Xanım jurnalistlərdən kimin imzası daha çox tanınır?

Mətbuatımızda kifayət qədər tanınan imzalar var. Bunlar içərisində kişi jurnalistlərin imzaları üstünlük təşkil etsə də, xanım jurnalistlər heç də onlardan geri qalmır. Onlar da əks cinsin nümayəndələri kimi silahdan da güclü qələmləri ilə sözlərini deyə bilirlər.

Modern.az saytı da cəmiyyətimizin tanınan və sayılıb-seçlən adamlarından hazırda mətbuatda çalışan xanım jurnalistlərdən kimlərin daha çox tanındığını öyrənməyə çalışıb. Əməkdaşımız “Azərbaycanda hansı məşhur xanım jurnalist imzasını tanıyırsınız” sualı ilə müraciət edib. Cavablar maraqlıdır:

Deputat Zahid Oruc mətbuatımızda hörmət etdiyi və yazılarını oxuduğu xanım jurnalistlərin olduğunu desə də, ad çəkmək istəmədi.
“ Xanım jurnalistlər Azərbaycan mediasının formalaşmasında, quruculuğunda və inkişafında böyük yerə malikdirlər. Və onların xeyli qismini tanıyıram. Hər zaman da onlara hörmətlə yanaşmışam. Xanım jurnalistlərsiz Azərbaycan mediasını təsəvvür etmək çətindir. İstər Modern.az saytında çalışan, istərsə də aparıcı media orqanlarında olan, çox böyük çətinliklərə və ağır iqtisadi şərtlərə baxmayaraq, bu illər ərzində imzasına hörmətlə yanaşan jurnalist xanımlar tanıyıram. Təəssüf ki, bilavasitə ad çəkməyəcəyəm. Xanım jurnalistlər həssas olurlar. Ona görə başqa jurnalistləri də incitmiş olaram. Amma onların ən azı 5-6-nın imzasını saymaq olar. Formalaşmış, istedadı, qələmi olan jurnalistlər var ki, onlar tanınırlar, hörmət olunurlar, ictimai mövqedə onların fikri nəzərə alınır. Yalnız sizin saytınızdan bir xanım jurnalist adı çəkə bilərəm ki, bu da Aytən Əliyevadır”.

Sorğumuzu cavablandıran teleaparcı və rejissor Mehriban Ələkbərzadə isə millət vəkilindən fərqli olaraq tərəddüd etmədən imzasını tanıdığı və sevdiyi xanım jurnalistlərin adlarını çəkdi: “Mənim oxuduğum imzalar içərisində az-az hallarda olsa da Vüsalə Mahirqızı, çox vaxt isə İradə Tuncay olur. Cavan nəslin nümayəndələrindən isə Günel Mövludun yazıları mənim üçün çox maraqlıdır. Modern.az saytından isə özünü və yazılarını çox bəyəndiyim Könül Səiddir”.

Xalq artisti Flora Kərimova isə son zamanlar başının məhkəmələrə qarışdığı üçün mətbuatı davamlı izləyə bilmədiyini bildirdi.
“Axır vaxtlar başım məhkəmələrə qarışıb deyə, mətbuatı siz deyən oxumuram, onlarla maraqlanmıram. Bir az sakit vaxtıma düşsəydi deyərdim. Doğrusu, buna görə də mediadan heç bir xəbərim yoxdur. İndiyə kimi oxuduğum xanım jurnalistlərin adları yadımda qalmayıb. Ancaq üzləri yadımdadır. Onları görəndə öpüb bağrıma basıram. Amma imzalarını yadımda saxlaya bilmirəm. Yalnız bir xanımın adı yadımda qalıb ki, o Xanım Məmmədovadır. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun 20-ci əsr ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Qızıl qələm” mükafatı laureatıdır. Mənim haqqımda məqalə yazmışdı”.

Keçmiş futbolçu, indi isə məşqçiliklə məşğul olan Qurban Qurbanov da, xalq artistimiz kimi, son zamanlar vaxtının olmadığından mətbuatı davamlı izləmir.
“Mən daha çox televiziyanın xanım jurnalistlərini tanıyıram. Onlar arasında “Zərif çərşənbə” verilişinin aparıcısı Sevil Nuriyeva da var. Amma o da son zamanlar efirlərdə görünmür”.

Növbəti xalq artistimiz xanəndə Arif Babayev isə xanım jurnalist imzalarından danışarkən qələm əhlindən şikayət etməyi də unutmadı. Jurnalist xanımların hamısına mənim hörmətim var. Amma bəziləri var ki, qələm əhlini biabır edirlər, onların adlarına ləkə gətirirlər. Böhtan atırlar, görmədiklərini, bilmədiklərini yazırlar. Bu cür jurnalistlərin yeri mətbuat yox, “JEK”dir. Qoy gedib orada arayış yazsınlar. Xanım jurnalistlərin çoxunu tanısam da, ad çəkə bilmərəm. Məndən inciyərlər”.

Bir çox jurnalistin tanıdığı, imzasına hörmət etdiyi Günel Mövlud qadınlardan çox kişi publisistlərinin yazılarını oxumağa üstünlük verir.
“Mən ən birincisi İradə Tuncayın adını çəkə bilərəm. Azərbaycan jurnalistikasında gənc nəsli çıxsaq, onun imzasından daha maraqlı, daha yaradıcı imza tanımıram. Yeganə jurnalistdir ki, orta yaşlı nəsil arasında yazılarını xüsusi maraqla oxuyuram. Gənc nəsildən Nərmin Seyidzadə var. “Qafqazinfo” saytında yazılarını izləyirəm. Çünki təzə gələndə ilk istiqamətlərini biz vermişik, həm də tələbəmizdir. Daha sonra Sevda Sultanovanı oxuyuram. Baxmayaraq ki, onun sahəsi çoxtərəfli deyil, yalnız televiziyadan, kinodan, daha çox mədəniyyət mövzularından yazır. Aygün Aslanlının heç bir məqaləsini qaçırtmıram. Kino haqqında ölkədə hazırda ən maraqlı, böyük zövqlə, peşəkarlıqla yazan xanım Aygün Aslanlıdır. Bütövlükdə oxuduğum köşə yazarları publisist kişilərdir”.

Tanınmış aktyorumuz Nürəddin Mehdixanlı deyir ki, yazmağı bacaran bütün jurnalistlərin imzalarını tanıyır. “Xəyalə Muradlının, Nigarın, Bahar Rüstəmovanın yazılarını oxuyuram. Ümumilikdə mənim üçün heç bir fərqi yoxdur. İstər kişi, istərsə də qadın jurnalist olsun, maraqlıdırsa, baxıram”.

Gənc şair Aqşin Yeniseyin hazırda yazılarını ən çox oxuduğu xanım jurnalist Günel Mövlud olsa da, bu siyahıda Vüsalə Mahirqızının və Aynur Camalqızının da adını çəkdi. Onu da bildirdi ki, Azərbaycan mətbuatında nə qədər xanım jurnalist var hamısını tanıyır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO