Xocalı soyqırımı: bəşəri cinayətdən 19 il ötür

Bu gün erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərində törətdiyi bəşəri cinayətin-soyqırımının 19-cu ili tamam olur. Bu soyqırımı 1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biridir. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələrinin oxşarıdır.

Xocalı Yuxarı Qarabağın mərkəzi Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş bir qrup ahıska türkü də Xocalıda məskunlaşmışdılar.
Xocalıda əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olurdu. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gedib. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdi. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur oldu. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsildi və onlar gülləbarana tutuldular. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi.

Bu hadisəyədək Xocalını tərk edə bilməyən və erməni əhatəsində qalan təqribən 2500 nəfər əhali azərbaycanlılar yaşayan Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Şaxtalı və qarlı fevral gecəsində dinc xocalı sakinləri, şəhərin müdafiəsində dayanmış hərbçilərimiz qətlə yetirildi, əsir və girov götürüldü. Erməni vəhşilərindən yayınıb meşələrə, dağlara qaçan onlarla Xocalı sakini soyuqdan, şaxtadan məhv oldular…

Erməni cəlladlarının bu vəhşi cinayəti sayəsində Xocalı əhalisindən 613 nəfər öldürüldü, 487 nəfər (76-sı uşaq) şikəst oldu, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldı. 190 nəfər hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır, onların taleyi məlum deyil. Xocalıda öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca idi.

Xocalıda 8 ailə bütövlükdə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi. Onlar diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. Ermənilər hətta meyitləri də təhqir etdilər…
Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi.
Azərbaycan dövlətinin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu.

Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Onların gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olundu. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edildi.

Azərbaycan Respublikasının mərhum eks-prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı soyqırımı haqda xüsusi Fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman verilib.

Bu gün “Xocalı soyqırımının 19-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na əsasən, Bakının Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalıdan olan məcburi köçkünlərin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri, nümayəndəlikləri və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında Xocalı soyqırımına həsr olunmuş materialların hazırlanması və yayılması nəzərdə tutulub.

Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər və s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək.

Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Naftalan, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) şəhid ailələrinə yardım göstəriləcək.

Saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO