Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqlə görüşüb.
Bu barədə APA-ya məlumat verən Ə.Amaşov bildirib ki, görüşdə Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı fikir mübadiləsi aparılıb: “Mətbuat Şurası bu ili Azərbaycanda “Diffamasiya ili” elan edib və fəaliyyətini, əsasən jurnalistlərin peşə-davranış qaydalarına əməl etməsi istiqamətində quracaq. Bu istiqamətdə fikir mübadiləsi aparıldı”.
Ə.Amaşov deyib ki, T.Hammarberq həbsdə olan jurnalistlərin vəziyyətilə maraqlanıb: “Novruz bayramı ərəfəsində həbsdə olan jurnalistlərə baş çəkəcəyik. Şura indiyədək həbsdəki jurnalistlərlə bağlı bir neçə dəfə müraciət edib. Milli mətbuatın yaranmasının 135 illiyi ərəfəsində bu məsələ yenidən müzakirə olunacaq”.
Şura sədrinin sözlərinə görə, T.Hammarberq peşə prinsiplərinə əməl etməyən KİV-lərdən ibarət “qara siyahı” və Mətbuat Şurasında vətəndaşların müraciətlərinə baxılma qaydası ilə də maraqlanıb.