İTV “Ovqat” verilişi ilə bağlı son qərarını verib

Azərbaycan İctimai Televiziyası (İTV) “Ovqat” verilişi ilə bağlı Azərbaycan Televiziyası ilə arasında yaranmış insidentə sön verən qərarını açıqlayıb. Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov APA-ya açıqlamasında deyib ki, məsələ İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovun iştirakı ilə Direktorlar Şurasının iclasında müzakirə olunub.

T. Məmmədov bildirib ki, İ. Ömərov bu insidenti “çox bəsit” adlandırıb və belə emosional münasibəti doğru hesab etməyib: “İsmayıl müəllim dedi ki, “Ovqat” proqramının İctimai televiziyaya məxsus olduğunu tamaşaçılar gündüzün gecəni əvəz etdiyi reallıq qədər aydın bilirlər. 4 ildir proqram efirimizdə, şəhadətnamə də əlimizdədir. Biz nəyi sübut etməliyik ki? Bəzi başqa kanalların götürmək istədiyi, maraq göstərdiyi təkcə “Ovqat” proqramı deyil. Bizim çoxsaylı layihələrimizə bu cür maraq göstərirlərsə, buna qəzəblənmək, qısqanmaq yox, sevinmək lazımdır. Son dövrlərin ən aktual mövzularından olan teleməkanın acınacaqlı vəziyyətini telekanallar bir-birinə baxıb düzəldirlərsə, bu özü çox yaxşı haldır. Bu ümumi işimizin tərkib hissəsidir və heç kəsə sirr deyil ki, bu gün İctimai Televiziyanın kollektivi öz peşəkarlığı və hazırlığı ilə fərqlənir. Bu gün teleməktəb missiyası onun üzərinə düşür və bu peşəkar kadrların, layihələrin başqa kanallara getməyi təbiidir. Konkret halda son bir ildə AZTV-yə 10 nəfərə yaxın əməkdaşımızın getməyi onlar üçün qazancdırsa, bizim üçün itki deyil. O cümlədən də “Ovqat” verilişinin həm aparıcısının, həm də rejissorunun getməyi. Bizim hələ efirə çıxası ehtiyatda neçə-neçə layihələrimiz var. Bu qədər yerli və beynəlxalq layihələrin, canlı telekörpülərin olduğu halda niyə artıq öz-özünü təkrarlayan, 4 ildir yayımladığımız bir layihənin adının davasını çəkirsiniz? Biz yanvarın 10-dan etibarən hər bazar günü səhər tezdən “Səhər Sovqatı” adlı yeni proqram yayımlayacağıq. Bütün dünyaya səpələnmiş azərbaycanlılar, türk dünyası bu sovqatda mənəvi bir rahatlıq, saflıq tapacaq”.

Tahir Məmmədov bildirib ki, İsmayıl Ömərovun bu təklifini Direktorlar Şurası da qəbul edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO