Çuğul (Hekayə)


Kimsə ondan qabağa düşə bilərdi. Bu fikir bir an da onu rahat buraxmırdı. Sakitləşə bilmirdi, tez-tez yerində qurdalanırdı, elə hey düşünürdü.

Onu sakitləşməyə qoymayan nəsnə şefinə (rəhbərinə) bəzi donosları çatdırmaq istəyini hazırkı məqamda yerinə yetirə bilməməsi idi.

Arvad-uşağın səsinə yuxudan ayılan kimi oldu, səksəndi. “Axı cəmisi bir neçə günlüyə istirahətə gəlmişik. Bura da Bakı deyil ki… Özün də istirahətdəsən. Qoy heç olmasa bu bir-iki günü rahat nəfəs alaq”.

Arvad-uşağın sözündən sonra özündə yüngülvari də olsa bir təpər hiss elədi. Qalxıb süfrəyə tərəf gəldi. Mobil telefonunu da söndürdü. Sonra mobil telefonu icad edənlərin qarasına da danışdı. Və birdən yadına düşdü ki, rəhbər onu axtarsa telefonunun qapalı olduğunu görüb ciddi şəkildə əsəbiləşər, hətta onu cəzalandırar da. Üstəlik rəhbərlə təmas imkanı itər və Allah eləməmiş, bunun ağır nəticələri olar… Ümumiyyətlə ona elə gəlirdi ki, şefi onu hər yerdə, hər məkanda görür, bütün hərəkətlərini izləyir. Ona görə də çalışırdı tanışların, qohumların, lap elə arvad-uşağın yanında yeri gəldi-gəlmədi tez-tez rəhbərin adını çəksin və bu zaman dörd bir tərəfə fırlanaraq dişlərini ağarda-ağarda irişib gülümsəsin. Yalnız bundan sonra rahatlanırdı. Müvəqqəti də olsa.

İndi də – ailəsinin çağırışından sonra tez-tələsik süfrədəki təamlara əlini uzadıb çörək kəsməmiş telefonunu yenidən açdı və səksəkə içərisində, yan-yörəsinə şübhəli-şübhəli baxa-baxa yeməyə başladı.

Rəhbərin yanında özünü gözə soxa bilməsi səbəbindən qarşısında açılmış süfrəsində bolluq idi. Allahın kəraməti nəticəsində Azərbaycanın yetişdirdiyi çoxsaylı sərvətlərin, dadlı yeməklərin hamısından ala bilmişdi. Hələ başqa – uzaq ölkələrdən gətirilmiş meyvələri, digər “importnı” ərzaq məhsullarını və geyimləri demirəm. Bütün ailəni bunların hamısından yedirib geyindirə bilirdi. Bu qazancların “hansı yollar” hesabına evlərinə axdığının fərqində olmayan ailə üzvləri, xüsusilə də uşaqlar heç nəyi düşünmədən korluq sərhədi tanımayan bu “imkandan” gen-bol yararlanırdılar. Yalnız evin “çörək gətirəni” nə rahat yeyə, nə rahat istirahət edə, nə də rahat yata bilirdi. Hər şey onun üçün zəhərə dönmüşdü. Bircə geyimini ütülü, səliqəli saxlayırdı. Çünki bunu rəhbərin yanında özünü səliqəli, imkan düşəndə hətta kübar kimi göstərməyin bir forması hesab edirdi. Hələlik bu imitasiya onun “dadına” çatırdı. Karına gəlməyəndə yəqin ki, yeni “gözəgirmə” vasitələri barədə düşünəcəkdi.

Beləcə, cəmisi bir neçə günün içərisində beş min manata yaxın pulu zəhrimara döndərib (onun aləmində) istirahət bölgəsində xırıd edən “qəhrəmanımız” həsrətlə bu səfərin başa çatacağı dəqiqəni gözləyirdi. Tərslikdən bu günlər ərzində ona zəng edən də olmamışdı. Paytaxtdakı, tamamilə güvənməsə də, özünə yaxın hesab etdiyi dostları ilə arabir zəngləşmişdi. Ancaq bunlar onun şübhələrini dəf etmək üçün kifayət edə bilməzdi. Ən azından ona görə ki, bu günlər ərzində “əsas rəhbər” onu bir dəfə də arayıb-axtarmamışdı. Düzdür, gedəndə icazə almağına almışdı, başqa cür ola da bilməzdi, amma yenə də… Bunu düşündükcə bütün vücudu titrəyir, bədənini qorxunc üşütmə bürüyürdü. Qarşısındakı meşə, bulaqlar, bulaqların üstündə yaradılmış gözəlliklər, nadir təbiət nümunəsi olan dənizin meşə ilə təması, daha nələr, nələr, heç nə gözünə görünmür, ürəyi elə hey sıxılırdı…

…Özünü ələ almaq istəyir, ürəyində “hə” və “yox” kəlmələri arasında var-gəl edirdi. Allah eləməmiş, birdən!.. Alnını soyuq tər basır, cib yaylığını çıxarıb tərini sildikdən sonra ürəyindəki şübhələri qovmağa çalışırdı. Az keçmirdi ki, hər şey yenidən təkrarlanırdı.

Bəlkə elə dostlarından kimsə onu qabaqlayıb, onun Bakıda olmamasından istifadə edib rəhbərə bəd xəbərlər çatdırıb? Bəlkə elə dostlarından biri ondan qabağa düşüb? Onsuz da heç kimə etibar etmirdi, heç kimlə məclislərdə səmimiyyətlə oturub yeyib-içə də bilmirdi. Əslində onun xeyirə-şərə də münasibəti çox aqressiv idi. Əgər utanmasaydı bu məclislərin heç kandarına da ayaq basmazdı. Burada bir loğma çörək də boğazından rahat keçmirdi. Elə telefonu əlində nigaranlıqla rəhbərin zəngini gözləyirdi. Bu səbəbdən də onun son illərdə, xüsusilə rəhbərin yanında “bu məqama” yetişməsindən sonra iştirak etdiyi xeyir-şər məclislərində eşitdiyi sözlərdən bir cümlə də yadında qalmamışdı. Çünki o belə məclislərə məcbur olub gedəndə də yalnız yeni məlumatlar toplayıb üstünə özünə sərfəli beş-altısını da yamamaqla “yuxarı çatdırmaq” məqsədilə gedirdi. “Qəhrəmanımız” xeyirdə də, şərdə də bir an dayanmır, elə hey altdan-altdan “işləyirdi”. Bəzən lazımi məlumatları almaq üçün söhbətlərə körpünü özü salırdı. Sözü atırdı, həmsöhbətlərini danışmağa məcbur edirdi, hiylə baş tutan kimi kiriyib danışılan sözləri əzbərləyir, onların alt mənalarını yaradır və “xəbər boxçası”nın dolduğunu hiss edən kimi özünü indi son beş gündə onu bir dəfə də yadına salmayan rəhbərin otağına salırdı. Katibənin bəzən “içəridə qonaqlar var” deməsi onun qanını bir qədər qaraltsa da, bir küncdə əyləşib tez bir zamanda özünü bərpa edə bilirdi.

Amma indi… İndiki halını heç müxtəlif çamurlar ataraq işdən çıxartdırdığı, əmək haqlarını kəsdirdiyi, əvvəlcə özünə sərf edən məqamlarda duz-çörək kəsdiyi, sonradansa çörəklərini kəsdiyi sabiq dostlarına da arzulamırdı. İndiki halına görə yalnız “məzuniyyət”, “istirahət”, “toy”, “yas” sözlərini fikirləşib leksikona gətirənlərin qarasına yazılması mümkün olmayan nələri ürəyindən keçirirdi?! Arvad-uşağı onu bu səfərə məcbur etdiyinə görə ürəyində necə yamanlayırdı! Hətta axşam onlarla haqq-hesab çəkəcəyini, bu beş gündə yeyib-içdiklərini gözlərindən tökəcəyini qətiləşdirirdi. Amma təbiətcə qorxaq olduğundan düşündüklərini ailə üzvlərinə də açıq deməyə cəsarəti çatmırdı və bu da onun üçün növbəti (bəlkə də həmişəki) bir dərdə çevrilirdi. Bu fikirlərin təsiri altında da “inomarka” maşınını sürə-sürə gəlib şəhərə çatdı.

Sabah bazar ertəsi idi. İşə necə gedəcəyini, hardan, nədən başlayacağını, rəhbərin otağına necə, hansı addımlarla qədəm basacağını götür-qoy edirdi. Görəsən əvvəlcə hansı sözü işlətsin? Otağa girəndə sağ ayağını birinci atsın, yoxsa solu. Ani olaraq ona gəldi ki, sağ ayaq soldan ağır olur. Birdən onun tappıltısı bərk eşidilər, bu isə rəhbəri əsəbiləşdirər. Çıxışının mətnini qururdu. Sonra sözlərin, cümlələrin yerini dəyişdirirdi. Bir şey çatmırdı. Son bir həftəni işdə ola bilmədiyindən (Bunu düşünəndə yumruqlarını düyünləyib qəzəblə “istirahət”, “məzuniyyət” sözlərini pıçıldayırdı. Özündən bixəbər bərkdən də deyirdi. Ancaq evdəkilərin eşidə biləcəyindən ehtiyatlanıb tez səsinin tonunu aşağı salırdı) işə yeni xəbərlərsiz gedirdi. Bu isə onun təbiətinə yad idi. Ömründə belə “səhv” buraxmamışdı…

Amma həmin axşam bəlkə də həyatında ilk dəfə ürəyində qəribə hisslər baş qaldırdı. Gözlərinin önündə bu “cah-cəlala” gəlib çatmaq üçün indiyədək haqsızcasına, əziyyətlə qazandıqlarını, zəhmətlə nail olduqlarını əllərindən almaq üçün “baqaja” qoyduğu keçmiş iş yoldaşlarını xatırladı. Əksəriyyəti sağ olmalarına baxmayaraq onların ruha bənzər siluetləri gözlərinin önündən kölgələr şəklində keçməyə başladı. “Köhnə dostların” sonrakı talelərindən də xəbərdar idi. Hamısını izləmişdi ki, birdən gəlib həndəvərində işə-filana düzələrlər, onların gözəl insan, sadiq işçi, haram tikə yeməyən olduqları üzə çıxar, sonra onun işləri yaxşı getməz. Hətta bu minvalla bir neçəsinə sonradan, “donos qardaşları” vasitəsilə mane ola da bilmişdi. Buna nail olmaq üçünsə yeyib-içməyə meylli olmamasına baxmayaraq, restoranda, kafedə candərdi oturub “donos qardaşları”na qonaqlıq da vermişdi.

Eh!!! Onda “işlər” yaxşı gedirdi. Ancaq indi. Bu məzuniyyət, istirahət hardan çıxdı! Yadına hətta bir neçə il öncə qanını qaraldan bir məqam da düşdü. Onda lap ürəyi titrəmişdi. Ölkədə “İnformasiya əldə etmək” qanunu müzakirə olunarkən ağzıgöyçəklərdən (onun təbirincə) biri qanunun “Çuğulluq haqqında qanun” adlanmasını təklif etmişdi. Bunu görən “qəhrəmanımız” gecə-gündüz allaha dua etmişdi ki, kaş qanun qəbul olunanda bu variant keçməyəydi. Tanıyanlar çuğul sözünü onun haqqında gizli və ya açıq şəkildə tez-tez dillərinə gətirirdilər. O, son vaxtlar bu sözü eşitməyə bir qədər adətkərdə olsa da, sona qədər bu ifadə ilə barışa bilmirdi. Tez-tez özünə deyirdi ki, öz aramızdır, “çuğul” axı çox pis səslənir. “Xəbərçi” gedər, lap indiki dövrün yanaşması baxımından “mobil xəbərçi” də pis olmaz. Ancaq “çuğul”… Vay, vay, vay! Hələ üstəlik bu söz qanunda öz əksini taparsa, deməli, rəsmiləşəcək, onun mənasını hamı eşidib başa düşəcək. Bunu həmin vaxt özünə dərd eləmişdi. Qanunun bu adla qəbul edilmədiyini görəndə isə bir neçə gün şadlıq hissləri onu tərk etməmişdi.

Şam yeməyinə çağırdılar. Oğlu idi. Əvvəlcə yerindən tərpənmədi. Sonra həyat yoldaşı gəldi. Bu dəfə durub sabiq iş yoldaşlarını satması hesabına xanımının xüsusi zövqü əsasında haram pullarla, başqalarının məhvi nəticəsində bəzədilmiş (özünün belə səliqəli işlər barədə fikirləşməyə vaxtı və hövsələsi harda idi) yemək otağına keçdi. Boğazı qurumuşdu. Üstü qızılı rəngə çalan bahalı stəkana təbii meyvə şirəsindən süzüb içdi. “Mən yemək yeməyəcəyəm, siz yeyin, iştaham küsüb” deyərək otağı tərk etdi.

Yataqda da bir xeyli yata bilmədi. Yerində qurcalanırdı. Fikirlər onu rahat buraxmırdı. Bircə sabah… Görəsən o, istədiklərinə nail olub “keçmiş günlərini” bərpa edə biləcəkmi? Axx! İstirahət çıxardan!.. Nəhayət, yuxuya getdi.

Səhər açılsa da hələ yatağından qalxmamışdı. Arvadı bundan təəccübləndi. Axı o, hamıdan tez iş yerində olmağa adətkərdə idi. Amma indi durub səs-küy salmadığından arvadı da yatıb yuxuya qalmışdı. Gün-günorta idi. Çağırdı. Cavab çıxmadı. Silkələyəndə isə onun gözləri açıq şəkildə qurumuş meyitini gördü. Rəhbərin “ən sevimli işçisi” ölmüşdü.

Arvad qışqıra-qışqıra əvvəlcə uşaqlarını yuxudan oyatdı. Ardınca rəhbərin katibəsinə zəng etdi. Katibə eşitdiyi xəbərdən sarsıldığını bildirdi. Sonra isə təəssüflə ölüm xəbərini şefə çatdıra bilməyəcəyini söylədi. Sən demə, rəhbər dörd gün öncə təcili olaraq xarici ölkələrdən birinə səfərə çıxıbmış…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO