“Vaşıiqton tayms ” qəzeti azərbaycanlı deputatın məqaləsini çap etmişdir

Vaşintqon, 31 avqust (AzərTAc). ABŞ-ın nüfuzlu “Vaşinqton Tayms” qəzeti avqustun 30-da çıxan sayında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadənin məqaləsini dərc etmişdir. “ABŞ-a Avrasiya lazımdır və əksinə” sərlövhəli yazıda A.Mollazadə qeyd edir ki, Obama hakimiyyətinin Türkiyə və Ermənistan arasında dialoq və yaxınlaşma yaratmaq cəhdləri bu məqsədin uğuru üçün əsas amil olan Azərbaycanı unutmuşdur. Ümumiyyətlə, əvvəlki ABŞ Administrasiyalarının siyasətini nəzərə alaraq, Obama hakimiyyətinin bölgəmizə azalan marağı Azərbaycanda artan təəcüblə qarşılanır.
ABŞ-ın müdafiə naziri Robert Geyts və dövlət katibi Hillari Klintonun ölkəmizə səfərləri və burada verdiyi bəyanatların bölgədə ABŞ-ın rolu və iştirakının yeniləşməsi perspektivlərinə dair ümid yaratdığını bildirən müəllif hesab edir ki, ABŞ-a Avrasiya lazım olduğu qədər, Avrasiyaya da ABŞ lazımdır.
Müsəlman dünyasının ilk dünyəvi parlament demokratik respublikası kimi Azərbaycan Sovet İttifaqının süqutundan sonra bu istiqamətdə inkişafını davam etdirir. Şərqi Avropa, Türkiyə və Mərkəzi Asiyadakı tərəfdaşlari ilə birgə ölkəmiz yeni İpək Yolunun yaranması üçün çalışır. Bu, tək enerji deyil, həm də nəqliyyat, rabitə, ticarət layihələrinin, eləcə də dünyəvilik, sivilizasiyaların dialoqu və əməkdaşlığı kimi ideyaların təmin edilməsi məqsədi ilə görülür. Lakin özünütəcrid siyasətini seçən Ermənsitan bu layihələrdə və irəliləyişdə iştirak etmir. Azərbaycan özünü və bütün Avrasiya bölgəsini Qərbə doğru yaxınlaşan gördüyü halda, qonşu Ermənistan bütün bu prosesdən geridə qalır.
Müdafiə naziri R.Geytsin Azərbaycana səfəri zamanı özü ilə gətirdiyi Prezident Barak Obamanın məktubundan sitat gətirən Asim Mollazadə, ABŞ-ın “ölkələrimiz arasında tərəfdaşlığı qiymətləndirdiyini” yazır. Barak Obama Cənubi Qafqaz bölgəsinin uzunmüddətli sabitliyi üçün Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini əsas hesab etmişdir. Bu, Azərbaycanın da uzun müddətdən bəri- həm müxalifət, həm də hakimiyyət partiyasının dəstəklədiyi siyasəti əks etdirir.
Müəllif yekunda bildirir ki, amerikalılar Birləşmiş Ştatların dünyada daha çox müsəlman dostlara ehtiyacı olduğunu həmişə bildirirlər. Bu mənada Obama hakimiyyəti Azərbaycan və ABŞ arasında əlaqələrin gücləndirilməsi səylərini artıra bilər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO