Telekanallar müğənnilərin ad günlərini ümumxalq tədbirinə çevirib

“Modern.az” saytında jurnalist dostum Zöhrab Əmirxanlının ictimaiyyətə təqdim olunan “Papaq” yazısı mənim mediamızın “teleşou” probleminə bir daha nəzər salmağa və mediamızın problemlər girdabında boğulmasına yüngülvari bir ekskurs etməyimə səbəb oldu.
Telekanalların bir çoxunun öz media qurumu kimi vacib funksiyalarını unudaraq başdan-başa şou meydanına çevrilməsinin yaxın keçmişimizdə az qala ümumxalq müzakirəsinə çevrildiyinin hamımız şahidi və iştirakçısı olduq. Nə dəyişdi?
Bir-iki verilişin adının dəyişməsindən başqa teleməkanda ciddi bir fərqin şahidi olmadıq. Elə yenə də səhər saatlarından əksər kanallarda qazanlar qaynayır, tüstü efiri başına götürür. Günorta və axşamüstü qazanlar öz yerini bəsit məzmunlu teleşoulara, qeybət xarakterli mövzulara verir. Rusiyadan müvəqqəti təşrif buyurmuş bir qonağımız deyir ki, “Azərbaycan telekanallarına baxandan sonra adamın iştahı da küsür. Üstəlik də kanallarınız nə Qərb ölkələrinin teleməkanı kimi informasiya xarakterlidir, nə də Rusiya teleməkanı kimi maarifçilik xarakterli. Sizdə adını müəyyənləşdirə bilmədiyim bir teleefir mövcuddur”.
Təbii ki, mən onunla mübahisəyə girmədim. Çünki yadıma düşdü ki, bizdə bu sahədə problemlər daha çoxdur. Məsələn, jurnalistlərin və jurnalist təşkilatlarının layihələrinə mediada bir cümləsinə belə rast gəlinməyənlərin münasibət sərgiləmələri və ya qiymətləndirmə sistemi kimi. Əslində bu səbəblərdəndir ki, sözügedən sahənin inkişafı sual altında qalır. Nə qədər deyilib-yazılsa da, dövlət tərəfindən müvafiq yardımlar ayrılsa da…
Nə isə. Qayıdaq artıq öz “bəhrəsini” verən teleşoulara.
Səhərdən gecəyədək tamaşaçının gözünü deşən bu ucuz verilişlər nəhayət, ölkə ictimaiyyətinin böyük bir qismini özünün əsirinə çevirə bilib. Əslində belə telegörüntülərə veriliş deməyin özü də günahdır. Lakin oxuculara televiziya ekranlarından tanış olan bu görüntüləri başqa formada adlandırmaqla onların diqqətini yayındıracağımdan ehtiyat edib onları bu adla yazmağa məcburam.

Bir müddət öncə mərhum teletənqidçi Elşad Quliyev mənimlə söhbət-müsahibəsində qeyd etmişdi ki, “deyəsən, televiziyalarımız müğənnilərin ad günlərini ümumxalq tədbirinə çevirmək istəyirlər”.
Amma telekanallar bir qədər də qabağa gediblər. Təkcə onların ad günlərini elan etməklə kifayətlənmirlər. İndi onların böyük əksəriyyətinin dilindən xalqımızın övladlarına təlim-tərbiyə dərsləri keçməyə başlayıblar. Fərqinə belə varmadan ki, həmin “ulduzların” bu ifadələri işlətməyə nə qədər mənəvi haqqı çatır! Onların hamıya bəlli olan “həyat yolu” niyə min bir əziyyət bahasına ləyaqətini, namusunu, qeyrətini qorumuş ailələrin övladlarına bir örnək kimi sırıdılmalıdır. Axı teleməkan rəhbərləri və orada çalışanlar yaxşı bilirlər ki, bu möcüzəli, sehrli qutudan eşidilən hər bir ifadə, söz özünü təfəkkür tərzi hələ yetərincə formalaşmayan cavanların əxlaqında necə asanlıqla yerləşdirə bilir. Görəsən, bunları bilən telerəhbərlər gözləri görə-görə həmin zəhəri niyə cəmiyyətə yeridirlər?!

Axı həmin cəmiyyətdə onların övladları da böyüyür. Şübhə yoxdur ki, onlar bu yolla təkcə başqalarının deyil, öz övladlarının da həyatlarını korlayırlar. Hətta bu barədə artıq televiziya rəhbərliyindən uzaqlaşdırılmış bir eks-rəhbərin ailəsində yaşanan analoji durum barədə də məlumatlıyıq. Ancaq etika xatirinə açıq yazmırıq. Onların övladlarının narkomaniyaya tutulması, ailələrinin dağılması kimi çox biabırçı faktlar mövcuddur. Əslində başqa cür ola da bilməzdi. Əgər ata rəhbərliyi altında olan televiziya kanalı vasitəsilə ailə ləyaqəti, milli-mənəvi dəyərlər kimi vacib amillərin nə olduğunu bilməyənləri etalon kimi efirə çıxarmaqdan zövq alırsa, onun
sevib-alqışlayaraq efirə çıxardığı bu “həyat tərzi”nin bir gün öz doğma ocağına da ayaq açacağı şübhəsizdir.
Günümüzü zəbt edən şou-verilişlər nələrə nail olublar? Apardığımız müşahidələr nəticəsində ölkə vətəndaşlarının əksəriyyətinin ən böyük mübahisələrinin, müzakirə obyektlərinin “müğənnilərin həyatını araşdırmaq”dan ibarət olduğunu görürük. Efir təbliğatının acı nəticəsi ölkə vətəndaşlarının dünyaya, həyata, ətraflarında baş verən ictimai, siyasi, sosial, mədəni olaylara münasibətini də bəsitləşdirib. Buna səbəb təbii ki, telekanalların bu gün onların evlənməsini, sabahsa boşanmalarını, eləcə də bərbəzəkli mülklərini, zər-zibalı geyimlərini eninə-uzununa reklam etməsidir. Əslində bu kəsim ustalıqla evlənib-boşanmanı da bir imitasiyaya çevirə bilib.

Yəqin bu səbəbdəndir ki, Zöhrabın da qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsindən tutmuş ən adi məsələlərinə qədər hər şeyə laqeyd olublar. Elə bil ki, bu ölkəyə nə elm lazımdır, nə siyasət, nə iqtisadiyyat, nə itirilmiş torpaqların qaytarılması, nə də təbii ki, mənəviyyat. Bu ölkəyə təkcə elə diringələr, meyxanalar, arabir də yaddan çıxmış mentalitet keşikçilərinin “könlünü almaq” məqsədilə xalq musiqisi lazım imiş.
Bu yazını məşhur “Dahilərin divanı” əsərində Əmir Teymurun “Bağdadı niyə yerlə-yeksan etdiniz? sualına verdiyi cavabla tamamlamaq məcburiyyətindəyəm. Əmir Teymur sualın cavabında deyir ki, “Mən tarixi-Bağdad şəhərini elm, mədəniyyət mərkəzi hesab edirdim. Lakin şəhər əhlinin ancaq meyxana məclisləri təşkil etdiyini, əyyaşlıqla məşğul olduğunu gördüm”.
Görəsən Azərbaycanı Bağdadın aqibəti gözləmir ki?!..

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO