Azərbaycanda gündəlik və həftəlik ictima-siyasi qəzetlərin oxucu problemi var. Bu yazılı nəşrlərin tirajı əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Ölkədə nəşr olunan ictima-siyasi qəzetlərlə yanaşı, nazirliklrin, ali məktəblərin və digər qurumların sahə qəzetləri də fəaliyyət göstərir.
Maraqlıdır, universitet qəzetlərinin fəaliyyəti hansı səviyyədədir, indi daha çox internetə meyl göstərən tələbələr ali məktəblərdə buraxılan qəzetləri vərəqləyirlərmi?
Bu kimi suallara cavab tapmaq üçün bir neçə universitetdə nəşr olunan qəzetlərin fəaliyyətilə maraqlandıq.
Bakı Dövlət Universitetinin (BDU) “Bakı Universiteti” adlı qəzeti var. Əsası 1929-cu ildə qoyulan qəzet 1947-ci ildən mütamadi olaraq nəşr olunur. 1990-cı ilə qədər «Lenin tərbiyəsi uğrunda” adı ilə Azərbaycan və rus dilində işıq üzü görüb. Qəzetə müxtəlif illərdə Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev kimi jurnalistlər redaktorluq edib. 2007-ci ilin sentyabrından BDU-nun Mətbuat və informasiya şöbəsinə birləşdirlən qəzetin baş redaktoru filologiya elmləri namizədi Şərəf Cəlilli olub. 2009-cu ilin sentyabr ayından müxtəlif səbəblərə görə fəaliyyətini dayandıran «Bakı Universiteti» qəzeti iki ay öncə nəşrini yenidən bərpa edib. İndi qəzetə Anzulə Əmirova rəhbərlik edir. Qəzet 2000 tirajla nəşr olunur, ali məktəbdə pulsuz yayılır.
Universitetin qəzeti barədə BDU-da təhsil alan tələbələrin də fikrini öyrənməyə çalışdıq.
Jurnalistika fakultəsinin 3-cü kurs tələbəsi Ceyhunə Abbasəliyeva qəzeti uzun müddətdir görmədiyini dedi: “Birinci kursda qəzeti görmüşəm. Sonradan nə səbəbdənsə nəşr olunmadı”.
Qəzetlə əvvəllər əməkdaşlıq edən Elşən Məmmədov onun həm pulla, həm də pulsuz yayıldığını dedi: “Əvvəl mən qəzeti 50 qəpikdən alırdım. Sonra bir neçə dəfə pulsuz paylandı. Mən özüm də yazılar verirdim”.
Qəzetin fəaliyyətini bərpa olunduğunu bizdən öyrənən tələbə Vüqar Əliyev buna çox sevindiyini dedi: “Mən qəzetin hər ay buraxılan nömrələrini izləyirdim. Bir-iki dəfə də qəzetə material vermişəm. Ancaq qəzetin 8-9 ay fəaliyyət göstərməməsi universitetin adına ziyan gətirən bir şeydir. Yəqin ki, bundan sonra mütəmadi nəşr olunacaq”.
Azərbaycan Dillər Universitetinin (ADU) qəzeti “Poliqlot” adlanır. Qəzetin baş redaktoru Zeynəb Kazımova onun tarixi barədə bunları dedi: “Azərbaycan Dillər Universiteti fəaliyyətə başladığı ilk vaxtlarda “Bilik” adlı bir qəzeti də nəşr etdirilib. 1990-cı illərin əvvəllərində qəzetin fəaliyyəti çox zəifləyib. Millət vəkili Səməd Seyidov Universitetə rektor təyin olunandan sonra qəzetin fəaliyyətinin canlandırılmasına xüsusi diqqət yetirib. 2001-ci ildə rektorun göstərişi ilə yeni bir qəzet təsis edilib. Yeni qəzetə universitetin adına uyğun olaraq “Poliqlot” adı verilib. Əvvəllər ayda bir dəfə nəşr olunan qəzet 2008-ci ildən formatını dəyişib. Belə ki, həmin tarixdən ADU-da İctimaiyyətlə Əlaqələr və Mətbuat xidməti yaradılıb və “Poliqlot” qəzeti şöbənin tərkibinə daxil edilib. 2009-cu ilin 22 oktyabr tarixindən Azərbaycan Mətbuat Şurasının sıralarına daxil olmuşuq”.
Baş redaktor qəzetdə müxtəlif mövzularda yazıların dərc olunduğunu qeyd edib: “Universitetdə təşkil olunan tədbirləri, həyata keçirilən layihələri, tələbələrin təqdim etdiyi məqalələri qzəetimizin səhifələrində işıqlandırırıq. Ayda iki dəfə olmaqla 1500 tirajla nəşr olunan qəzetin qiyməti 50 qəpikdir. Ayda bir manata hər iki nömrəni almaq mümkündür. Gələcəkdə qəzetin tirajını artırmaq fikrimiz də var”.
