Təhsil Nazirliyi 2 ali məktəbdə Jurnalistika fakültəsi açmağa icazə verib

“Yeni tədris ilindən Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dillər Universitetində Jurnalistika fakültəsi fəaliyyət göstərəcək”. Bu sözləri Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov deyib. O bildirib ki, jurnalistika ixtisasının həmin universitetlərdə tədris olunması üçün bu təhsil ocaqları nazirliyə müraciət etmişdilər.

“Müraciətləri əsasında nazirlikdə komissiya yaradıldı, onların maddi-texniki bazasının buna uyğun olub-olmaması yoxlanıldı və bunun əsasında həmin universitetlərə qəbul planı verildi. Yəni bu iki universitetdə Jurnalistika fakültələrinin açılmasına icazəsi verildi”.

N.İbrahimov hazırda iki universitetə qəbul sayının azlıq təşkil etdiyini bildirib. Onun sözlərinə ilk ildə iki universitetə birlikdə iki nəfər qəbul olunacaq.

“İlk illərdə Mədəniyyət və İncəsənət və Azərbaycan Dillər universitetlərində jurnalistika böyük ehtimalla şöbə kimi fəaliyyət göstərəcək. Onun fakültə olması üçün ən azı 300 tələbə oxumalıdır”.

Baş məsələhətçi qeyd edib ki, Azərbaycan Dillər Universitetində Jurnalistika şöbəsi Filologiya fakültəsinin tərkibində olacaq.

“Mədəniyyət və İncəsənət Universitetində də Sənətşunaslıq fakültəsinin tərkibində Jurnalistika şöbə kimi olacaq. Yəni bu universitetlərdə hələlik ayrıca Jurnalistika fakültəsi olmayacaq. Gələcəkdə bu mümkün ola bilər”.

N.İbrahimov artıq yeni tədris ilindən hər iki universitetdə tələbələrin oxuyacağını bildirib.

“Artıq bu universitetlərdə jurnalistikanın tədris olunması qəbul planına salınıb. Sentyabrdan orada tələbələr tədris alacaqlar”.

O həmçinin qeyd edib ki, Mədəniyyət və İncəsənət Universitetində bu ixtisasa Azərbaycan və rus bölmələrindən abituriyentlər qəbul olunsa da, onlar tədrisi Azərbaycan dilində alacaqlar.

“Dillər Universitetində eyni qayda tətbiq olunacaq, amma burada tələbələr ingilis dilində tədris alacaqlar. Yəni onlar ingilis dilli jurnalistlər olacaqlar”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO