“Media forum” saytının oxucularının suallarını “Azəri-Press” Agentliyinin (APA) təsisçisi və baş direktoru Vüsalə Mahirqızı cavablandırır.
Vüsalə Mahirqızı Ucarda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr və magistr pillələrini bitirib. 1996-cı ildən mətbuatdadır. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olub.
2004-cü ilin noyabrında APA-nı təsis edib. 2008-ci ildə “Lent.az”, 2009-cu ildə isə “Vesti.az” internet qəzetlərini yaradıb. 2008-ci ildən Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Ailəlidir, bir qızı var.
Tunar Azəri, iqtisadçı, Ağcabədi: Layihəniz olan “Lent.az” saytında Ermənistanın “Tert.am” portalına istinadla məlumata rast gəlmişəm. Bu, ermənilərlə informasiya sahəsində əməkdaşlığınız deməkdir, ya sadəcə, “mötəbər” mənbəyə istinad?
İctimai Televiziyanın “Media haqqında hər şey” verlişində aparıcılıq edirsiniz. Sizə elə gəlmirmi ki, bəzi sözləri efir üçün münasib formada tələffüz etmirsiniz?
Cavab: Belə məlumatlara APA-da da, “Lent.az”da da rast gələ bilərsiniz. İnternet saytından götürülmüş məlumatlardır. Bu, bütün Azərbaycan mediasının istifadə etdiyi bir üsuldur. Eyni formada Ermənistan mediası da bizim xəbərlərdən istifadə edir. Məncə, buna əməkdaşlıq deyil, sadəcə oxucunu məlumatlandırmaq desək, daha doğru olar.
İctimai Televiziyada apardığım verilişlə bağlı qüsurlarımın olduğunu bilirəm. Bu mənim ilk efir təcrübəmdir. Diksiya qüsurlarım isə inanın ki, hamıdan çox məni narahat edir. Onun aradan qaldırılması üçün artıq müəllimə müraciət etmişəm.
Sara, İşveçrə: Bioqrafiyanızdan bildim ki, çox gənc yaşınızda bu məsuliyyətli işi üzərinizə götürmüsünüz. Erkən yaşda belə məsuliyyətli iş çətin olmadım;? Yaxud indi heç fikirləşirsinizmi kaş bunu belə etməyəydim?
Allah saxlasın, bir övladınız var. Həm işləmək (hər şeydən öncə məsuliyyət daşımaq), həm də uşaq saxlamaq çətin deyil ki?
Cavab: Təbii ki, gənc yaşda əmək fəaliyyətinə başlamağın yaxşı cəhətləri olduğu kimi pis tərəfləri də var. Mən jurnalistikada işlədiyim ilk illərdə çox emosional idim, dost deyib çağırdığın insanların xəyanətlərini, baş verən haqsızlıqlara heç nə olmayıbmış kimi laqeyd yanaşmaları qəbul edə bilmirdim. Məsuliyyətsiz əməkdaşlarla işləmək, istedadsız insanların heç kimi bəyənməmək kimi iddialarını qəbul edə bilmirdim. Amma zaman və qarşılaşdığın çətinliklər insanı dolğunlaşdırır. Başa düşürsən ki, hər haqsızlığa əsəb itirməklə, emosionallıqla cavab vermək yalnız sənin əsəblərinin itməsi, ətrafındakı insanların azalması ilə nəticələnir. İndi dönüb geriyə baxanda bir çox səhvimi görürəm. Amma yıxılıb-durmadan da böyümək, irəliləmək olmur.
Ailənin işə mane olduğunu heç vaxt düşünməmişəm. Amma təbii ki, ailəli qadının işləməsi, özü də mənim kimi heç bir saatı, vaxtı olmayan, tez-tez xarici ezamiyyətlərlə müşayiət olunan bir işdə çalışması çox çətindir. Həyat yoldaşıma minnətdaram, onun böyük dəstəyi var.
Elnur Eltürk, tarixçi-jurnalist, Bakı: Bu gün Azərbaycan mediasında jurnalistlərin ən çox şikayət etdiyi məsələlərdən biri də oxucuların az olmasıdır. Hazırda ən oxunaqlı qəzetlərin tirajı 12 mini keçmir. Sizcə, bu, doqquz milyonluq əhalisi olan ölkə üçün az deyilmi?
Cavab: Məncə də azdır. Saytlardakı oxucu sayı göstərir ki, Azərbaycanda real qəzet tirajlarından qat-qat çox qəzet oxumaq istəyən var. Amma məncə, bizim ölkədə qəzet sənayesinə yenidən baxılmasına ehtiyac var. Hər qiymət artımında qəzetlərin qiymətini qaldırmaq və ya hər gün qəzeti eyni xəbərlərlə, dünənin monoton informasiyaları ilə doldurmaq çıxış yolu deyil. Bu gün dünyada pulsuz, yalnız reklamdan gəliri olan qəzetlərin çıxarılması məsələsi aktualdır. Rəngli və daha çox araşdırmalar hazırlayan, sosial problemlərdən yazan qəzetlər olsa, məncə, oxucu toplamaq mümkündür. Amma bunun üçün medianın maliyyə imkanları, müstəqilliyi, kadr potensialı və normal yayım şəbəkəsi olmalıdır.
Səidə: Vüsalə xanım, Azərbaycanda beş il bundan sonrakı jurnalistikanı necə görürsüz?
Cavab: Hər hansı ciddi islahat aparılmasa, elə indiki kimi.
Nicat İntiqam, gənc jurnalist: Gəncləri mütəmadi tənqid edən, onlarda gördüyü hansısa müsbət cəhətləri müsahibələrində, çıxışlarında bir dəfə də olsun dilinə gətirməyən Vüsalə Mahirqızı gənclərə qarşı bu qəddarlığını kənara qoysa, müasir Azərbaycan gənclərində hansı müsbət cəhətləri saya bilər?
Azərbaycan mediasında adı olub özü olmayan qəzetlər olduğu kimi, adı olub yazısı olmayan nüfuzlu jurnalistlər də var. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərlini, Mətbuat Şurasının sədri Əflatun Amaşovu, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlını, Arif Əliyevi, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevi, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni və digərlərini misal göstərə bilərəm. Belələrinə münasibətiniz?
Bir neçə il öncə, səhv etmirəmsə, Rauf Arifoğlu demişdi ki, bəziləri siyasətdə elə sürətli dönüş edirlər, o sürətlə avtomobil dönüş etsəydi, xurd-xəşil olardı. Müxalifətdə və ya iqtidarda olmasından asılı olmayaraq bu cür dönüşlər edən şəxslərə münasibətinizi bilmək maraqlı olardı.
Cavab: Əvvəla, sizə yanlış məlumat veriblər. Mənim heç vaxt gənclərə qarşı qəddar münasibətim olmayıb. Çünki mən özüm də gəncəm. Bunun ikinci sübutu üçün isə sizi rəhbəri olduğum müəssisəyə dəvət edirəm. Burda elə yalnız gənclər çalışır. Açığı, mən Azərbaycanda hər cür ittihamla qarşılaşmağa hazır idim, bircə bununla yox. Mən gənc yazarlara səhifələrində yazmaq imkanı tanıyan çox az media rəhbərlərindən biriyəm. O ki qaldı tənqid məsələsinə, mən heç bir iş görmədən, burnu dik gəzməklə öyünən yaşlı jurnalistləri də tərifləməmişəm axı.
Adını çəkdikləriniz hamısı media rəhbərləridir. Əvvəla, onların bir neçəsi vaxtilə yazıb. İkincisi, mən hələ onların heç birindən “mən böyük yazaram” iddiasını eşitməmişəm. Onların yazı yaza bilmək və ya yaza bilməmək kimi bir iddiaları və ya problemləri olmayıb axı. Onlar media qurumlarının rəhbərləridir və hər biri öz yerində layiqlidir. Hər biri rəhbəri olduğu təşkilatı 10 ildən artıqdır idarə edib, yaşada bilir. Məncə, insan bacardığı işlə məşğul olursa, ona hörmət edilməlidir.
Əgər adamlar siyasətdə və mətbuatda olub, hansı cəbhədə dayanmasından asılı olmayaraq, normal ifadə tərzinə, əxlaq normalarına əməl edirlərsə, onlarla əməkdaşlığa normal yanaşılmalıdır. Mən adamların normal çərçivələr daxilində dönüş etmələrinə daha normal baxıram, nəinki özlərini mücadiləçi kimi göstərib, gizli əməkdaşlıq etmələrinə. Onsuz da biz o qədər də böyük olmayan ölkədə yaşayırıq, kimin kim olduğunu, kimin hansı sifarişlə hərəkət etdiyini hamı bilir. Adamları aldatdığını, ya da böyük siyasət və ya media oyunu oynadığını iddia edənlər çox yanılırlar. İnsanlar onlara ironiya eləyir.
Aqil Camal, “Türküstan” qəzeti: APA-dan, “Lent.az”dan və “Vesti.az”dan sonra Vüsalə xanımın növbəti layihəsi, sirr deyilsə, nə olacaq? Daha doğrusu, 11 aydan sonra keçiriləcək parlament seçkisində iştirak layihəsi varmı?
Cavab: Parlament seçkilərinə hələ 11 ay var. Bu 11 ayda düz 11 hökm ola bilər. Ona görə indidən nəsə deməyim doğru olmaz.
