Vüqar Səfərli hesabat verdi, KVDF-nin ekspertləri seçildi

Yanvarın 25-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Modern.az-ın məlumatına görə, iclasda Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun 2011-ci ildəki maliyyə hesabatının müzakirəsi və qiymətləndirilməsi;
2. 2012-ci il üçün Tədbirlər Planının müzakirəsi və təsdiqi;
3. Ekspertlərin müəyyənləşdirilməsi və təsdiqi;
4. Cari məsələlər.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun 2011-ci ildəki fəaliyyətinin yekunları barədə geniş məlumat verib. 2011-ci ildə Fonda dövlət büdcəsindən 2 milyon 406 min 984 manat maliyyə vəsaitinin ayrıldığını xatırladan Vüqar Səfərli qəzet layihələrinin və fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin maliyyələşdirilməsi prosesinin lazımi səviyyədə həyata keçirildiyini deyib. İcraçı direktor Fond tərəfindən 2011-ci ilin birinci yarısında 23 qəzetə 596 min manat, ikinci yarımilində isə 29 qəzetə 681 min manat vəsaitin ayrıldığını bildirib. Vüqar Səfərli il ərzində “Azərbaycan teleməkanında ədəbi dilin qorunması” layihəsinin maliyyələşdirilməsinə 30 min manat vəsaitin ayrıldığını qeyd edib.

Ümumilikdə, ötən il KİV layihələrinin maliyyələşdirilməsinə Fondun büdcəsindən 1 milyon 306 min 333 manat vəsait ayrılıb. Eyni zamanda, yalnız Fondun maliyyə vəsaiti hesabına Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı ildönümü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin 70 nəfər qalibinə 70 min manat pul mükafatı və xüsusi diplomlar verilib.
Fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 30, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 31, Nərimanov Rayon İcra Hakimiyyəti ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 11 nəfər jurnalist qalib elan olunub. Ümumilikdə, Fondun tək və müvafiq dövlət qurumları ilə birlikdə keçirdiyi müsabiqələrdə 142 nəfər jurnalist mükafatlandırılıb.
Fondun icraçı direktoru hesabat ilində Fondun təşəbbüsü ilə həyata keçirilən və mətbuat-cəmiyyət münasibətlərinin sivil məcrada inkişafına xidmət edən çoxsaylı tədbirlər barədə də məlumat verib. Bildirib ki, Fondun təşəbbüsü ilə aparıcı media qurumlarının rəhbərləri Bakı Dövlət Universitetinin jurnalistika və Bakı Slavyan Universitetinin filologiya fakültələrində tələbələrlə görüşüblər. Yüksək fəallıq şəraitində keçən həmin görüşdə gənc tələbələr onları maraqlandıran məsələlərlə bağlı qəzet redaktorlarına müraciət ediblərlər.

Fond 2011-ci il ərzində ayrı-ayrılıqda Bakının Suraxanı, Səbail, Nizami, Nərimanov və Yasamal rayon icra hakimiyyətləri ilə «Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu», «Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi», «Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu» mövzularında konfranslar keçiribr. Həmin rayonların rəhbər şəxslərinin, habelə ictimaiyyət nümayəndələrinin və qəzet redaktorlarının iştirak etdiyi konfranslarda qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonra hesabat ətrafında müzakirələr aparılıb, Müşahidə Şurasının üzvləri Fondun ötən il ərzindəki fəaliyyəti ilə bağlı fikir və rəylərini bildiriblər. Müşahidə Şurasının üzvü Vüqar Rəhimzadə çıxışında 2011-ci ili Fondun fəaliyyətində məhsuldar və uğurlu mərhələ kimi dəyərləndirib. O, mətbuatın maliyyə problemlərinin həlli və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini də xüsusi vurğulayıb.

Müşahidə Şurasının digər üzvü Bəxtiyar Sadıqov çıxışında Fondun 2011-ci ildəki fəaliyyətini qənaətbəxş sayaraq, xüsusən də ayrı-ayrı rayonların icra hakimiyyətləri ilə təşkil olunan konfransların əhəmiyyətini diqqətə çəkib.
Müşahidə Şurasının üzvü Zöhrə Əliyeva deyib ki, Fond ötən 3 illik fəaliyyəti ilə cəmiyyətdə kifayət qədər tanınıb, son dərəcə lazımi qurum olduğunu sübuta yetiribr. O, Fondun həyata keçirdiyi layihələrin mətbuatın inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Müşahidə Şurasının üzvü Rəşad Məcid Fondun bu və digər tədbirlərlə yanaşı, ötən il ayrı-ayrı ali təhsil müəssisələrində tələbələrlə aparıcı qəzet rəhbərlərinin görüşlərini təşkil etməsini müsbət ənənə kimi dəyərləndirib. Bildirib ki, bu cür tədbirlər həm də istedadlı tələbələrin üzə çıxarılmasına, onların qəzetlərlə sıx əməkdaşlıq münasibətləri qurmasına xidmət edir.
Daha sonra Müşahidə Şurasının üzvləri səsvermə yolu ilə Fondun 2011-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli 2012-ci ildə həyata keçiriləcək müsabiqə və tədbirlər barədə Müşahidə Şurası üzvlərinə məlumat verib. Bildirib ki, Fonda dövlət büdcəsindən ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artaraq 3 milyon 870 min 608 manata yüksəlməsi bu il üçün nəzərdə tutulmuş tədbirlər proqramının ardıcıl və səmərəli şəkildə reallaşdırılmasına yaxşı imkanlar açır. Vüqar Səfərli həmçinin deyib ki, Fond fəaliyyət istiqamətinə müvafiq olaraq, ilk növbədə, qəzet layihələrini maliyyələşdirəcək və jurnalistlər üçün fərdi jurnalist yazıları müsabiqələri təşkil edəcək. Bundan başqa, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə regionlarda və Bakı şəhərində müxtəlif layihələr həyata keçiriləcək.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2012-ci ilin «İdman ili» elan edilməsi ilə əlaqədar mətbuatın bu sahəyə diqqətinin artırılması üçün müxtəlif müsabiqə və tədbirlərin keçirilməsi də qərara alınıb. İl ərzində Fondun planlaşdırdığı mühüm layihələrdən biri də ölkə jurnalistlərinin beynəlxalq təcrübəni öyrənmələri üçün xarici ölkələrə səfərə göndərilməsi olacaq.

Fond ötən illərdə formalaşmış daha bir müsbət ənənəni davam etdirərək il ərzində ayrı-ayrı nazirliklər və icra qurumları ilə müxtəlif mövzularda fərdi jurnalist yazıları müsabiqələri təşkil etməyi planlaşdırır. Fondun icraçı direktoru Vüqar Səfərli bu il, həmçinin, ayrı-ayrı icra hakimiyyəti orqanları ilə mətbuat-cəmiyyət münasibətlərinin inkişafına xidmət edən tədbirlərin keçiriləcəyini də nəzərə çatdırıb. İndiyə qədər Fondla səmərəli əlaqələr yaratmış nazirlik və komitələrə, digər icra hakimiyyəti strukturlarına minnətdarlığını ifadə edən Vüqar Səfərli deyib ki, bu əməkdaşlıq ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsinə, vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.

Müşahidə Şurasının üzvləri müzakirələrdən sonra Fondun 2012-ci il üçün Tədbirlər Proqramını yekdilliklə təsdiq ediblər. Nəhayət, iclasın gündəliyində duran üçüncü məsələ geniş müzakirə olunub, Müşahidə Şurası üzvlərinin təklifi əsasında 2012-ci il üçün Fondun ekspertləri müəyyənləşdirilib.

İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO