Azərbaycanın yerləşdiyi geostrateji mövqe, üzləşdiyi müharibə hər zaman döyüşə hazır güclü ordunun varlığını zərurətə çevirir. Regionda ötən əsrin 90-cı illərində və sonrakı dövrdə baş vermiş müharibələr bir daha göstərdi ki, dövlətin varlığının qorunması tək silahlı qüvvələrin maddi-texniki cəhətdən yüksək təchizatı ilə bağlı deyil. Ən vacib amillərdən biri, bəlkə də birincisi “milyonlarla dollar dəyərindəki texnikaları” idarə edən insanların olmasıdır.
Gürcüstan müharibəsində bu ölkənin bir motoatıcı briqadasının dirəniş göstərə bilməyərək 100 milyon dollar dəyərində müasir texnikanı döyüş meydanında ataraq qaçması “kosmos əsrində” belə “insan ruhunun” mühüm rol oynadığını deməyə əsas verir.
KİV – bir nömrəli tribuna
Uzun illər aparılmış tədqiqatlara əsaslanan amerikalı hərbi psixoloqların gəldiyi qənaətə görə, fərdlərin hərbi-vətənpərvərlik ruhunun formalaşmasına 4 əsas təsir mövcuddur: Ailə, yaşanılan mühit, məktəb və KİV. Aparılan tədqiqatlar bu 4 amilin bir-biri ilə sırf bağlı olduğunu, məqsədə nail olunmaq üçün bu təsir imkanlarından kompleks istifadənin effektiv nəticələr verə biləcəyini söyləməyə imkan verir.
Qeyd olunan bu amillər ABŞ-ın ötən əsrin 60-cı illərinin sonunda qəbul etdiyi “Psixoloji əməliyyatlar doktrinası”nda da əksini tapıb. Doktrinanın nəzəri hissəsində qeyd olunur: “Medianın insanların şüuruna icazəsiz müdaxiləsi hər bir hərbi sənəd işlənərkən mütləq nəzərə alınmalıdır. Bu ən təsirli silahdır və əlində silah olan minlərlə insanı istədiyi istiqamətə yönəldə bilər”. ABŞ Müdafiə Nazirliyi bu gün də fəaliyyətində bu sənəddə əksini tapan amilləri nəzərə alır, KİV-lə yüksək səviyyəli əməkdaşlığa diqqət yetirilir. 2008-2009-cu ildə Pentaqon ictimai əlaqələrin qurulmasına 97 milyon dollar vəsait ayıraraq, media və PR şirkətləri vasitəsi ilə bu işləri həyata keçirib. Amerikalı ekspertlərin fikrincə, Vyetnam əməliyyatında uğursuzluğun və antimüharibə əhval-ruhiyyəsinin yaranmasında KİV-in danılmaz rolu olub. Həmin dövrdə KİV-lərin antimüharibə çıxışlarının təsirindən orduda fərarilik və s. kimi halların artması müşahidə edilib. Lakin qeyd olunan sənədin qəbulundan sonra döyüşlərdə göstərilən qəhrəmanlıqların mediada işıqlandırılması, amerikan əsgərlərinin şücaətinə həsr olunmuş filmlərin çəkilib nümayiş etdirilməsi antimüharibə prosesinin müəyyən qədər dayandırıb.
Gənclərin hərbi-vətənpərvərlik şüurunun formalaşdırılması və inkişaf etdirilməsində müxtəlif ölkələr, KİV də daxil olmaqla, müxtəlif metodlardan istifadə edir. Bir çox ölkələrdə gənc nəsildə hərbi vətənpərvərlik ruhunun formalaşdırılması, ordunun istənilən zaman döyüşçülərlə komplektləşdirilməsi üçün dövlət tərəfindən xüsusi proqramlar hazırlanır. Məsələn, postsovet ölkələrindən Rusiya, Ukrayna və Belarusda hərbi vətənpərvərlik işinin təşkili ilə bağlı xüsusi dövlət proqramı mövcuddur. Həmin sənədlərdə müxtəlif tədbirlər – mənəvi-psixoloji hazırlıq, orduya ilkin hazırlıq, vətənpərvərlik ruhunda tərbiyənin təşkili, texniki hazırlıq, KİV-lərlə iş və s. əksini tapıb. Əsas işlərə rəhbərliyi isə Müdafiə Nazirliyi və Orduya-Donanmaya Yardım Cəmiyyəti həyata keçirir. Rusiya və Belarusda “Zvezda” və “Voen TV” adlı telekanallar fəaliyyətini tamamilə hərbi-vətənpərvərlik mövzuları üzərində qurur. Türkiyədə isə hərbi-vətənpərvərlik işinin qurulması, konkret proqram şəklində olmasa da, ayrıca sənədlərlə tənzimlənir. Burada daha çox dövlət strukturlarının cəmiyyətlə kontaktına və mediadan əsas təsir metodu kimi istifadəyə diqqət yetirilir. Məsələn, şəhidlərin dəfninin üstün səviyyədə təşkili, komandanlığın və dövlət rəsmilərinin mərasimlərə qatılması, mövqeyindən asılı olmayaraq, müxtəlif siyasi partiyaların ən çətin bölgələrdə əsgərlərlə görüşləri, bu kimi informasiyaların KİV-də geniş işıqlandırılması, qəhrəmanlıqların filmləşdirilməsi, təlimlərin mediada işıqlandırılması və s. yollarla cəmiyyətə çatdırılır. Dövlət tərəfindən, həmçinin, silahlı qüvvələrin PR-nı təşkil edən hərbi yönümlü media orqanları dəstəklənir.
Azərbaycan kimi separatizmlə üzləşmiş qonşu Gürcüstan da hərbi-vətənpərvərlik işinin təşkilində KİV-dən və reklam roliklərindən istifadəyə diqqəti daha çox yönəldir. Hərbi ekspert, “Arsenal” jurnalının redaktoru İrakli Aladaşvilinin sözlərinə görə, son 5 ildə bu sahədə müəyyən yeniliklər edilib. Gürcüstan paytaxtında və bir sıra iri şəhərlərdə qurulmuş tablolarda və monitorlarda orduda xidməti təbliğ edən reklam rolikləri yayımlanır. Eləcə də “Sakartvelo” adlanan və MN-in nəzdində fəaliyyət göstərən telekanal mövcuddur.
“Hər şey vətən üçün!”
Birinci Qarabağ müharibəsinin təhlilləri KİV-in gənclərin hərbi-vətənpərvərlik şüurunun formalaşdırılmasında danılmaz rolu olduğunu göstərir. Əvvəlki illərdən fərqli olaraq, son zamanlar Azərbaycanın hərbi qurumlarının özləri tərəfindən KİV-in imkanlarından maksimum yararlanma üçün müəyyən addımlar atılır. Eyni zamanda, hərbi-vətənpərvərlik istiqaməti üzrə layihələr Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən müəyyən maliyyə yardımları göstərilməklə təşviq olunur. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlar tərəfindən mütəmadi olaraq KİV-in iştirakı ilə tədbirlər keçirilir, media nümayəndələrinin hərbi hissələrə, hətta cəbhə bölgəsində döyüş tapşırığını yerinə yetirən birləşmələrə səfərləri təşkil edilir. Bu da, öz növbəsində, ordu barədə dəqiq informasiyaların mediada yer alması, ordu-cəmiyyət əlaqələrinin qurulması və gənclərin xidmət barədə düzgün anlayışının yaranmasını şərtləndirir.
Azərbaycanda gənclərin texniki hazırlığı ilə məşğul olan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) mətbuat xidmətinin rəhbəri Valid Qardaşlının sözlərinə görə, son 3-4 ildə keçirilən tədbirlərin KİV-də işıqlandırılması gənclərin marağını artırıb: “Bu təşəbbüs daha çox KİV-lərin özündən gəlib. Mətbuatın və telekanalların bizim fəaliyyətimizə diqqəti artıq özünü KHVTİC-in təşkil etdiyi tədbirlərə qatılmaq arzusunda olanların sayın artmasında göstərir. Məsələn, KHVTİC-in paraşüt-desant və snayper kurslarına dair mətbuatda dərc olunan yazılardan sonra bu sahə üzrə özünü sınamaq istəyən onlarla gənc kurslara yazılıb. Gənclər özləri bu barədə elə mətbuatdan xəbər tutduqlarını söyləyirlər”.
Hərbçilər nə istəyir?
Mətbuatın bəzən sensasiya dalınca qaçması, hadisələrə yanaşma tərzi və hərbi sahənin spesifikliyini nəzərə almadan atdığı addımlar bir sıra hallarda “bumeranq effektinə” də çevrilir. Bu problem son illər internetdə yer alan “dedovşina” kadrları və buna bənzər bir neçə faktın timsalında özünü göstərib. Bu kontekstdən çıxış edən hərbi qurumlar hələ də KİV-in potensialından yetərincə istifadə olunmadığı qənaətindədir. Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin sözlərinə görə, hansısa qəzetin və ya telekanalda kimlərinsə şücaətindən misal çəkməklə, hərbi vətənpərvərlik ruhunu yaratmaq mümkün deyil. Reallıqda internet və televiziya vasitəsilə hərbi vətənpərvərlik ruhunu daha çox təlqin etmək olar: “Türkiyədə bir şəhidə olan diqqət insanda fərqli hiss yaradır. Televiziyalar prosesə elə yanaşırlar ki, sanki millət bu hadisə ilə nəfəs alır. Bizdə isə KİV-də şəhidlərə olan münasibət anlaşılan deyil. Məsələn, atəşkəs dövrü olsa da, atışma nəticəsində əsgərlərimizdən biri şəhid olur. Qəzetlərin başlıqlarına diqqət yetirin: “Azərbaycan Ordusu daha bir əsgərini itirdi”. Bunu belə yazmaq olmazmı ki, “Azərbaycan Ordusunun əsgəri qəhrəmancasına şəhid olub” və yaxud başqa şəkildə. Telekanalların bir çoxunda əsgər verilişləri var. Silahı təqdim edirlər, onun texniki xarakteristikası barədə danışırlar. Bunun mənası nədir? Axı bu hərbi vətənpərvərlik ruhunu təbliğ etmir”. Bununla belə, nazirlik sözçüsü son dönəmdə KİV-in qəhrəman əsgər obrazı yaratmaq cəhdlərinə rast gəlindiyini və bu yanaşmanın daha geniş yayılacağına ümid etdiyini deyir.
Müdafiə Nazirliyinin bu sahədə fikirləri ilə razılaşan hərbi ekspert İldırım Məmmədov isə hesab edir ki, Azərbaycanda da, KİV-in geniş imkanlarından istifadə də daxil olmaqla, Rusiyada və Ukraynada olduğu kimi vətənpərvərlik təbliğatının qurulması ilə bağlı dövlət proqramlarının hazırlanmasına ehtiyac var: “Döyüş əsgərin vəzifəsidir. Biz hərbçilər istəmirik jurnalistlər əldə silah döyüşsünlər. Onlar, sadəcə, döyüşən əsgəri qəhrəman olaraq təqdim etməlidir”.
Qeyd edək ki, hazırda Azərbaycanda hərbi-vətənpərvərlik istiqamətində bir sayt, iki müstəqil qəzet, həmçinin hərbi qurumların özlərinin daxili mətbuat orqanları fəaliyyət göstərir. Telekanallardan isə yalnız AzTV, İTV və ANS kanalında hərbi verilişlər yayımlanır. Hərbyönümlü QHT-lər tərəfindən aparılmış monitorinqə görə, hazırda ölkədə dərc olunan gündəlik qəzetlərdə Azərbaycan ordusu ilə bağlı orta hesabla 100-ə yaxın məlumat-xəbər və məqalə dərc olunur.
Dövlət başçısı da çağırış etdi
İyulun 22-də Milli Mətbuat Günündə Mətbuat Şurasında keçirdiyi görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev də KİV-lərdə vətənpərvərliyin təbliği məsələlərinə geniş diqqət yönəltdi. �urnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha ciddi işlərin aparılmasının vacibliyini qeyd edən dövlət başçısı müharibə şəraitində olan ölkələrdə bunun daha böyük məna daşıdığını vurğuladı: “Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətləri var. Əlbəttə ki, burada dövlət dəstəyi və dövlət siyasəti çox mühümdür və bu siyasət məqsədyönlü şəkildə aparılır. Azərbaycanda vətənpərvərlik mövzuları çox geniş işıqlandırılır. Gənclərin tərbiyəsi ilə bağlı məsələlər, idman sahəsindəki uğurlarımız, ordu quruculuğu sahəsində aparılan işlər – bütün bunlar bir məqsəd güdür ki, biz Azərbaycan xalqında vətənpərvərlik ruhunu və duyğularını daha da artıraq, gücləndirək. Hansısa telereportajda, ya hansısa yazılı mətbuatda vətənpərvərliklə bağlı çox ciddi və mənalı mövzuların işıqlandırıldığını görəndə, bu məni çox sevindirir. Mən hesab edirəm ki, biz bu istiqaməti daha da gücləndirməliyik”.
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe olmasını da vurğulayaraq bunu çox vacib sayıb: “Bu milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri ümumiyyətlə olmamalıdır. Bu bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur