Xarici serialların qadağası telekanalların reytinqini aşağı salıb

Mayın 1-dən Milli Televiziya və Radio Şurası tərəfindən (MTRŞ) Azərbaycan telekanallarına xarici serialları yayımlamaq qadağan olundu.
”Bu zalım dünyada doğulma” (“Amaci”), “Haziran gecəsi”, “Gümüş”, “Kurtlar vadisi pusu”, Möhtəşən yüzil” kimi məşhur teleserialların yayımının yarıda qırılması minlərlə tamaşaçının narazılığı ilə qarşılandı.

Xarici teleserialların nümayişinə qoyulan qadağa heç şübhəsiz yerli kanalların reytinqinə təsirsiz ötüşməyib. Əvəllər məhz bu seriallara görə hansısa yerli teleməkana baxan Azərbaycan tamaşaçısı indi artıq pultun düyməsinə əl gəzdirərkən yalnız türk və ya rus telekanallarının üzərində dayanır.

Media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, Milli Televiziya və Radio şurasının qadağa haqda əvvəlcədən bildiriş verməsinə baxmayaraq, həm dövlət, həm də özəl kanallar buna hazır deyildi. Onun fikrincə, yerli telekanalların proqram strategiyası düzgün qurulmamışdı. Z.Məmmədli MTRŞ-nin bu qərarının qanun çərçivəsindən kənara çıxdığını deyib. Yerli teleməkanda bir boğunuqluğun yarandığını söyləyən ekspertin fikrincə, MTRŞ qərarı ləğv etməli, ən azı yüngülləşdirici addımlara getməli, ictimai önəmli xarici seriallara icazə verməlidir.

Azərbaycanda telekanalların reytinqini ölçən “SİAR” şirkətinin media monitorinqi şöbəsinin müdiri Gülər Əliyeva bildirib ki, o da bir tamaşaçı kimi bu qənaətdədir ki, xarici seriallara qoyulan qadağadan sonra yerli telekanallara baxış azalıb.
”Xarici serialların yayımının dayandırılmasından çox az müddət keçdiyindən reytinqin qalxıb-düşməsi barədə hələ dədiq heç nə deyə bilmərəm. Reytinq elə bir məsələdir ki, aylarla müşahidə apararaq yekun nəticəni açıqlamaq olar”.
G.Əliyeva bir müddət sonra bunu söyləməyin mümkün olacağını vurğulayıb.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də məsələ ilə bağlı fikirlərini Modern.az-a bildirib
“Seriallarla bağlı qadağa ciddi məsələdir, artıq 20 gündü bu proses başlayıb, hər şey zamanla öz axarına düşəcək. Yerli serialların çəkilişi ilə əlaqədar həm yeni iş yerlərinin açılması, aktyorlar, rejissorların işlə təmin olunması, gənclərin Azərbaycanın milli-mənəvi dəyərləri ruhunda tərbiyə olunması kimi çox ciddi məsələlər var. Ona görə də seriallar məsələsi çox ciddi məsələ kimi bizim nəzarətimizdədir.
Biz xarici serialları dayandırmaqla yerli teleməkanda boşluq yaratmaq fikrində deyildik. Biz insanlara seçim hüququ vermişik, əhali istər KATV, istər də peyk antenaları vasitəsilə xarici seriallara baxa bilər. Bizim məqsədimiz milli yayımçılarla bağlıdır. Milli yayımçıların cəmiyyət qarşısında öz məsuliyyəti var. Milli yayımılar Azərbaycanı milli seriallarla təmin etməlidirlər. Bu ciddi məsələdir, zamanla bu öz həllini tapacaq”.

N.Məhərrəmli sözügedən qadağanın telekanalların reytinqinə mənfi təsir edəcəyi fikrilə razı olmadığını deyib.

Televiziya tamaşaçısı, Qərb Universitetinin tələbəsi Sevinc Əsədova bu qənaətdədir ki, xarici seriallara qoyulan qadağa yerli kanalların reytinqinin düşməsinə səbəb olacaq. Onun fikrincə, xüsusilə regionlarda bu serialların böyük auditoriyası vardı ki, telekanallar artıq həmin auditoriyanı itiriblər və onları qazanmaq üçün keyfiyyətli milli seriallar ortaya qoyulmalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO