Vüqar Rəhimzadə: “Peşəkarlıq jurnalistikada əsas şərtdir “

”Zaman keçdikcə bütün sahələrdə inkişaf, tərəqqi yaşanır. Həyatımızda özünü büruzə verən yeniliklər sözsüz ki, mətbuatımızdan da yan keçmir. Yəni mətbuat da zamanın tələbinə uyğun müasirləşir, təkmilləşir, cəmiyyətin, demokratiyanın inkişafında mühüm rol oynayır. Ən əhəmiyyətli kapitala çevrilən informasiyaların yayılmasında mətbuatın mühüm rola malik olduğunu nəzərə alsaq, bu sahədə çalışanların peşəkarlığına böyük ehtiyac olduğu danılmazdır”.

Bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə SİA-nın “KIVDF mətbuatın hansı problemlərini həll etdi?” suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, KİV-lərin başlıca vəzifəsi obyektivlik və gerçəklik prinsiplərini əsas götürərək, ölkədə və beynəlxalq aləmdə baş verən hadisələri heç bir təhrifə yol vermədən ictimaiyyətə çatırmaqdır. Bu missiyanın yerinə yetirilməsində təbii ki, peşəkarlıq jurnalistin əsas silahıdır: “Hadisələrin analitik təhlili, yaxud hansısa bir məsələyə münasibətin öyrənilməsi ilk baxışdan asan görünsə də konkret məqama ehtiyac duyulduqda bunun nə qədər böyük məsuliyyət tələb etdiyini görürük. Bu baxımdan deyə bilərik ki, mətbuat azad, müstəqil, jurnalist peşəkar olmalıdır”.

Azərbaycan dövlətinin müstəqil mətbuatın inkişafında maraqlı olduğunu diqqətə çatdıran V. Rəhimzadə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” da deyilənlərin əyani sübutu olduğunu bildirib: “Bu sənədə uyğun olaraq ölkə başçısı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” fərman imzaladı.

Fondun əsas məqsədi məhz ölkədə fikir, söz və məlumat azadlığını daha da inkişaf etdirmək, KİV-lərin müstəqilliyini dəstəkləmək, cəmiyyət və KİV-lər arasında səmərəli əməkdaşılığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, eyni zamanda KİV-lərin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri, həmçinin digər tədbirləri maliyyələşdirməkdir. Fondun maliyyə yardımından istifadə etmək üçün bütün KİV-lərə bərabər şərait və imkanlar yaradılır. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün müsabiqələr təşkil olunur, ən səmərəli təkliflərə üstünlük verilir”.

Artıq Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun KİV-lər arasında elan etdiyi qrant müsabiqəsinin uğurla başa çatdığını fikirlərinə əlavə edən V. Rəhimzadənin sözlərinə görə, bu müsabiqə ilk növbədə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına yardım etdi.

SIA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO