Bu günlərdə “Ulduz” ədəbi-bədii jurnalının növbəti sayı oxuculara təqdim olunub. Dərgi yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Gözünə gün düşür” hekayəsi ilə açılır. Jurnalın bu sayında Balayar Sadiq, Zirəddin Qafarlı, Kəramət Böyükçöl, Şəhla Əzizqızı, Həyat Şəminin şeirləri dərc edilib. “Unudulmayanlar” rubrikası mərhum şair Nüsrət Kəsəmənliyə həsr olunub. Çağdaş Ukrayna poeziyasından tərcümələri Səlim Babullaoğlu təqdim edib. Hicran Hüseynovanın “Ədəbiyyat haqqında deyilməyənlər”, Şakir Abdullayevin “Azərbaycan gəlini xoşbəxtlik rəmzidir”, Aydın Xan (Əbilov) “Kulturoloji baxış”, İbrahim Selin “Qırx il sonra”, Pərvanə Cavidin “Sinif yoldaşı” yazıları, Mahirə Abdullanın “Ağıllı qadının intiharı” neo-romanı, Yakup Ömeroğlunun “On dollar” hekayəsi də dərginin bu sayındadır. Həmçinin son on ildə internet səhifələrində ən çox sitat gətirilən müəlliflərdən olan Milorad Paviçin avtobioqrafik essesi “Ulduz”un oxucularına təqdim olunub. Ağalar İdrisoğlunun “İyirmi illik məşəqqətli və maraqlı yaradıcılıq yolu” adlı yazısı 27 Mart Beynəlxalq Teatr Günü münasibətilə qələmə alınıb.