Azərbaycanın tanınmış telejurnalisti, televiziyada futbol matçlarının Azərbaycan dilində ilk şərhçisi Valid Sənani yanvarın 23-də vəfat edib. Modern.az-ın məlumatına görə, Valid Sənani uzun müddət idi xəstə yatırdı. Ailəsi bildirib ki, həkimlər onun xəstəliyinə konkret diaqnoz qoymaqda çətinlik çəkirdilər. 3 il öncə ayağında başlayan ağrılar tanınmış şərhçinin sağalmaz xəstəliyə tutulmasına gətirib çıxarıb. Ailəsinin Bakıda müraciət etdiyi xəstəxanalardan, eləcə də İran və ABŞ-dan gələn həkimlər bildiriblər ki, bu xəstəliyin müalicəsi yoxdur.
Valid Möhsün oğlu Sənani 1935-ci il mayın 12-də Bakıda – İçərişəhərdə doğulub. Atası Möhsün Sənani məşhur aktyor olub.
1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirib. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 1958-ci ildən 1967-ci ilədək radionun «Xəbərlər» baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib. Bu vəzifədə qalmaqla 1998-2001-ci illərdə AzTV-nin «Səhər» redaksiyasında redaktor, 2001-2005-ci illərdə «Lider» televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından sonra «Space» televiziyasında redaktor işləyib.
Azərbaycan televiziyasının ilk futbol şərhçisidir. Bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifidir. Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.
Respublika qəzetlərində müasir radio və televiziyanın aktual problemləri barədə məqalələri dərc edilib. Onun hazırladığı aparıcılar müxtəlif televiziya kanallarında uğurla işləyirlər. «Qərb» universitetində jurnalistlərə «Azərbaycanda radio və televiziyanın yaranması və inkişafı tarixi» və «Nitq mədəniyyəti» fənlərindən dərs deyirdi. Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyası Şurasının üzvüdür.
1989-cu ildə «Əməkdar Jurnalist» fəxri adına layiq görülüb.
Onun həyat yoldaşı Ofeliya Sənani də tanınmış televiziya diktorudur. Onlar 1961-ci ildə ailə qurublar. 1 oğlanları, 1 qızları, 3 nəvələri, 1 nəticəsi var.
Modern.az