«Verilir haqqa cəza»

Şirin xanım Kərimbəyli Şadiman ölkəsinin vətəndaşı, xalqının layiqli övladı olduğundan bütün şeirlərində soydaşlarını onların özlərinin ucbatından baş verə biləcək mümkün bəlalardan qorumağa çalışır. Onları Allah xofu ilə qorxutmaqla bəd əməllərdən çəkindirmək istəyir. «Bir Tanrı var» adlı şeirində oxucusuna söyləyir ki, Tanrı dərgahında:

Orda rüşvət, orda «dayı» olmayacaq,
Orda kimsə, bir kimsəni vurmayacaq,
Orda ciblər haram pulla dolmayacaq,
Kimsə kimin arxasında durmayacaq.

Şeir bütövlükdə bütün dinlərə məxsus insanlara həsr olunsa da, «haram pullar»ın, «dayı»nın nəyə işarə olunduğu hamımıza aydındır. İnsanpərvərliyə işıq salan nümunələrinsə onun yaradıcılığında sayı-hesabı yoxdur:

Çiçəyinin arısı bol,
Küpəgirən qarısı bol,
Hər ömürün yarısı yol…
Dünya mənə tanış gəlir…

«Verilir Haqqa cəza» şeirinin isə böyük Hüseyn Cavidin «İblis»indən iqtibasla başlanması bu əsərin ictimai yükünü göylərə qaldırır:

Verilir haqqa cəza,
Basıb hər yanı qəza.
Ağlayan gözlərə bax,
Maskalı üzlərə bax,

Hamı Allahlıq edir,
Haqq deyən haqqı didir
Allahın səbri çoxdur,
Bəndənin rəhmi yoxdur.

Parçalardan göründüyü kimi, şairə həm haqlıya cəza verilməsi, həm də haqqın özünün kimlərinsə əlində vasitəyə çevrilməsi ilə barışa bilmir. Ona görə də əsl həqiqəti deyənlərin vacibliyinin ortaya çıxarılmasını arzulayaraq «Səlam olsun» rədifli gəraylısında yazır:

Heç dönməyə haqq yolundan,
Buxov düşə mərd qolundan,
Həqiqəti öz kolundan,
Dərənlərə səlam olsun.

Haqq çıxarda səs-səmrini,
Tütyə edə Rəbb əmrini,
Halallıqla öz ömrünü,
Sürənlərə səlam olsun.

VƏTƏNPƏRVƏRLİK – ƏSAS MOTİV

Vətənpərvərlik mövzusu Şirin xanım Kərimbəyli yaradıcılığında bir qayda olaraq ana xətdir. Bu duyğuları mobil telefonda imitasiya xatirinə «Koroğlu» uvertürası oxudub ürəyində başqa hisslər gəzdirənlərin yalançı hissləri ilə qətiyyən müqayisə etmək olmaz. İfadələrin səmimi hisslərdən yoğrulduğu şeirlərin ruhundan bəlli olur. Şairə «Bayrağım» şeirində yazır:

Ey üçrənglim, ay-ulduzlum, məhbəs eldə doğuldun,
Fitnələrlə, fitvalarla qara əldə boğuldun.
Fəzilətdən, həqiqətdən, istiqlaldan yoğruldun,
Parla şərəf dünyasında al günəş tək, bayrağım,
Dol bu təşnə ürəklərə bir atəş tək, bayrağım!

Şirin xanım Kərimbəyli Şadiman 1990-cı ilin oktyabrında qələmə aldığı bu şeirdə 70 il sovet dönəmində yasaq olunmuş üçrəngli bayrağın ölkəmizin səmasında dalğalanacağı günü necə həsrətlə gözlədiyindən, bu bayrağın «Şadimanın elinə səadət bəxş edəcəyindən» ürək yanğısı ilə bəhs edir. 1993-cü ildə yazdığı «Əski Azərbaycanın İyirmi Səkkiz Mayısan» şeiri isə sanki bu fikirlərin məntiqi sonluğu, Azərbaycanımızın gerçək tarixinin bir parçasına işıq salan salnamə yazısıdır. Bu fikirləri poetik ifadə edən bir şairəyə vətənpərvər deməmək sadəcə, günah olardı.

Sən ey Məmməd Əminin ən qeyrətli balası,
Azəri türklərinin Dədə Qorqud qalası,
İstiqlal savaşında Vətən haqqı alası,
Aylara rövnəq verən əsrimizin ayısan,
Əski Azərbaycanın İyirmi Səkkiz Mayısan.

…Bu Şadiman ağlının külünü köz eyləyir,
Könlünün qübarını vərəqlərə söyləyir,
İstiqlalsız bu kölə məmləkəti neyləyir?
Azəri xalqlarının azadlıq sarayısan,
Əski Azərbaycanın İyirmi Səkkiz Mayısan.

“Üçrəngli bayrağa bürünmüş şairə” kitabından hissə

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO