“Media forum” saytının suallarını Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli cavablandırır.
– Milli Televiziya və Radio Şurasının 2009-cu ildəki fəaliyyətini necə dəyərləndirirsiniz?
– Şura teleradio yayımı ilə bağlı qanunvericiliyin icrasına nəzarət edən, televiziya kanallarının fəaliyyətini tənzimləyən, ictimaiyyətin maraqlarını qoruyan dövlət orqanıdır. Fəaliyyətini mövcud qanunvericiliyin üzərinə qoyduğu funksiyaları həyata keçirmək üzərində qurur. Biz bu funksiyaları həyata keçirmişik. Ötən müddətdə televiziya kanallarının ciddi qanun pozuntuları olmayıb. Əsas pozuntular “Reklam haqqında” qanunun tələblərinə riayət etməməklə bağlı idi. Biz də buna uyğun olaraq televiziya kanallarıyla mütəmadi danışıqlar aparmışıq, pozuntuları minimuma endirmişik. 2009-cu ilin yazında “Teleradio haqqında” qanuna əlavə və dəyişikliklər edildi və reklamın həcmilə bağlı müddəa dəyişdirildi. Kanallar da fəaliyyətlərini həmin dəyişikliyə uyğun şəkildə qurublar. Bəzən xırda pozuntular olur.
– Televiziya və radioların 2009-cu ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?
– Ümumiyyətlə, 2009-cu ildə televiziya və radioların fəaliyyətində müəyyən dəyişikliklər, irəliləyişlər oldu. Yeni televiziya kanalları – “ATV İnternational”, Şəkidə bir, Yevlaxda isə iki regional telekanal fəaliyyətə başladı. Teleməkanda baş verən hadisələr hər vaxt ictimaiyyətin diqqətində olur. Bu səbəbdən də haqlı olaraq televiziya və radioların verilişlərinin keyfiyyəti sarıdan ictimai narazılıqlar ortaya çıxdı, bu mövzu ətrafında uzun müzakirələr getdi. Lakin gözlənilən ciddi dəyişikliklər baş vermədi. Mən düşünmürəm ki, bu sahədə dəyişikliklər qısa müddətdə olmalıydı. Çünki televiziya kanalları, radiostansiyalar proqram siyasətini qısa müddətdə dəyişə bilmirlər. Amma televiziya kanallarında şou-biznes xarakterli verilişlərin artım tendesiyasının doğru yol olmadığı diqqətə çəkildi və buna uyğun tədbirlər görülür.
– Ötən il Azərbaycanda ilk sahə televiziyası – idman kanalı açıldı. Həmin vaxta qədər siz idman və mədəniyyət kanalının açılması haqda məlumatları inkar edirdiniz. Bundan çıxış edərək soruşuruq – mədəniyyət kanalının açılmasıyla bağlı proses gedirmi?
– Ümumiyyətlə, ixtisaslaşmış kanalların açılması o qədər də asan məsələ deyil. Bu, ölkənin daha böyük auditoriyasına, kadr potensialına bağlı olan məsələdir. İxtisaslaşmış kanallar böyük ölkələrdə var. Xırda ölkələrdə bu tip kanallar özünü o qədər də doğrultmur. Çünki bu kimi kanallar maliyyə cəhətdən özünü təmin edə bilmir. Ona görə bu məsələlərdə istəkdən əlavə kanalın fəaliyyəti, özünü doğrultması düşünülməlidir. Digər universal kanalların mədəniyyətlə bağlı proqramlarının keyfiyyətinin yüksək olmaması belə düşünməyə əsas yaradıb ki, mədəniyyət kanalı açılmalıdır. Amma mən tələsik addım atmağın tərəfdarı deyiləm.
– Televiziya və ya radio açmaq üçün şuraya lisenziya məqsədilə müraciət edənlər çoxdurmu?
– Ötən il televiziya və radio açmaq üçün müraciət edənlər azalıb. Bu da yəqin ki, bizim mövqeyimizdən irəli gəlib. Biz belə bir mövqe ortaya qoymuşuq ki, Azərbaycanda ayrı-ayrı şəxslərin iradəsi altında televiziya açılmır, Televiziya və Radio Şurası hər hansı bir tender keçirirsə, deməli, hər hansı yeni kanal yaranır və hər bir şəxs bu tenderdə iştirak edə bilər.
– Ötən il kabel televiziyaları ilə bağlı qaydalar qəbul olundu. Necə hesab edirsiniz, bu gün Azərbaycanda kabel televiziyalarının inkişafı üçün əlverişli şərait varmı?
– Yetərincə şərait var. Son üç il ərzində Bakıda bu sahə üzrə çox böyük irəliləyişlər olub. Azərbaycanda bir neçə kabel şəbəkəsi qısa müddətdə Bakı şəhərinin əksər hissəsini bu xidmətlə təchiz edə bilib. İndi belə xidmətlər Sumqayıtda, Mingəçevirdə, Gəncədə və başqa şəhərlərdə göstərilir. Bütün bunlar asan işlər deyil. Bilirsiniz ki, kabel televiziyası qurmaq üçün hündür binaların sayı çox olmalıdır. Kənd yerlərində belə evlər az olduğu üçün kabel televiziyası şəbəkəsi qurmaq çox çətindir. Həm də bu, maliyyə cəhətdən əlverişli deyil.
– Bəs yeni qaydaların hansı səmərəsi olacaq?
– Bizdə kabel şəbəkələri fəaliyyət göstərsə də, onlarla bağlı tənzimləyici bir sənəd, qanun, mexanizm yox idi. Beynəlxalq təcrübəni nəzərə alaraq bu qaydaları müəyyənləşdirdik. Ola bilsin ki, gələcəkdə bu qaydalar əsasında və yaxud başqa formada kabel şəbəkəsi haqqında qanun qəbul olunacaq və biz də fəaliyyətimizi ona uyğun quracağıq. Nə qədər ki, qanun yoxdur, bu fəaliyyət hər hansı formada nizamlanmalıdır.
– Kabel televiziyası haqqında qaydalarda göstərilir ki, hər hansı bir yayım televiziyası Azərbaycan qanunvericiliyini pozarsa, kabel televiziya şirkətinin yayımı dayandırmaq səlahiyyəti var. Bu nə deməkdir?
– Bunu hərfi mənada anlamaq lazım deyil. Burada Azərbaycanın ərazi bütövlüyünə, dövlət quruluşuna mütəmadi ziyan vuran, Azərbaycan əleyhinə qərəzli materiallar, proqramlar yayımlayan kanallardan söhbət gedir. Əgər bu kimi qanun pozuntuları dəfələrlə təkrar olunarsa, həmin kanalın yayımını Azərbaycan ərazisində dayandırmaq hüququmuz var.
Belə bir hüquq bütün ölkələrdə var. Bu yaxınlarda Belarusda Rusiyanın bir neçə kanalının fəaliyyəti reklam siyasətinə görə tamam dayandırıldı. Əgər bizdə belə bir hüquq olmasa, istənilən kanal kabel şəbəkəsi vasitəsilə Ermənistanın da proqramlarını bizim ölkədə yaya bilər. Bu, mühafizəkar görünsə də, dövlət siyasəti üçün məqbuldur.
– Xeyli kabel televiziyası lisenziya alıb, lakin fəal fəaliyyətilə ortalıqda olanlar çox azdır. Qanunvericilikdə də nəzərdə tutulub ki, kanal müəyyən müddət ərzində lisenziya alıb, fəaliyyət göstərməyibsə, lisenziyası geri alına bilər. Milli Teleradio Şurası belə bir məsələ qaldırmağı planlaşdırırmı?
– Məsələ bundadır ki, bütün lisenziya alan kabel televiziyaları fəaliyyət göstərirlər. Yəni 2-3 binada öz fəaliyyətlərini qurublar. Düzdür, belə fəaliyyət yetərli deyil. Çünki onların əsas məqsədi bütün ölkə ərazisini kabelləşdirib böyük gəlir əldə etməkdir. Kim yaxşı işləmir, yaxşı gəlir də götürmür. Bütün ölkələrdə iri kabel şəbəkələri xırdaları sıradan çıxardır, ya da özününküləşdirir. Şura olaraq onların fəaliyyətini növbəti lisenziya zamanı qiymətləndirəcəyik. Hansı şirkətlərin fəaliyyətləri hiss olunmursa, lisenziya verilməyəcək. Şura kabel televiziyalarına lisenziyanı 2007-ci ildə verib və bir də bu məsələlərə 2011-ci ilin sonu, 2012-ci ilin əvvəllərində baxacağıq.
«Media forum»