Türk dili Azərbaycan dilinə necə çevrildi?

Türk dili Azərbaycan dilinə necə çevrildi?Bu gün bir çoxları üçün «Türk dili»nin yerinə «Azərbaycan dili»nin necə meydana çıxması və onun mahiyyəti haqqında kifayət qədər bilgi yoxdur. Buna səbəb də «Azərbaycan dili» anlayışının hansı şəraitdə meydana çıxması ilə bağlı elmi ədəbiyyatda, o cumlədən mətbuatda əsasən, birtərəfli məlumatların və yaxud informasiyaların öz əksini tapmasıdır. Xüsusilə, yeniyetmələrin və gənclərin əksəriyyəti üçün «Azərbyacan dili»nin necə meydana çıxması, eyni zamanda Azərbaycan xalqının dilinin 1937-ci ildən etibarən nədən bu cür adlandırılması haqqında konkret təsəvvür yoxdur. Bu baxımdan fikrimizcə, milli dil məsələsi ilə bağlı üç önəmli faktora aydınlıq gətirilməsinə ehtiyac vardır:

1) «Azərbaycan dili» meydana çıxana qədər mövcud türk dili ətrafında baş verən siyasi-ideoloji hadisələrə (1920-1936);

2) «Azərbaycan dili» anlayışının hansı şəraitdə yaranmasına və belə bir anlayışın meydana çıxmasının xalqın istəyi ilə yoxsa, SSRİ rəhbərlərinin göstərişi əsasında baş verməsinə (1937-1991);

3) «Azərbaycan dili» Azərbaycan xalqının, xüsusilə onun böyük əksəriyyətini təşkil edən Azərbaycan türklərinin milli dilini özündə nə qədər əks etdirməsinə (1991-2012).

Birinci amillə bağlı, öncə qeyd edək ki, Azərbaycan Cümhuriyyəti dövründə (1918-1920) milli dil məsələsi, əsasən çözülmüşdü. Belə ki, Cümhuriyyət ideoloqları çar Rusiyasının «tatar», paniranizm ideoloqlarının İran mənşəli «azəri» kimi qələm verdikləri bir dilin əsilində türk dili olduğunu irəli sürməklə kifayətlənməmiş, eyni zamanda türk dilini Azərbaycan Cümhuriyyətinin rəsmi dili elan etmişdilər. Bununla da, XX əsrdə türksoylu millətlər arasında Azərbaycan türkləri, birinci olaraq dövlət dilini türk dili adlandırmış və ona rəsmi bir status vermişlər.

Ancaq Cümhuriyyət dönəmindən fərqli olaraq, SSRİ dövründə milli dil məsələsinə münasibət ideoloji savaşlar şəklində özünü büruzə vermişdir. Belə ki, Sovetlər Birliyi dövründə Azərbaycanda «milli dil» məsələsi iki: 1) milli dilin-türk dilinin təmizlənməsi və formalaşması (1920-1936); 2) milli dilin-türk dilinin «Azərbaycan dili» ilə əvəz edilməsi və bu dilin hüquqi, yəni dövlət dili statusunun müəyyənləşdirilməsi (1937-1991) mərhələlərindən keçmişdir.

İlk mərhələdə sovet ideoloqları Azərbaycan türklərinin dilinə və milli kimliyinə əsasən toxunmamışlar. Bu baxımdan Azərbaycan SSR MİK və XKS-nin 1923 31 iyul dekretində qeyd olunurdu ki, əksər komissarlıqlar kəndli kütlələri ilə daha çox əlaqədə olan aparatlar olduqları üçün milliləşdirilsinlər, yəni türk dili tətbiq edilsin. Qalan xalq komissarlıqlarına və idarəetmə orqanlarına bir vəzifə olaraq tapşırılsın ki, özlərinin qəzalarla əlaqələrini və yazışmalarını türk dilində aparsınlar. Eyni zamanda türk dili məcburi olaraq bütün məktəblərdə, ali məktəblərdə, kurslarda bir fənn kimi tətbiq edilməlidir. Burada göstərilirdi ki, yalnız xalq komissarlıqlarının ZSFSR və SSRİ idarələri ilə əlaqə dili rus dilidir.

Sovet müəlliflərinin yazmasına görə, 1920-1936-cı illərdə milli dilin təmizlənməsi və formalaşması ilə bağlı uç fikir cərəyanı: 1) türk dilinin qədim və yeni türk sözləri əsasında təmizlənməsi (bizcə, ortaq türkcədən çıxış edən türkçülük – millilik tərəfdarları); 2) türk dilini rus və rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlərlə zənginləşdirmək istəyənlər (bizcə, beynəlmiləlçilik – rus bolşevizminə xidmət edənlər); 3) ərəb və fars mənşəli sözlərin saxlanılaraq, yeni terminlərin də onların əsasında formalaşdırılmasını istəyənlər (bizcə, islamçılıq – dini birliyə meyil edənlər) olmuşdur.

Bizim fikrimizcə isə, həmin mərhələdə (1920-1936) milli dilin təmizlənməsi və formalaşması uğrunda əsas mübarizə ilk iki cərəyan: türkçülük-millilik və beynəlmiləlçilik (ilk dövrlərdə beynəlmiləçilər xalqlaşmaq yolu tutsalar da, sonralar Mərkəzin təsiri altında onların əksəriyyəti beynəlmiləçiliyə üz tutdular) arasında getmişdir.

Bu dövrdə dildə türkçülük-millilik tərəfdarları (B.Çobanzadə, F.Ağazadə,dlkərəstaşmasıış edən H.Zeynallı, C.Cabbarlı, V.Xuluflu və b.) milli dil məsələsində klassik türkcə ilə xalq dilinin uzlaşmasına önəm vermişlər. Milli dilin mühüm tərkib hissəsi olan terminologiya ilə bağlı Azərbaycan türk aydınlarının əksəriyyətinin mövqeyi belə idi ki, ərəb və fars mənşəli, eləcə də beynəlxalq terminləri dilimizdən çıxararaq yerində qədim türkcədə olan sözləri, yaxud da türk dilinə uğyun yeni sözləri işlətmək lazımdır. 1926-cı ildə Bakıda keçirilən 1-ci Ümumittifaq türkoloji qurultayda, eləcə də həmin dövrdə Bakıda nəşr olunan bir sıra qəzet və jurnallarda da mililik tərəfdarlarının bu ideyası ciddi şəkildə dəstək qazanmışdır.

Qeyd edək ki, həmin dövrdə milli ədəbi dilin qədim türkcə və yeni sözlər əsasında formalaşmasının tərəfdarları bu fikirlərini sübuta yetirmək üçün bir sıra əsərlər və məqalələr yazmışlar. Onlar bu əsərlərində Azərbaycan türk dilinin qədim türkcənin bir bir parçası olduğunu iddia edirdilər. Məsələn, bu xətti müdafiə edən tanınmış dilçi alimlərdən Bəkir Çobanzadəyə görə, Azərbaycan türk dili türk-tatar dilinin bir parçası, bir budağıdır. Türk-tatar dilinin abidələri isə Orxon-Yenisey abidələri, «Kutadqu bilik», «Divani-lüğatit-türk» və başqaları olmuşdu. Onun fikrincə, türk dilinin azəri (Azərbaycan) ləhcəsi isə XI əsrdə oğuz-qıpçaq ləhcəsindən əmələ gəlmişdir. Beləliklə, Çobanzadə belə nəticə çıxarır ki, türk dilinin «azəri ləhcəsi oğuz-qıpçaq qrupunun bir budağıdır və türkməncədən az, anadolucadan ziyadə şimali və ya şərq şivə qruplarının təsiri altında bulunmuşdur». O yazırdı ki, hazırda (1920-1930-cu illərdə) milli dilin formalaşması ilə bağlı üç cərəyan var:

1) Xalqın dilində yazmağa üstünlük verənlər («mollanəsrəddinçi»lər və b.);

2) İstanbul ədəbi şivəsinə üstünlük verənlər (H.Cavid və b.);

3) Orta mövqe tutanlar – xalqın canlı danışıq dili və klassik ədəbi dilin bütövlüyündən çıxış edənlər.

B.Çobanzadənin fikrincə, ilk iki cərəyanın irəli sürdüyü prinsiplər əsasında Azərbaycanda ədəbi dil yarana bilməz. Çünki, birincisini ədəbi sistemə salmaq mümkün olmadığı kimi, ikincisi isə Azərbaycan türk dilinin xüsusiyyətlərini kifayət qədər əks etdirmir. Bu baxımdan xalqın canlı danışıq dili və klassik ədəbi dilin bütövlüyündən çıxış edənlərin ədəbi dili istiqbala malikdir.

Bu dövrdə dilçi alimlərdən Fərhad Ağazadə də B.Çobanzadə kimi, hesab edirdi ki, dilimizdə minlərcə əcnəbi kələmələr var ki, türkləşdirmək olmur. Ona görə də türkləşə bilməyən kəlmələrin qədim türkcəsi var ki, onları canlandırmaq və dilimizə gətirmək lazımdır. Qədim türkcədə qarşılıqı olmayan sözləri isə başqa türk dillərindən (cığatay, altay və b.) almaq lazımdır. O yazırdı ki, min ildən çoxdur ki, türkcənin başına böylə oyunlar gəlmişdir; minlərcə kəlmələrimiz atılmış və unudulmuşdur, dilimiz də bundan dolayı kasıblaşmışdır: «Bir dil ki, onun yer üzündə yüz milyonluq sahibi ola, aya o dil ölərmi? Əlbəttə, ölməz! Yarımcan qalmış türkcəmiz indi dirilmək istəyir, köhnə zənginliyinə qayıtmaq fikrindədir».

Həmin dövrün ziyalılarından Hənəfi Zeynallı yazırdı ki, dilçilərin əksəriyyəti Azərbaycanı cənub türkləri qrupundan sayırlar. Ancaq bu mülahizə yanlışdı və zaman gələcək, bəlkə də araşdırmalar nəticəsində «Azərbaycan ləhcəsini bütün türk ləhcələrinin ortası sayacaqlar». O yazırdı ki, istilaçılar «zamanında xalq yaradıcılığının bir qismi olan el ədəbiyyatı, el söz və ahəngi, el vəzni, el düşünüşünün büsbütün xatirələrdən silinməsinə çalışılmışdır. El sözünü işlətmək istəyənlər bu elin yağıları nüfuzuna tabe olaraq sapqın mülhazilərə uymuşdular. Hətta o dərəcəyə varmışdılar ki, həqarətlə «türk demişkən» demədikcə öz ana dilindəki bir sözü işlətməyə cəsarət edə bilməzmiş». Bu baxımdan H.Zeynallı da qeyd edirdi ki, milli dilin təmizlənməsi türkün öz dilinə və onun qayda-qanunlarına əsaslanmalıdır.

