Gündəlik “Veçerni Peterburq” qəzetində baş konsul Qüdsi Osmanovun Xocalı faciəsi ilə bağlı “Azərbaycanın kədəri” məqaləsi çap olunub. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklər barədə oxuculara ətraflı məlumat verilib.
Müəllif məqalədə Azərbaycan xalqının bütün millətlərlə sülh şəraitində yaşamağa qadir olduğunu bildirib: “Xalqımız bütün mübahisəli məsələlərin sülh yolu ilə həllinə tərəfdardır. Amma insanlığa qarşı törədilmiş cinayətlər – soyqırımı faktları mübahisə mövzusu deyildir. Soyqırımı faktını tarixin arxivinə atmaq olmaz. Bu fakt açıq məhkəmə, günahkarların cəzalandırılmasını tələb edir.”