Z.Kazımova tələbələrə məcburi qəzet satılmadığını deyir: “Tələbələr arasında qəzetə çox böyük maraq var. Universitetin hər fakültəsində media qrupları yaradılıb. Onlar həm özləri, həm də digər tələbələri bizimlə əməkdaşlığa cəlb edirlər. Biz sadəcə olaraq qəzetimizin fakültələrdə piarını təşkil edirik. Mövzu seçimində də tələbələr sərbəstdirlər. Qəzet əsasən Azərbaycan dilində nəşr olunur. Ancaq qəzetin xüsusi bir səhifəsində rus, ingilis, fransız dillərində də yazılar veririk”.
Azərbaycan Dillər Universitetinin Fransız dil və Ədəbiyyatı fakültəsinin 2-ci kurs tələbəsi Könül Mehdiyeva qəzetlə əməkdaşlıq etdiyini deyir: “Qəzetdə bir neçə yazım çıxıb. Qiyməti də münasibdir. Daim qəzetin nömrələrini izləyirəm”.
Birinci kurs tələbəsi Rasim Lətifov da qəzetlə tanış olduğunu bildirib: “Mən yazı verməmişəm, ancaq qəzetin iki nömrəsini oxumuşam. Maraqlı yazıları var”.
Azərbaycan Texniki Universitetinin (AzTU) “Ziya” adlı qəzeti nəşr olunur. Qəzetin baş redaktoru Müşfiq Çobanlı (Borçalı) AzTU-da ilk qəzetin 1934-cü ildə “Politexnik” adı ilə nəşr edildiyini bildirib: “Azərbaycan və rus dillərində yazılar çap edən “Politexnik” 1990-cı ildən etibarən “Ziya”adı ilə fəaliyyətini davam etdirir. Mən 1991-ci ildən bu qəzetdə müxtəlif vəzifələrdə çalışmışam”.
M.Çobanlı tələbələrin qəzetin ifəaliyyətində aktiv iştirak etdiyini deyir: ““Ziya” qəzeti ayda bir dəfə, 1500 tirajla çıxır. Əsasən Azərbaycan dilində materiallar veririk. Arada rus dilində də yazılar dərc olunur”. M.Çobanlı qəzetin tələbələrə məcburi satılmadığını bildirib: “Qəzetin qiyməti 50 qəpikdir. Heç bir məcburiyyətdən söhbət gedə bilməz. Kim istəsə, könüllü şəkildə pulunu verib alır”.
Universitetin Maşınqayırma fakültəsinin tələbəsi Ülvi Rəhimov “Ziya”nı mütəmadi izlədiyini deyir: “Ayda bir dəfə dərc olunur. Bəzən dəyərli materiallar yerləşdirilir. Aylıq abunəyə mən də yazılmışam. Amma qrupumuzda qəzeti alan tələbə çox azdı. Nədənsə qəzet oxumaqda maraqlı deyillər”.
Digər tələbə Zamiq Orucov isə universitet qəzeti ilə tanış olmadığını bildirib: “Maraqlanmamışam. Heş mən ümumiyyətlə qəzet oxuyan deyiləm”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qəzeti yoxdur. Universitetin mətbuat xidmətinin rəhbəri İntiqam Mehdizadə deyib ki, bu ali məktəbin ümumiyyətlə qəzeti olmayıb: “Mən 2007-ci ildən universitetdə işləyirəm. Dəfələrlə bu məsələni rəhbərlik qarşısında qaldırmışam ki, universitetin qəzeti olmalıdır. Bu barədə rektora da müraciət göndərmişəm. Bilmirəm nədənsə, qəzet buraxmaq fikirləri yoxdur. Bu ciddi bir məsələdir. Düşünürəm ki, bu problem aradan qaldırılmalıdır”.
ADMİU-nun Rejissorluq fakültəsinin 3-cü kurs tələbəsi Elnur Quliyev universitetin qəzetinin olub-olmamağı barədə heç nə bilmir: “İndi siz dediniz bildim ki, universitetimizin qəzeti yoxdur. Ümumiyyətlə indiyədək heç maraqlanmamışdım”.
2-ci kurs tələbəsi Günel Allahverdiyeva qəzetin çıxmasının vacib olduğunu deyir: “Biz bir neçə dəfə fakültəmizdə də bununla bağlı müzakirələr aparmışıq. Hər bir universitetin qəzeti olmalıdır. Bu gün özəl universitetlərin qəzeti var, ancaq ADMİU-nun qəzeti yoxdur. Məncə bu universitetin adına xələl gətirən bir şeydir”.
4-cü kurs tələbəsi Zaur Mirzəyev də eyni fikirdədir: “Məncə bu problem tezliklə həllini tapmalıdır. Biz bu il universiteti bitirəcəyik. Heç olmazsa bizdən sonra gələn tələbələr universitetin qəzeti ilə tanış olsunlar”.
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) “Neft kadrları uğrunda” qəzeti nəşr olunur. Qəzetin baş redaktoru Faiq Qurbanovdur. 1929-cu ildən fəaliyyət göstərən qəzet ayda bir dəfə olmaqla 3000 tirajla çıxır. Öyrəndik ki, qəzet təhsil ocağında pulsuz paylanır.
Ancaq tələbələrlə söhbətimiz zamanı bəlli oldu ki, onlar qəzetə yazı verməkdə elə də maraqlı deyillər. 3-cü kurs tələbəsi Orxan Cavadov qəzetin üzünü belə görmədiyini dedi: “Qəzet haqqında heç bir məlumatım yoxdur”.
Bakı Slavyan Universiteti (BSU) “Tələbə dünyası” adlı qəzet təsis edib. Qəzetin baş redaktoru Vüqar Musayevdi. Qəzetin ilk sayı 9 noyabr 2000-ci il tarixində nəşr edilib. Onun hazırki tirajı 500-dən bir qədər çoxdur və səkkiz səhifədən ibarətdir. “Tələbə dünyası” ayda iki dəfə nəşr olunur.
Universitetin tələbələri ilə söhbətimiz zamanı onlar bizə bildirdilər ki, qəzetin abunə haqqı həm bahadır, həm də məcburidir.
Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Günel Alışova: “İllik abunə haqqı 6 manatdır. Qəzetin biri isə 50 qəpikdir. Bəzən məcburi verirlər”.
Ancaq bəzi tələbələr bunu təkzib etdilər. 2-ci kurs tələbəsi Vahid Səfərov: “Mən qəzetə mütəmadi yazılar verirəm. Hər zaman da könüllü şəkildə qəzet almışam”.
Azərbaycan Tibb Universitetinin (ATU) təsis etdiyi qəzet “Təbib” adlanır. Rəsmi qaydada çap mətbuatı kimi 1933-cü ilin 16 dekabrında ilk sayı işıq üzü görən qzəet o zaman “Tibbi kadro uğrunda” adlanıb. O zamana qədər bu ali məktəbdə bir neçə sayda divar qəzeti buraxılıb. 1937-ci ilin 20 noyabrından etibarən “Medisina kadrları uğrunda” adı altında fəaliyyətini davam etdirən ali məktəb qəzeti 1969-cu ildə yenidən “Tibb kadrları uğrunda” adlandırılıb.
Azərbaycan Tibb Universitetinin “Tibb kadrları uğrunda” qəzeti 1990-cı ilin sentyabr ayından “Təbib” adı ilə nəşr olunur. Ayda iki dəfə işıq üzü görən “Təbib” qəzetində universitet həyatı, səhiyyə və başqa mövzularda yazılar dərc olunur.
Universitetin müalicə işi fakültəsinin tələbəsi Cəmilə Quliyeva qəzetdə maraqlı yazıların verildiyini deyir: “Qəzetin abunə haqqı ayda 1 manatdır. Bəzən pulsuz yayılır. Vacib məlumatları ordan oxumaq mümkündür”.
4-cü kurs tələbəsi Vüqar Ələkbərov: “Məcburiyyət yoxdur. Kimin üçün maraqlıdırsa, o da alır. Bəzən maraqlı məlumatlar olur ki, biz həmin yazılardan qaynaqlanıb dərsə də cavab verə bilirik”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Gənc müəllim” qəzeti 1958-ci ildən nəşr olunur. Müxtəlif vaxtlarda qəzetə redaktorluq edən Kamal Qəhrəmanov, Zahid Xəlil, Sərhəd Məmmədov, Zakir Sərdarov, Əziz Axundlu, Təranə Rəhimli universitetin elmi-mədəni nailiyyətlərini «Gənc müəllim»in səhifələrində işıqlandırmaqla yanaşı, tələbə-gənclərin yaradıcılığına da xüsusi qayğı ilə yanaşıb, onlarla fəal iş aparıblar. Son zamanlar qəzetin səhifələrinin artırılması, tirajının çoxaldılması, iki rəngdə nəşr olunması, yüksək kompüter dizaynı ilə təmin edilməsi «Gənc müəllim»in texniki cəhətdən təkmilləşməsinə şərait yaradıb.
Jurnalist Mənsur İbrahimovun redaktorluğu, Aysel Abizadənin məsul katibliyi ilə nəşr edilən «Gənc müəllim» qəzeti ADPU-nun elmi-mədəni həyatında baş verən hadisələrin fəal iştirakçısı və şərhçisi kimi səmərəli fəaliyyətini davam etdirir. Universitetin tələbələri də qəzetin fəaliyyətini yüksək qiymətləndirirlər.
Sumqayıt Dövlət Universitetinin ayda iki dəfə “Sumqayıt” adlı qəzeti nəşr olunur.
Lənkəran Dövlət Universitetinin qəzeti yoxdur.
Özəl ali məktəblərdən Xəzər Universiteti “Xəzər-Xəbər”, Azərbaycan Beynəlxalq Universiteti “Beynəlxal Universitet”, Qafqaz Universiteti və Odlar Yurdu Universitetinin eyni adlı qəzetləri fəaliyyət göstərir.