Televiziyalarda qoşa aparıcıların bəziləri arasında ifrat problemlər yaranıb

“Aparıcıların hər hansı bir mübahisəsi varsa, onu kadr arxasında həll etsinlər”

Efir mədəniyyəti deyilən bir anlayış var ki, televiziya və radio sistemində çalışan yaradıcı insanların hamısı ona riayət etməlidir. Amma təəssüf ki, efirdə işləyən jurnalist və aparıcıların bəziləri bunu nəzərə almaq istəmir. Hətta müəyyən qisim aparıcılar efirdə küçə sözləri də danışır. Bu öz yerində.

İndi aparıcıların bir çoxunda qəribə “xəstəlik” yaranıb. Bu özünü tərəf-müqabillə birgə veriliş aparan bəzi aparıcılarda daha çox göstərir. Belə ki, onların bir qismi proqramın canlı yayımlanmasından sui-istifadə edərək tərəf-müqabilinin sözünü çox kobud şəkildə kəsir, ona danışmağa imkan vermir, onu alçaltmağa, savadsız olduğunu göstərməyə cəhd edir. Bu onların həm səs tonunda, həm də üz cizgilərində öz əksini tapır. Bəzi aparıcılarda ambisiya o həddə çatıb ki, onlar efirdə “mənəm-mənəm” deməkdən belə çəkinmir. Hər kəs öz ambisiyasını, iddiasını ortaya qoymağa cəhd edir. Sanki belələri bununla “gördün, mən efirdə necə təşəbbüsü ələ aldım”, “tərəf-müqabilimə danışmaq üçün imkan vermədim” demək istəyir. Tərəf-müqabillərin canlı yayımda bir-birini alçaltması, hətta dolayısı ilə təhqir etməsini əksər tamaşaçılar müşahidə edir.

Televiziyaşünasların özləri də tərəf-müqabillə veriliş aparan aparıcıların bir çoxunda efir mədəniyyətinin çatışmadığını deyir. Onlar hesab edirlər ki, tərəf-müqabillə efirə çıxan hər bir şəxs qarşı tərəfə də hörmətlə yanaşmalıdır. Təsadüfi adamların televiziyaları zəbt etdiyini bildirən bəzi televiziyaşünasların sözlərinə görə, illər əvvəl Azərbaycan televiziya məkanında veriliş aparan qoşa aparıcılar olub. Onlar bir-birinə çox hörmət və sayğı ilə yanaşıb. Bu aparıcılar yeri gələndə bir-birinin səhvini ört-basdır edib, bir-birini tamaşaçı, dinləyici gözündən düşməyə qoymayıb. Ona görə də, həmin aparıcıların təqdim elədiyi proqramlar baxımlı və maraqlı olub.

Aparıcıların bir-birini tamamlamasının, yalnız səsləri deyil, həm də digər keyfiyyətlərinə görə uyğun olmasının vacib olduğunu deyən telejurnalistlərdən biri bizimlə söhbətində bildirdi ki, onların bir çoxu təsadüf nəticəsində televiziyaya düşdüyü üçün belə ambisiya sərgiləyir.

Telejurnalist, bir sıra maraqlı verilişlərlə vaxtilə tamaşaçıların görüşünə gələn İlhamiyyə Rzayeva mövzu ilə bağlı “Bakı-Xəbər”ə dedi ki, bu hadisələrin baş verdiyi verilişlərə baxmadığı üçün belə şeyləri müşahidə etməyib. Amma bununla belə, İ.Rzayevanın sözlərinə görə, bu birbaşa efirdə yaşanırsa o, buna pis baxır”:O verilişləri ciddi veriliş hesab etmədiyimdən onlara peşəkarlıq meyarından yanaşmıram. Doğrusu, elə verilişlərə ümumiyyətlə baxmıram. Bir var ki, görmədiyin üçün baxmırsan. Biri də var ki, onlara vaxt sərf etmək istəməyib o verilişləri boykot edirsən. Mən onlara baxmaqla zövqümü korlamaq istəmirəm. Bilmirəm, onlar hansı məqsədlə yaradılır. Hər halda, onlar mənim heç bir tələbimə cavab vermir. Yəni nə mənim informasiya aclığımı doydururur, nə məni maarifləndirir, nə zövqümü oxşayır, nə də inkişaf etdirir. Ona görə də orada baş verən istənilən hadisə, davranış və aparıcılıq tərzi haqda heç nə deyə bilmərəm. Amma siz deyən hal baş verirsə, bu normal deyil. Belə şeylər adi həyatda baş verəndə adama xoş gəlmir. İnsanlar o verilişə yumurta döyüşdürməyə, bir-birilə mübahisə edib nəyi isə sübut etməyə çıxmayıblar ki. Aparıcıların hər hansı bir mübahisəsi varsa, onu efirdə yox, gedib kadr arxasında həll etsinlər. Mən bilmirəm, siz hansı aparıcıları nəzərdə tutursunuz, amma hadisə dediyiniz şəkildə baş verirsə buna münasibətim çox pisdir”.

İ.Rzayevanın sözlərinə görə, televiziya mədəni bir hadisədir və o, mədəniyyətə də xidmət etməlidir. Müsahibimiz bildirdi ki, aparıcı həm müraciətində, həm danışığında, həm də davranışında mədəniyyət sərgiləməlidir: “Bəs efir mədəniyyəti nədir? Efir mədəniyyəti aparıcılarda, yayım mədəniyyəti televiziyalarda olmalıdır. Hər şey mədəniyyət üzərində qurulsa bu problemlər qaydasına düşər.

Bilmirəm, o adamlara efir təsir edib bu günə düşüblər, yoxsa təsadüf nəticəsində özləri efirə yol tapıb bu cür hərəkət edir? Deyə bilmərəm. Bu əslində qarşılıqlı bir prosesdir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO