Televiziyalarda yaşlı xəbər aparıcıları problemi yenidən ortaya gəldi

Televiziyalarda yaşlı xəbər aparıcıları problemi yenidən ortaya gəldiTeleviziya və radio mühitinə az-çox bələd olanlar yaxşı bilir ki bu sahədə xəbərlər proqramının xüsusi yeri var. Xəbərlərin hazırlanmasından müsahib aktual mövzu və aparıcı seçimindən və s. çox şey aslıdır. Vaxtilə milli teleradio məkanında bu şeylərə çox diqqətlə yanaşılsa da bu gün əksər televiziya və radiolarda bu amil nəzərə alınmır.

Xəbərləri təqdim edən aparıcının bəzən sifət quruluşu, duruşu, diksiyası, çevikliyi xəbər aparıcılığına yaramır. Bir aparıcı kiçik bir informasiyanı təqdim edənə qədər bəlkə on dəfə səhv edir. Adam nə qədər tamaşaçı və dinləyicidən üzr istəyər. Elə aparıcı var ki, mətni üzündən oxuya bilmir. Vurğuların yerində işlədilməməsi isə xəbər aparıcılarının çoxunda müşahidə edilir.

Hazırda televiziyalarda bir nəfər də olsun yaşlı və orta yaşlı aparıcı yoxdur. Bütün heyət gənclərdən ibarətdir. İndi televiziyalar və radiolar yaşlı xəbər aparıcılarından qətiyyən istifadə eləmək istəmir. Deyirlər ki, o insanlar sovet qalığıdır və yeniliklə ayaqlaşa bilməz. Bu qəti hökmü verənlər nədənsə onların uzun illər müddətində qazandığı peşəkarlığı, savadı, televiziya və radio aparıcılığı, mədəniyyətini unudur. Müasir xəbər aparıcılarının böyük əksəriyyətinin heç bir məktəb keçmədən sadəcə televiziya daxilində müəyyən hazırlıq keçdikdən sonra efirə buraxılması faktdır. Onlar isə çox zaman xəbəri lazımi səviyyədə tamaşaçılara çatdıra bilmir. Dünya televiziya təcrübəsinə nəzər salsaq görərik ki, xəbərlər proqramı aparıcıları sırasında yaşlı lakin kifayət qədər təcrübəli peşəkar şəxslər az deyil ki, çoxdur. Bu insanların çoxu cəmiyyətdə özünü təsdiqləmiş insanları məlumatlandırmanı bütün incəliklərinə qədər bilənlərdir. O televiziyalar hesab edirlər ki, xəbəri nə qədər nüfuzlu adam cəmiyyətə çatdırsa, o informasiya bir o qədər mötəbər və etibarlı qəbul edilər.

Tanınmış aparıcı Nərgiz Cəlilova da söhbətlərinin birində xəbər proqramı aparıcılığına yaşlı peşəkar insanların cəlb edilməsinin vacibliyini bildirmişdi. Onların gənclərə örnək olduğunu deyən N.Cəlilovanın sözlərinə görə televiziyalar gənc peşəkar xəbər aparıcıları hazırlamaq istəyirsə mütləq yaşlı nəsilin təcrübəsinə əsaslanmalıdır. O hesab edir ki, gənclərlə yanaşı yaşlılar da efirə çıxsa bu cavan aparıcılara üçün bir növ dəstək olardı.

Yaşlı aparıcılardan biri isə bizimlə söhbətində dedi ki, onların televiziyalara yalnız faydası dəyə bilər. Onun sözlərinə görə köhnə aparıcılar illərlə zəhmət sərf edərək efir mədəniyyətinə xəbər çatdırma vərdişlərinə yiyələnib. Öz müəllimlərindən öyrəndiklərini gənclərə öyrətmək istədiyini deyən yaşlı diktor düşünür ki, onlardan istifadə edilməsə Azərbaycanda yeni mükəmməl aparıcı məktəbi yarana bilməyəcək.

Tanınmış televiziyaşünas Altay Zahidovun sözlərinə görə də televiziyalar mütləq xəbər proqramlarına yaşlı aparıcıları dəvət etməlidir: “Yaşlı aparıcıların potensialından istifadə edilərsə bu böyük effekt verər. Özünü cəmiyyətdə təsdiq eləmiş bir adam hansısa bir xəbəri verirsə, bu məlumat daha ciddi qəbul edilir. Bizdə indinin özündə də yaxşı aparıcılar var. Sadəcə onlara meydan verilməlidir. Bu şəxslərdən gənclər çox şey öyrənər. Ən azından sözün düzgün tələffüzünü vurğuların yerində işlədilməsini və s.” A.Zahidov deyir ki bütün dünya televiziyaları peşəkar mütəxəssislərdən yapışıb onlardan istifadə etdiyi halda bizdə bunun əksi baş verir. Gənc xəbərçilərin mütləq böyük məktəb keçməli olduğunu bildirən A.Zahidovun sözlərinə görə cavan xəbər aparıcılarının çoxu efirdə olarkən çox səhvlər edir”:90-cı illərin ortalarından sonra böyük bir aparıcı nəsili televiziya mühitindən kənarlaşdırıldı. Onları sayıb efirə buraxmadılar. Nəticədə isə heç bir məktəb keçməyən peşəkarlıqdan uzaq olan cavanlar efiri ələ aldılar. Bu sahədə boşluq əmələ gəldi. O vaxtkı diktorlardan istifadə etmədilər. 20 il bundan əvvəl cavan olan aparıcıların çoxu qocalıb. Xəbər aparıcısı olmaq məsuliyyətli bir vəzifədir. Amma hər kəs bunu dərk eləmir. Çünki hərəsinin öz ambisiyası var. Onlar bilmir ki, üz-gözünü boyamaqla efirə çıxmaq olmaz. Bunun üçün gərək dilin qayda-qanunlarını səlist mükəmməl biləsən. Bundan əlavə xəbər aparıcısının özünü müsbət yöndə təqdim etməsi problemdir. Ona görə də deyirdim ki, Azərbaycanda radio və televiziya akademiyası açmaq lazımdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO