Türkiyə Nazirlər Kabinetinin Mətbuat-yayım və informasiya idarəsinin baş direktoru Murat Karakayanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 1-də Azərbaycana gələcək.
Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Bakıdakı Türk Şəhidliyini ziyarət edəcək, Mətbuat Şurasında və “AzərTAc” informasiya agentliyində olacaq. Dekabrın 2-də M.Karakayanın rəhbərlik etdiyi heyət Bakıda Türkiyə səfirliyinin Mətbuat Müşavirliyi tərəfindən düzənlənəcək seminara qatılacaq.
Seminarda qəzet və jurnallarda səhifə dizaynı, televiziya xəbərçiliyi və televiziyada reportaj texnikaları, görüntülü xəbər vermə texnikaları, videoreportajların hazırlanmasında son inkişaf, Türkiyə və dünya mediasında reklam, Türkiyə Mətbuat Elan Təşkilatı və rəsmi elanlar, Türkiyədə mətbuatla dövlət təşkilatları arasındakı problemlərin həlli yolları mövzularında məruzələr dinlənəcək. Nümayəndə heyəti dekabrın 3-də Parlament Jurnalistləri Birliyi tərəfindən təşkil olunmuş tədbirdə iştirak edəcək.