Milli ədəbi dilin qədim türkcə əsasında formalaşdırılması baxımından 1930-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu tərəfindən cəmi iki buraxılışı nəşr olunan «Azərbaycan türk xalq şivələri lüğəti» diqqətəlayiqdir. Bu nəşrin müəllifləri (B.Çobanzadə, V.Xuluflu, Ə.Haqverdiyev, N.İ.Aşmarin, A.R.Zifeldt və b.) də yazırdılar ki, «Azərbaycan türk dili osmanlı dilindən çox əvvəl təşəkkül etmişdir; çünki daha XI əsrdə Mahmud Kaşğari tərəfindən göstərilən «Oğuz – Qıpçaq» ləhcəsinin xüsusiyyətləri bu gün də azəri türk dilinin xüsusiyyətlərinin mühüm bir qismini təşkil edir». Ancaq bütün hallarda osmanlı türk dili ilə Azərbaycan türk dilinin kökünün bir olduğunu yazan müəlliflər qeyd edirdilər ki, ancaq 15-16-cı əsrlərdə osmanlı ədəbi dili azəri türk dilindən ayrılmışdı. Sonralar azəri türk dilinə İran-fars, Slavyan-rus, şimali türk-tatar dillərinin də müəyyən təsiri olmuşdur. Onların fikrincə, hazırda Azərbaycan-türk ədəbi dilinin yaranmasına zərurət bir tərəfdən ərəb-fars sözlərindən qurtulmaq, digər tərəfdən elm və sənayə ilə ayaqlaşmaqdan ötrüdür. Bunun üçün isə, onlar klassik azəri türkcəsinin və onun əsasında ədəbi dilin formalaşmasını təklif edirdilər. Görünür, bu kitabın Azərbaycan türk dilinin inkişafında mühüm rol oynayacağını görən sovet ideoloqları cəmi iki («A» və «B») buraxılışdan sonra, onun nəşrini dayandırmışlar.

Bu dövrdə Azərbaycan türklərinin öz dilinə bağlılığın nəticəsi olaraq, bolşevizmə daha çox bağlı olan mütəfəkkirlərin, şair və yazıçıların (S.M.Əfəndiyev, C.Məmmədquluzadə, H.K.Sanılı, Qantemir, R.Rza, S.Vurğun və b.) əsərlərində belə, milli dilə bağlılıq özünü büruzə vermişdi. Ancaq milli dil məsələsində beynəlmiləlçilik tərəfdarları xalqın canlı danışıq dilində yazmağa üstünlük verməklə yanaşı, rus və avropamənşəli sözlərə də meyil göstərirdilər. Ümumiyyətlə, türkcənin milliləşdirməsinə-qədim türkcəyə müraciət edilməsinin əleyhinə olanlar əsasən, milli dil məsələsində «mollanəsrəddinçilər»in mövqeyini müdafiə edirdilər. Buna səbəb, «mollanəsrəddinçi»lərin 27 aprel işğalından öncə də dil məsələsində ortaq türk dilinin deyil, Azərbaycan türk dilinin inkişafına çalışmaları və bu zaman rus və avropa mənşəli sözlərə meyil etmələri idi. Bu baxımdan beynəlmiləlçilik tərəfdarları üçün Azərbaycan-türk ədəbi dilinin formalaşmasında ən yaxşı variant «mollanəsrəddinçilər»in yolu idi.

Halbuki, artıq 1920-1930-cu illərdə «mollanəsrəddinçilər»in əsas siması olan Cəlil Məmmədquluzadə özü belə, Azərbaycan-türk dilinin ədəbi dili kimi onların cərəyanının qəbul edilməsini tamamilə məqsədə uyğun saymamışdı: «Əlbəttə, bu dil ki, biz onunla «Molla Nəsirəddin»i yazırdıq, o dili biz ümumi türklər üçün ədəbi dil hesab etmək fikrində deyilik və bu da bizə heç lazım deyil. Bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan bir dillə Azərbaycan türklərinə və bəlkə də sair türklərə yetirmək idi. Və zənn edirəm ki, yetirirdik də… Bizim də şüarımız dil yaratmaq deyil idi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi». Bu dövrdə Sultan Məcid Əfəndiyev də hesab edirdi ki, Azərbaycan-türk dili ərəb-fars sözləri ilə dolu olan nə İstanbul şivəsini yamsılamalı, nə də qədim türkcə ilə uğraşmalıdır: «Belə bir adi həqiqəti yadda saxlamaq vacibdir ki, danışdığımız kimi yazmaq, yazdığımız kimi danışmaq lazımdır». Hətta, bu dövrdə Səməd Vurğun «Azərbaycan türkcəsi yaratmaq» devizi ilə, onu pozan, barbarizmə aparan təşəbbüslərə qarşı çıxmışdı.

Ancaq burada əsas məsələ ondan ibarətdir ki, yerli beynəlmiləçilər milli dilin xalqlaşması dedikdə, xalqın danışdığı türkcəni nəzərdə tutduğu halda, sovet ideoloqları isə xalqlaşmaqi adı altında türk dilinin əsas mahiyyətinin və məzmununun bəsitləşdirilməsi və sonralar əvəzində, türk dilinin rus və avropa mənşəli sözlərlə doldurulmasını qarşılarına məqsəd kimi qoymuşdular. Başqa sözlə, S.M.Əfəndiyevin təbrincə desək, 1930-1940-cı illərdə bir tərəfdən türk dili «ərəbçilik və farsçılıq təsirindən müvəffəqiyyətlə azad edilir», digər tərəfdən fikrimizcə, sürətlə ruslaşdırılır və beynəlmiləlləşdirilirdi. Bu baxımdan «mollanəsrəddinçilər»in xalqa yaxın yol tutmasını əlində bayraq edərək, onların İstanbul şivəsini və qədim türkcəni tənqid etməsini təqdir edənlər, ancaq sonralar «Azərbaycan dili» altında bu dilin ruslaşdırılması və avropalaşdırılması məsələsində eyni mövqe tutmurdular. Halbuki osmanlıpərəstlərdən daha çox, ruspərəstlər türk dilini xalqın dilindən ayırır, onu beynəlmiləlləşdirir və kosmopolitləşdirirdilər.

Göründüyü kimi, 1937-ci ilə qədər (Az.SSR Konstitusiyasından «türk dili», «türk milləti» və buna uyğun anlayışlar ləğv edilənə qədər) istər millilik tərəfdarları, istərsə də bolşevizmə meyil edən bəzi ziyalılar, əsasən ərəb və fars mənşəli sözlərə qarşı çıxır və türk ədəbi dilinin qədim türkcə və yeni türk sözləri əsasında formalaşdırılması uğrunda mübarizə aparırdılar. Ancaq milli dil məsələsinin müzakirəsində beynəlmiləlçilər əvvəlcə dildə xalqlaşmaq-xalqın danışdığı türk dilində milli dil yaratmaq yolu tutsalar da, 1930-cu ilin ortalarından etibarən bu fikrin nümayəndələrindən bəziləri deyirdilər ki, türk dilindəki ərəb və fars mənşəli sözləri rus və Avropa mənşəli sözlərlə əvəz etmək lazımdır.

Çox təəssüflər olsun ki, repressiyanın güclənməsi və əksər milli ziyalıların da qətlinə fərman verilməsi ilə ikinci xətt üstünlük təşkil etməyə başlamış, Azərbaycan-türk dilinə əsasən rus, qismən də Avropa mənşəli terminlər daxil olmağa başlamışdır. Belə ki, «məzmunca sosialist, formaca milli mədəniyyət yaradılması», «Lenin dilinin öyrənilməsinin vacibliyi» devizləri altında Azərbaycan türk insanı milli mənəvi dəyərlərindən uzaqlaşdırılırdı. Bununla da Azərbaycan türk dilinin türkləşməyə, daha doğrusu kökünə-mənşəyinə qayıtmağa başladığı 30-35 illik bir dövr geridə qalır, onun yerini «böyük, xilaskar qardaşın» rus əlifbası və rus terminləri tuturdu. Bu baxımdan 1930-cu illərin ortalarında mühacir mütəfəkkirlərimizdən Mirzə Bala Məmmədzadə doğru yazırdı ki, sovet ideoloqları ruslaşdırma nəticəsində yarı rusca, yarı türkcə olan «internasional» dil yaradırdılar. Bununla da, sovet ideoloqları türk dilini «Azərbaycan dili» ilə əvəz etməyə addım-addım yaxınlaşırdılar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO