Telejurnalist Etibar Babayevin “Karyera”sı: “Elə yüksək vəzifələrdən boyun qaçırmışam ki, söyləsəm kimsə inanmaz” –

«Babam Nargin adasında “xalq düşməni” kimi güllələnəndə 27 yaşı vardı »

Modern.az saytı “Karyera” rubrikasında telejurnalist Etibar Babayevlə söhbətin II hissəsini təqdim edir.

– Sizi həm də “Space” televiziyasının qurucularından biri kimi tanıyırlar. Şirkətə rəhbərlik etdiyiniz dövrlə bağlı keşmiş işçilər də, tamaşaçılar da razılıqla danışır. “Sabah” proqramı, “Geçə kanalı”, “Görüş yeri”, “Mədəniyyət kanalı təqdim edir”, Azərbaycan tarixi ilə bağlı seriallar, “Zəfər zəngi”, “Azərstar”, Muğam televiziya müsabiqəsi kimi orjinal layihələr, Türkiyə və ABŞ-la ilk telekörpülər, hələ on il əvvəl çoxseriyalı cizgi filmlərinin Azərbyacan dilinə tərcüməsi və digər yeniliklər kanalın nüfuzunu xeyli artırmışdı. Odur ki, “Space”dən qəflətən ayrılmanız çoxlarına gözlənilməz oldu.

– Nə ömür, nə hər hansı bir vəzifə kimsəyə əbədi verilməyib. Bütün teleşirkətlərin rəhbərləri vaxtaşırı dəyişir. Televiziya sahəsində təcrübəmi, təşkilatçılıq bacarığımı və başqa keyfiyyətləri nəzərə alıb, 2001-ci ildə “Space” ə rəhbərliyi mənə təklif etmişdilər. Mən də verilən səlahiyyət çərivəsində qarşıma qoyulan vəzifələri yerinə yetirdim. Bunun üçün öz ətrafıma zövqünə, iş qabiliyyətinə, peşəkarlığına inandığım, güvəndiyim adamları toplayıb işlək komanda yaratmışdım. İndicə adını çəkdiyiniz layihələri, eləcə də digər uğurları o komanda üzvləri ilə birlikdə əldə etmişdik. Zaman ötdükcə tələblər, vəzifələr, meyarlar dəyişir. Yeni şəraitdə yeni kadrların cəlb olunması təbiidir. Buna həmişə anlayışla yanaşmaq lazımdır. 2006-cı ilin mart ayında işləri Sevinc Abdullayevaya təhvil verib şirkətdən ayrıldım. Baş verən kadr dəyişikliyinin mənimlə şirkət sahibi arasında illərdən bəri dəyişməz qalan səmimi münasibətə aidiyyatı yoxdur. Qarşılıqlı hörmət necə vardısa, eləcə qalır. “Space”in gələcəkdə daha böyük, daha nüfuzlu şirkət olmasını arzulayıram.

– Sizin kimi kifayət həyat və iş təcrübəsi olan, karyerasında daim uğurlar qazanan tanınmış ziyalıya “Space”dən ayrılarkən başqa iş təklif edən oldumu?

– Mən yarımçıq qalan işlərimi tamamlamaq istədim. Əvvəllər Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdim, həm də Universitetin dissertantı idim. Müdafiəyə vaxt ayıra bilmirdim. Elmi rəhbərim də hörmətli professor Elçin Əfəndiyev idi.”Space”dən ayrılandan sonra dissertasiyamı müdafiə edib “Sənətşünaqlıq üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi aldım. Hörmətli rektor Kamal Abdulla məni Bakı Slavyan Universitetində jurnalistlərə dərs deməyi təklif etdi. Gənclərlə işləməyi xoşladığım üçün məmnuniyyətlə razılaşdım. Kamal müəllimin köməyi ilə ali təhsil sistemində ilk Tələbə teleradio studiyasını qurdum. Burada verilişlərin hazırlığı tələbələrin öhdəsinə buraxılıb. Studiyada media kapitanları ilə, ziyalılarla, xaricdən gələn qonaqlarla mütəmadi görüşlər keçirilir. Jurnalistikanın tərcübə və nəzəriyyəsı kafedrasının müdiriyəm. Doktorluq mövzum da təsdiq olunub, böyük həvəslə onun üzərində çalışıram. Son illər bir neçə kitabım çıxdı. Tarixi araşdırmalarla bağlı yeni kitabım çapdadır. Mənim ssenarilərim əsasında son beş ildə 10 sənədli film çəkilib. Türkiyə ilə bağlı xatirələrimi, müsahibələrimi toplayıb ayrıca kitab şəklində çapa hazırlayıram.

– Siz həm də Azərbaycan Teleradio Qapalı Səhmdar Cəmiyyətinin Teleradio Akademiyasına rektor təyin olunmusuz. Bu xəbəri ictimaiyyət sevinclə qarşıladı. Mütəxəssislər bu seçimə mətbuatda müsbət münasibət bildirdi. Deyə bilərsizmi Akademiya nə zaman normal fəaliyyətə başlayacaq?

– Yerli teleradio kanallarının bugünkü vəziyyətindən hamı gileylənir. Amma kadr əvəzləmələri apamaqla vəziyyət kökündən dəyişməyəcək. Bunun üçün vaxt itirmədən yüksək ixtisaslı kadrlar hazırlanmalıdır.Texnika nə qədər təzələnsə də, işə yanaşma şəkli dəyişməsə, düşüncə tərzi təzələnməsə, sağlam və sərbəst yaradıcı mühit yaranmasa arzu olunan nəticə hasil olmayacaq. Bu baxımdan AzTV-nin bazasında nümunəvi akademik təhsil ocağının yaradılması ideyası son dərəcədə təqdirəlayiqdir. Onu deyim ki, Akademiyanın gələcəyi barədə fikirlərimi rəhbərlik bəyənir və dəstəkləyir. Mətbuata verdiyim müsahibələrdə bu haqda ətraflı danışdığımdan təkrarlanmaq istəmirəm. İnanıram ki, AzTV tezliklə teleradio sahəsində bütün istiqamətlər üzrə professional kadr hazırlığında texniki təhcizatı, təcrübə bazası, eləcə də elmi-pedaqoji potensialına görə yeni yaradılan ən güclü ali təhsil ocağına sahib olacaq.

– Kifayət qədər məşhurluğunuza rəğmən Sizin həyatınız haqqında bilgilər cəmiyyətdə azdır. Məsələn, çoxları bilmir ki, Siz vaxtilə “xalq düşməni” kimi güllələnən insanın nəvəsisiz. Atanız da məşhur şair olub…

– Babam inqilabdan əvvəl Rusiyada təhsil alırmış. Azərbaycanda demokratik respublika qurulanda vətənə qayıdıb, yeni yaranan milli orduda xidmət edib. Zirehli qatarın pulemyot komandiri təyin edilib. Bolşeviklər gələndə xeyli dindirmədən, yoxlamadan sorna onu sərbəst buraxıblar. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 1923-cü ildə Naxçıvanda Muxtar Respublika qurulanda onu təhsildən yarımçıq ayırıb Naxçıvana Xalq komissarı göndəriblər. O illər ağla sığmayacaq dərəcədə qarışıq və mürəkkəb keçib. Bu, bir başqa mövzudur, söhbətin istiqamətini dəyişmək istəmirəm. 1925-ci ildə Naxçıvan rəhbərliyində təmsil olunan doqquz komissarı bir gecədə həbs edib Bakıya göndəriblər. Deyilənə görə, Moskvadan gələn komissar Rıkovun göstərişiylə rəhbərlikdə “kadr təmizliyi” aparılıb. Nargin adasında “xalq düşməni” kimi güllələnəndə babamın 27 yaşı vardı. 1956-cı ildə ölümündən sonra Qafar Babayevə tam bəraət verilib. Komissar ərinə görə nənəmə yüksək təqaüd kəsiblər. Amma ərinin qan pulundan Xeyransa xanım qəti surətdə imtina edib. O, Hüseyn Cavidin həyat yoldaşı Müşgünaz xanımla yaxın rəfiqə idi. Nənəm Cavidin qızı Turan xanımı oğlu Adildən ayırmazdı. Arxiv sənədlərində babamın öz əliylə yazdığı tərcümeyi-halını görmüşəm. Rus dilində yazılıb. Çox gözəl xətti varmış. Babam qətlə yetiriləndə atam Adil altı aylıq körpə imiş. Nənəm onu böyük əzab-əziyyətlə böyüdüb. Qeyri-sağlam psixoloji mühitdə “xalq düşməni oğlu” adını daşımağın nəcə ağır yük olduğunu təsəvvür edirsizmi? Xalq düşmənlərinin uşaqlarını sağ qalan valideynlərindən də, yaxın qohumlarından da ayırıb, salırdılar xüsusi əmək-islah düşərgələrinə. Kimsəsizlərə təlqin edirdilər ki, sənə dövlət sahib çıxıb, düşmən atandan rəsmən imtina etməlisən. Adil heç nədən çəkinmədən bütün sənədlərdə Qafar Babayevin oğlu olduğunu göstərib. Otuzuncu illərdə təqiblərdən, tənələrdən, növbəti həbs dalğasından qorunmaq üçün Xeyransa xanım oğlu ilə birlikdə Tiflisdə yaşayan qardaşının yanına köçüb. Adil Babayev Gürcüstanda M.F. Axundov adına orta məktəbi bitirib. Məktəbi bitirəndə Puşkin adına Pedaqoji instituta daxil olub. “Sovet Gürcüstanı” qəzetində işləyib. Ara-sıra Bakıya da şeirlərini göndərərmiş. 1945-ci ildə “Kommunist” qəzetində dərc olunan “Çinar” şeiri Səməd Vurğunun o qədər xoşuna gəlib ki, ona şeir ithaf edib.

“Şair! Nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çaldığın bu saz”,
misraları ilə başlayan “Mənim arzum” bir neçə gün sonra “Kommunist” qəzetində dərc olunub. “Bakinski raboçi” qəzeti də həmin şeiri rus dilində oxucularına təqdim edib. Repressiya illərinin ağrı-acısını çox erkən dadan, mənəvi sıxıntılara səbrlə dözən iyirmi yaşlı “xalq düşməni”nin oğlu üçün bundan böyük qiymət, sevinc, mənəvi dəstək ola bilərdimi? Bu, böyük qəlbli xalq şairinin zamanı qabaqlayan poetik bəraiti idi. 1946-ci ildə onu Yazıçılar İttifaqına üzv qəbul edirlər. 1949-cu ildə gənc şair Gülnar Ələkbər qızı Hüseynova ilə Bakıda ailə qurur. İndi görün o qız nə böyük ürək, cəsarət sahibi olub ki, “xalq düşməni”nin oğluna ərə getməyə razılıq verib. Bir il sonra isə mən dünyaya gəlmişəm. Oğluna ünvanlanan ilk şeirində Adil Babayev qəlbindəki ata həsrətini gizlətmir :

… Onsuz min əzaba, min dərdə dözdüm,

Min yerdə pisliyə çəkildi adım.

Namərdlər yanında şad görünsəm də,

Mərdlərin yanında yanıb ağladım.

***

Sən indi uşaqsan, yaşa dolanda,

Bilərsən böyükdür qəlbimdəki qəm.

Məni qınamasın dostlar, tanışlar

Ata olsam belə, ata istərəm.

Atam 1977-ci ildə 52 yaşında xərçəngdən dünyasını dəyişdi. Onun adına Bakı və Gəncə şəhərlərində küçə var. Naxçıvanda bir kitabxana Adil Babayevin adını daşıyır. 30-dan çox kitabın müəllifidir, sözlərinə xeyli mahnı bəstələnib, pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulub.

-… Masanızın üzərində əl fənəri, stolüstü lampa və şam var. Mənim iki diktafonumun yanına (yəni mən də ehtiyat görmüşdüm) bir diktafon da qoydunuz. Bu qədər ehtiyatlılıq hardandır sizdə?

– Gənclik illərindən vərdiş etmişəm hər işdə ehtiyatlı davranmağa. Komsomol təşkilatçılıq baxımından həqiqətən böyük məktəb idi. O işə təsadüfi adamlar nadir hallarda düşərdi. Kim seçilibsə, onları sistemli şəkildə yetişdirərdilər. Ehtiyatlılıq nizam-intizam, məişətdə sadəlik, təvazökarlıq tədricən insanın qanına hopar, gündəlik həyat tərzinə çevrilərdi. Təbii ki, ailə tərbiyəsindən, insanın xarakterindən də çox şey asılıdır. Axı hər kəsin genetikasında bizə hələ də tam bəlli olmayan informasiya yükü mövcuddur.

– İntuisiya da geninizdədir?

– İntuisiya elə şeydir ki, hamıda var.Fəqət birində yatmış, digərində oyaq vəziyyətdə. Mən özümü öymürəm. Amma cavanlıqdan ürəyimin səsini eşitmişəm və əksər hallarda ona qulaq vermişəm. Vaxt olub, “ikinci səs”in sorağıyla hava limanından geri dönmüşəm. Karyeramla bağlı çox ilginc təkliflərdən imtina etmişəm. Elə yüksək vəzifələrdən boyun qaçırmışam ki, söyləsəm kimsə inanmaz. Çünki həmin an daxilimdənki “ikinci səs” mənə “yox” kəlməsini dedizdirib.

– Nə vaxt evlənmisiniz? Kiminlə ailə qurmusunuz?

– 1976-cı ildə yazıçı-jurnalist Gəray Fəzlinin qızıyla evləndim. O, filologiya elmləri namizədidir. İki övladımız var. Bir qız, bir oğlan. Hər ikisi ali təhsillidir, ailə qurublar, işləyirlər. Qızımızın iki qızı, oğlumuzun bir oğlu var. Bal dadan bu balaların sayəsində baba olmuşam.

– Məncə kişinin karyerası qadının səbri üzərində qurulur. Siz necə düşünürsünüz?

– Əlbəttə, insanın rahat işləməsi, fəaliyyət göstərməsi üçün evdə hər şey və hər kəs öz yerində olmalıdır. Bizim ailədə könül rahatlığının əsas təminatçısı, anam Gülnar xanımdır. O, ömrünü övladlarına həsr edən qürurlu, sədaqətli, abırlı-ismətli və son dərəcə zəhmətkeş qadındır. Bir sözlə, bizim ailənin dayağı, ruzu-bərəkəti Gülnar xanımdır.

– Neçə yaşından işləyirsiniz?

-Adətən jurnalistin iş stajı mətbuatda imzası görünən gündən sayılır. İlk qonararımı 1967-ci ildə almışam. O hesabla belə çıxır ki, 17 yaşından. Dərc olunan yazılarımın, efirə gedən tele-radio verilişlərimin siyahısını 1970-ci ildən tuturam. O tarixdən hesablasaq, 17 yaşından yaradıcılıqla məşğulam. Amma əmək kitbçamda ilk iş yerim, dediyim kimi, 1975-ci ildən AzTV olub.

– Xatirələrə dalanda bəzən qeyri-ixtiyari kövrəldiyiniz diqqətimi çəkdi. Tez kövrələnsiz?

– Bu bir hissdir, həyəcandır, hər an könlünə hakim kəsilə bilər. Bunun saatı, məkanı yoxdur. Mən çox duyğusal adamam. Bircə kəlmə söz, təbəssüm, intizar dolu baxış da məni kövrəldə bilər… Yaşarmayan göz, suyu quruyan çeşməyə bənzər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO