Oktyabrın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda bir il bundan əvvəl dünyasını dəyişmiş tanınmış yazıçı Əlibala Hacızadənin xatirəsini anma mərasimi keçirilib. AYB-in mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu, yazıçı Nahid Hacızadə, tənqidçi Vaqif Yusifli ədib haqqında ürək sözlərini söyləmiş, onun işıqlı xatirəsinin daim yaşayacağını bildiriblər. Prezident təqaüdçüsü, şair İlyas Tapdıq, şairlərdən Fikrət Sadıq, Xeyrəddin Qoca, Musa Ələkbərli, Fəxrəddin Meydanlı yazıçının həyat və fəaliyyəti haqqında söhbət açıblar. Mərasimdə Bakı Dövlət Universitetinin professoru Hikmət Mahmud, mərhum yazıçının dostu Əlövsət Bəşirli, “Ədəbiyyat” qəzetinin şöbə müdiri Atabala İsmayıloğlu və başqaları onu “nəsrimizin nəğməkarı” adlandırıblar. Natiqlər yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyasının dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqat əsəri olduğunu bildiriblər. Sonda mərasimin iştirakçıları yazıçının öz səsində “Dünya” şeirini dinləyiblər.