Tofiq Kazımova həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məryəm Əlizadənin müəllifi olduğu və görkəmli rejissor, xalq artisti, dövlət mükafatları laureatı Tofiq Kazımova həsr olunmuş “Dördüncü ölçünün rəngləri” adlı monoqrafiyanın təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən teatrın direktoru, sənətşünaslıq doktoru İsrafil İsrafilov Tofiq Kazımovun Azərbaycan teatr tarixindəki müstəsna xidmətlərindən söz açıb. O, nəşr olunan kitabın teatr xadimləri ilə yanaşı, bütün ictimaiyyətin marağına səbəb olacağını deyib.

Kitabın müəllifi, eyni zamanda Tofiq Kazımovun tələbəsi olmuş sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə belə bir sənətkar haqqında kitab yazdığına görə qürur hissi keçirdiyini bildirib: “Tofiq Kazımov ustad sənətkar, əvəzolunmaz müəllim, böyük şəxsiyyət, vətənpərvər insan idi. Mən 40 ilə yaxındır ki, bu kitabın üzərində işləyirəm və bu tarixi birinci kursdan hesablayıram”.

Sonra bir çox teatr xadimi Tofiq Kazımov barədə xatirələrini bölüşüb. Tədbirə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri qatılıb. Teatrın foyesində Tofiq Kazımovun həyat və yaradıcılığını əks etdirən foto-sərgi nümayiş etdirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO