Xaricdə təhsil alan azərbaycanlı gənclərin problemləri müzakirə olunub

Bu gün “Azərbaycanlı gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının həyata keçirilməsində nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil olunub. SİA-nın xəbərinə görə, tədbiri Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə təşkil edib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavini Elmar Qasımov, Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları, təhsil ekspertləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AKTAM-ın sədri Natiq Əhmədov bildirib ki, təşkilat Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə layihə həyata keçirib. Onun sözlərinə görə, şura tərəfindən maliyyələşdirilən “Xarici ölkələrin ali təhsil sistemləri və yüksək reytinqli ali məktəblərinin məlumat bazasının yaradılması və yayılması” layihəsinin birinci mərhələsində 12 ölkənin ali təhsil sistemləri və yüksək reytinqli ali məktəbləri haqqında materiallar hazırlanaraq layihənin internet saytında (xaricdetehsil.internet.az) yerləşdirilib.

N.Əhmədov qeyd edib ki, layihənin ikinci mərhələsi çərçivəsində hazırlanan kitabda 14 ölkənin ali təhsil sistemləri və yüksək reytinqli ali məktəbləri haqqında materiallar nəşr olunub. Sonra isə təşkilatın sədri xaricdə təhsil alan gənclərin problemləri ilə bağlı məlumat verib və bir sıra təkliflər irəli sürüb.

“Ali təhsil üçün göndərilənlərin sayı istədiklərimizdən azdır. Bu gün bəzi tələbələrdə dil problemi var. Xaricdə təhsil almaq üçün universitetlərdə dil kursları təşkil olunsun. Xaricdə təhsilə ayrılan vəsait tam olaraq xərclənmir. Xaricdə təhsil alan tələbələrin piar kampaniyası zəifdir. Bu gənclər haqqında Azərbaycan cəmiyyətinin xəbəri yoxdur. Onlarla bağlı verilişlər hazırlanmalıdır və onlar təbliğ olunmalıdır. Təhsil Nazirliyinin tərkibində onlarla əlaqədar qurum yaradılmalıdır”, – deyə o əlavə edib.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd edib ki, azərbaycanlı tələbələrin xaricdə təhsil alması təhsil siyasətinin prioritet sahəsidir. Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələr iqtisadiyyat, kompyuter, tibb və digər sahələr üzrə oxuyurlar. Dövlətin hesabına təhsil alanların sayının 1000 nəfərə yaxın olduğunu deyən nazir bildirib ki, tələbələr əsasən Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, Amerika və digər ölkələrin universitetlərində təhsil almağa üstünlük verirlər.

Prezident proqramı ilə təhsil alanların sayının 500 nəfərə yaxın olduğunu deyən M.Mərdanov əlavə edib ki, bunların da 217-i bakalavr, 232-i isə magistratura və daha yüksək pillələrdə təhsil alır. “Azərbaycandakı təhsil sistemindəki bəzi problemlərə toxunan nazir söyləyib ki, xarici dili həftədə 1 dəfə məktəblərdə öyrənməklə bilmək olmaz. Məktəblərdəki müəllimlərin bir çoxu isə yaşlı və müasir texnologiyaları bilməyənlərdir. Bakı Dövlət Universitetində isə 90 fazi müəllimin yaşı 70-dən yuxarıdır. Bundan əlavə Azərbaycanda təhsillə məşğul olan QHT-lərin sayı azdır. Gələcəkdə bu təşkilatlarının sayının artırılmasına və onların dəstəyinə ehtiayc olacaq. Müəllimlərin ixtisasartırılması da ən böyük problemlərdəndir. Gələcək illərdə müəllimlər üçün yeni proqram elan ediləcək və bu proqramı udanlar ixtisasartırmadan keçəcəklər”,- deyə o əlavə edib.

Bakı Dövlət Universitetinin professor Şahlar Əsgərov bildirib ki, bu məsələdə şəxsi niyyətdən ümummilli niyətə keçməliyik. Onun sözlərinə görə, kimlərin xaricə göndərilməsi və onlar arasındakı nisbətin necə olmasına xüsusi diqqət yetirməliyik. Ş.Əsgərov məsləhət görüb ki, magistr və ya doktorontura pilləsində oxuyan gənclər xaricə göndərilməlidir.

Tədbirin davamında təhsil ekspertləri, QHT nümayəndələri bu və ya digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

sia.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO