“Unibank” Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə 2009-cu ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis olunan Milli Kitab Mükafatının (MKM) rəsmi sponsoru olub.
Hər il ən yaxşı ədəbiyyat əsərlərin müəlliflərinin təltif edildiyi bu layihənin sponsoru olaraq, Bank müasir Azərbaycan ədəbiyyatının inkişafına əhəmiyyətli pay verə biləcək bütün yazıçılara dəstək vermək niyyətindədir. MKM-ın sponsorları tərəfindən ayrılan vəsait ən yaxşı müəlliflərin dəstəklənməsinə və onların əsərlərinin dərc edilməsinə xərclənəcək.
“Əminəm ki, uğurlu biznes təkcə gəlirin əldə edilməsi deyil, həm də vətəndaşlar və bütövlükdə cəmiyyət qarşısında məsuliyyətdir. Məhz buna görə biz, korporativ təsisatlar arasında ilk cərgədə Milli Kitab Mükafatı layihəsini dəstəklədik”, – deyə “Unibank” ASC İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib. Onun sözlərinə görə, “Unibank” ölkənin mədəni irsinin qorunub saxlanılmasının və artırılmasının əhəmiyyətini dərk edir və imkan daxilində bu prosesdə iştirak etməyə çalışır.
“Bu təqdirəlayiq haldır ki, “Unibank” kimi iri banklar milli ədəbiyyatın dəstəklənməsinin və bizim layihədə sponsorluğun əhəmiyyətini dəyərləndirir”, – Nigar Köçərli, MKM-nın təsisçisi, belə hesab edir. Onun fikrincə, “Unibank”ın və layihənin digər sponsorlarının maliyyə köməyi ilə, yazıçıların dəstəklənməsi ənənəsinin davam etdirilməsi Azərbaycan ədəbiyyatının inkişafı üçün əhəmiyyətli addım olacaqdır. “Digər ölkələrin təcrübəsi onu göstərir ki, bu cür mükafatlar məhz milli korporasiyalar tərəfindən dəstəklənir, və çox yaxşı bir haldır ki, belə bir təcrübə bizdə də formalaşmaqdadır”, – deyə O fikrini tamamlayıb.
N.Köçərlinin sözlərinə görə, ədəbiyyat əsərlərinın Milli Kitab Mükafatı müsabiqəsinə təqdim edilməsi prosesi noyabrın 25-də start götürür və 2011-ci ilin yanvarın 11-nə kimi davam edəcək. Təqdim olunan əsərlərin qiymətləndirilməsi ilkin mərhələdə peşəkar ekspertlər tərəfindən aparılacaq. Nəticədə namizəd əsərlərin əvvəl “uzun siyahısı”, sonra isə “qısa siyahısı” hazırlanacaq. Sonrakı mərhələdə seçilən əsərlər Rüstəm İbrəhimbəyov, Elçin Şıxlı, Çinqiz Abdullayev və xalq arasında digər nüfuz qazanan yazıçı və publisistlərdən ibarət Münsiflər Heyətinin diqqətinə veriləcək. Qaliblərin elan edilməsi və Milli Kitab Mükafatla təltif olunma mərasimi 2011-ci ilin mayın 31-də keçiriləcək.
Modern.az