» filmini, tanınmış bəstəkar Cavanşir Quliyevin «Əsgər marşı»nı çıxmaq şərtilə, xüsusilə də gənclərin Qarabağ müharibəsi mövzusuna aid digər film və mahnılar, şerlər barədə bilgisi çox azdır. Təbliğat işi isə təkcə KİV-in üzərinə düşmür, təşəbbüs həm də yazıçı və şairlərin, bəstəkarların, kinorejissorların özündən gəlməlidir.
Tanınmış şair və yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin tez-tez ön cəbhəyə gedib əsgərlərlə görüşməsi hərbçilərdə vətənə, torpağa məhəbbəti, döyüş ruhunu daha da möhkəmləndirə bilər.
Azərbaycan Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik şöbəsi var. Maraqlıdır bəs bu şöbənin fəaliyyəti nədən ibarətdir?
Yazıçılar Birliyin mətbuat katibi Ədalət Ələsgəroğlu Modern.az-a bildirib ki, qurumun Hərbi-vətənpərvərlik şöbəsinə şair Zəlimxan Yaqub rəhbərlik edir.
“Yazıçı və şairlərimiz əsgərlərlə görüş keçirirlərmi” sualına cavab olaraq Ədalət Əsgəroğlu belə cavab verib: “Yox. Sözün düzü görüşlərimiz olmayıb. Biz görüşləri o zaman keçiririk ki, bizi dəvət etsinlər. Onda həmin dəvət əsasında hərəkət edirik”.
Ə.Əsgəroğlu deyib ki, ədiblər bu il yalnız bir dəfə – yayda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin dəvətilə bu Silahlı Qüvvələrin hərbi hissəsində hərbçilərlə görüşüblər. Həmin görüşdə 30-a yaxın yazıçı və şair iştirak edib.
”Ədiblərimiz orada sərhədçilərin qarşısında çıxış ediblər və onlara hərbi-vətənpərvərlik mövzusunda yazılan kitablar bağışlayıblar”-deyə Ə.Əsgəroğlu bildirib.
Yazıçılar Birliyinin mətbuat katibi deyib ki, Müdafiə Nazirliyindən onlara belə dəvətlər gəlmir.
”Ona görə Milli Ordunun əsgərləri ilə bizim görüşlərimiz olmayıb. Sözün düzü bizim şair və yazıçılarımız belə görüşlərin keçirilməsində maraqlıdırlatr. Amma gərək dəvət olsun ki, biz də hərəkət edə bilək. Biz özbaşına hərəkət edə bilmərik”.
Ə.Əsgəroğlunun sözlərinə görə, yazıçı və şairlərin özləri dəfələrlə cəbhə bölgələrindəki hərbi hissələrdə görüş keçirmək təşəbbüsündə olublar. Ancaq buna imkan yaradılmayıb. Müsahibimiz deyib ki, “yaxşı olardı Müdafiə Nazirliyi tez-tez yazıçılarımızın əsgərlərimizlə canlı görüşlərini təşkil etdin”.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün Müdafiə Nazirliyi (MN) ilə də əlaqə saxladıq. Soruşduq ki, yazıçı və şairlər hərbçilərlə görüşlərə niyə imkan yaradılmır?
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirdi ki, MN dəfələrlə millət vəkillərinin, qeyri-hökümət təşkilatları və mətbuat nümayəndələrini hərbçilərlə ardıcıl görüşlərini təşkil edib, cəbhə bölgələrindəki hərbi hissələrə səfərlər olub.
“Yazıçılar Birliyinin Müdafiə Nazirliyinə nə zaman müraciət etdiyini mən xatırlamıram. Bəlkə də yazıçılar elə vaxt müraciət ediblər ki, o zaman görüş təşkil edə bilməzdik, ya hərbi hissələrdə təlimlər olub, ya da cəbhə xəttində təhlükəsizlik baxımından münasib vəziyyət olmayıb. Yəni hər an cəbhədəki hərbi hissədə görüş keçirmək olmaz. Bizə müraciət daxil olanda, ona baxılır. Əgər Yazıçılar Birliyindən belə müraciət olunsa, onları hərbi hissələrə aparmağa hazırıq”-deyə T.Abdullayev bildirib.
Nazirlikdə hesab edirlər ki, yazıçı və şairlərin ön cəbhədəki hərbi hissələrə gedib, səngərdə dayanan əsgərlərlə görüşməsi yaxşı olardı. Müdafiə Nazirliyi hesab edir ki, bütün yaradıcılıq təşkilatlarının Silahlı Qüvvələrlə bağlı iş planları olmalıdır.
Müharibə gedən ölkədə düşmənlə üz-üzə dayanan hərbçinin hər zaman mənəvi dəstəyə ehtiyacı var. Ədəbiyyat təkcə mənəvi dəstək deyil, həm də silahdır.