Anonim: Hörmətli “Media forum” saytı! Vüsalə xanımın bioqrafiyasında onun hansı partiyanın və ya partiyaların üzvü olduğunu göstərməmisiniz. Vüsalə xanım, lütfən özünüz deyin, hansı partiyaların üzvü olmusunuz?
Cavab: Mən bunu dəhşətli sirr və ya sual hesab eləmirəm. Xalq Cəbhəsi Partiyasının, sonra isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşam. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının yaranması prosesində iştirak etmişəm. 2004-cü ildə isə bu partiyanın da sıralarından istefa vermişəm. Hazırda heç bir partiyanın üzvü deyiləm, bundan sonra da belə bir fikrim yoxdur.
Qəribə adam, Bakı: Müsahibələrinizdə APA-nın media məkanında birinciliyə iddialı olduğunu vurğulayırsınız. Yaratdığınız “Lent.az”ın da kredosu birincilikdir. Müəyyən mənada APA daxili bazarı ələ ala bilib. Bəzən aparıcı qəzetlər bir mənbədən əmr alıbmış kimi sizin agentliyin bir müsahibəsini dərc edir. Deyirlər, siz APA-nı çox sərt qaydalarla idarə edirsiniz, hansısa xəbərdə gecikmək jurnalistə işi itirmək bahasına gələ bilər. Nəticə də göz qabağındadır, əməkdaşlarınızın yaradıcı potensialı tam açılmır. Bəzən sizi qabaqlayan KİV-lərin xəbərləri APA-da 15-20 dəqiqə gec yerləşdirilsə də, zamanı dəyişdirilir, yəni ilkin mənbədən 1-2 dəqiqə əvvəl qeyd olunur. Sizcə, bu yalançı birincilik kimə lazımdır? Bəlkə xəbər siyasətində dəyişiklik etmək vaxtıdır?
APA-nın “dəmir ledi”sinin təyin etdiyi qaydalar xəbərin keyfiyyətinə də təsir edir. İki ən bəsit nümunəni göstərirəm. Xalq artisti İslam Rzayevin “ölüm” xəbərini APA səhvən yaymışdı. Bir yol da agentlik ABŞ səfiri Enn Dörsinin “Açıq dünya” proqramı iştirakçıları üçün öz iqamətgahında iki hərbi kvintetin iştirakı ilə verdiyi konsertdən hələ tədbir sona çatmamış yazmışdı. Halbuki orada iki yox, bir kvintet çıxış edirdi, “Açıq dünya” proqramından verilən xatırlatma da tam yanlış idi. Hara tələsirsiniz? Bu, xəbər yox, dezinformasiya yaymaq deməkdir. Bəlkə jurnalistika prinsiplərinə riayət edərək məlumatları dəqiqləşdirməyə ehtiyac var? Sizcə, birinciliyə iddialı agentliyin səhv etməyə haqqı varmı?
Cavab: Əvvəla, bu suala görə çox təəssüflənirəm. Çünki onu yazanın kimliyini bilirəm və “Qəribə adam” olmadığına da oxucuları əmin edirəm. Çox adi və məlumatsız adamdır. Əvvəla, Azərbaycanda bir redaktora belə, APA-nı çap etməsi barədə əmr verilməyib. Siz bizim media rəhbərlərinə bunu yaraşdırdığınız üçün təəssüf edirəm. İkincisi, əgər mən APA-nı bu qədər sərt qaydalarla idarə edirəmsə, necə ola bilir ki, 5 ildir çox az dəyişikliklərlə eyni insanlarla işləyirəm? O insanlar, o jurnalistlər ki, onlara ən müxtəlif dövlət qurumlarından, media orqanlarından APA-dakı vəzifələrindən və əmək haqlarından artıq təkliflər gəlib. APA-nın elə bir əməkdaşı yoxdur ki, ona dəvət gəlməmiş olsun. Sizcə, o adamları burda saxlayan nədir? Siz mənə bütün yaradıcıları 5 il sonra yerində qalan başqa bir qurum göstərə bilərsinizmi?
O ki qaldı xəbərlərin vaxtının saytda çəkilməsi məsələsinə, bu məsələni Azərbaycanda müsahibələrində qaldıran və gülüş mənbəyinə çevirən mən olmuşam. APA təkamüllü bir redaksiyadır, burda nə müxbirin xəbər yerləşdirmək imkanı var, nə də dizaynerin o xəbəri irəli-geri çəkmək marağı. Bizim xəbərlərimizi dəqiqələrə görə oxumurlar, məzmununa və dolğunluğuna görə oxuyurlar. Azərbaycanda önəmli xəbəri hələ kiminsə bizdən tez verdiyini xatırlamıram, bir neçə epizodik hal istisna olmaqla.
O ki qaldı yalançı birincilik məsələsinə. Əmin olun ki, biz birinci olmasaydıq, siz dilinizin acısını bu qədər bu səhifələrə tökməzdiniz.
Yazdığınız nümunələr isə tam böhtandır. Biz İslam Rzayevin ölüm xəbərini yazmamışıq. Ölüm xəbərini yazan və sizin dostlarınız olan portalın xəbərini İslam Rzayevin yaxınlarının dili ilə təkzib etmişik. Mən onun hansı portal olduğunu yazıb sizin qanınızı qaraltmaq istəyərdim, amma APA-nın yubiley təntənəsinə fəda edirəm. Bundan sonra, məncə, o biri dediyiniz epizodu araşdırmağa və münasibət bildirməyə vaxt sərf etməyə ehtiyac yoxdur.
O ki qaldı səhv etmək məsələsinə, hamının səhv etməsi mümkündür. Çünki səhv etmək insanlar üçündür.
Anar Əhmədov, Bakı: Özünüzü peşəkar jurnalist, yoxsa peşəkar təşkilatçı hesab edirsiniz?
Cavab: Peşəkar təşkilatçı hesab edirəm.
Saatsaz: Hara gedirsiniz?
Cavab: İrəliyə.
Nuranə, Bayıl qəsəbəsi: Sayılıb-seçilən gənc yazarlar sırasında önəmli yer tutduğunu hesab edən Günel Mövludun sizdən götürdüyü müsahibəni oxudum. Müsahibədə sizin haqqınızda “satıldı” yazanlara “Guya mən nə vaxt demişəm ki, radikal müxalifətçiliyə iddialıyam?” cavabını vermisiz. Hə, bir də demisiniz ki, kimsə yazanda Vüsalə Mahirqızı yaza bilmir, gülməyim gəlir, axı mən nə vaxt demişəm yaza bilirəm?
Görəsən, ay Vüsalə xanım, dedikləriniz niyə belə tez unudulur ki, fəaliyyətinizi hər kəs başqa cür anlayır? Ola bilərmi ki, dediklərinizi siz özünüz unutmusuz və yaxud xatırlamaq istəmirsiniz?
Cavab: Yox, elə bir şey yoxdur. Mən hesab edirəm ki, dediklərim heç vaxt unudulmur. Çünki mən dedikləri unudulan xanımlardan deyiləm. Sadəcə, bəzi adamlar qulaqlarını tıxayıb dediklərimi eştimirmiş kimi özlərini göstərmək istəyirlər. Ona görə də arabir xatırlatmalı oluram.
Mən heç vaxt dediklərimi unutmuram. Həyatımda elə bir epizod yoxdur ki, onu xatırlamaq istəməyim. Mən nəyi doğru bilirəmsə, onu danışıram. Və yalnız o sözləri danışıram ki, onu əcnəbi bir diplomata da, təkbətək görüşdə də, siz Nuranə xanımın oxuya biləcəyi portallarda, qəzetlərdə də deyirəm.
Lalə: Siz təxminən 1998-ci ili necə xatırlayırsınız? Səhv etmirəmsə, həmin vaxt bir müxbir kimi fiziki təzyiqə məruz qalmışdınız. Həmin hadisəni indi necə xatırlayırsınız?
Bilirik ki, İTV-də veriliş aparırsınız. Özünüz sonradan verilişə baxırsınızmı? Bilirəm, deyəcəksiniz ki, özümdən razı deyiləm, üzərimdə çox işləməliyəm. Mən isə diqqəti sizin diksiyanızın qüsurlu olmasına yönəltmək istərdim. Bunu hiss edirsinizmi? Bunu aradan qaldırmaq üçün hansı tədbirləri görürsünüz?
Cavab: Xatırlayıram. Bu hər halda yaxşı hisslər və ya fərəhlə xatırlanacaq bir epizod deyil. Bəli, müxbir işləyirdim, metronun “20 Yanvar” stansiyasının keçidindəki ticarət obyektləri ilə bağlı yazı hazırlayanda təzyiqə məruz qalmışdım. Həmin vaxt bununla bağlı bir xeyli istintaq hərəkəti də aparıldı. O hadisə ilə bağlı xəbəri anam rayonda qəzet səhifəsindən oxuyub bərk stress keçirmişdi, xəstəxanaya düşmüşdü. Bu hadisə yadımda ona görə çox pis assosiasiya ilə qalıb. Mətbuatda olmağımın ailəmə vurduğu ilk zərbə idi. Sonralar davamı da gəldi.
Verilişlərimə baxıram. Qüsurlarımı özüm də görürəm. Mən heç vaxt “özümdən razı deyiləm” demirəm, özümə belə haqsızlıqlar etmirəm. Düzəltməli olduğum nöqsanlarım var, onların üzərində işləyirəm.
«Media forum»