“Söyün Sadıqov “AzərRos”-dan qovulub”

“Söyün Sadıqova öz yeri göstərilib və həddi bildirilib ki, heç kim ona Azərbaycanın daxili işlərinə qarışmaq icazəsi verməyib”.

Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S. Novruzovun sözlərinə görə, Söyün Sadıqov “AzərRos”-dan qovulub və ortalıqda qaldığı üçün Azərbaycan hakimiyyətinə qarşı ittihamlar səsləndirməklə özünə imic qazanmaq istəyir. S. Sadıqovun Azərbaycan hakimiyyəti tərəfindən ona sui-qəsd hazırlanması ilə bağlı Rusiya telekanallarına verdiyi açıqlamasına münasibət bildirən S. Novruzov deyib ki, bu, onun reklam kampaniyasıdır: “O kimdir ki, ona sui-qəsd hazırlayaq?! O, axı elə bir nüfuzu olan adam deyil. Gah Azərbaycanda, gah Gürcüstanda, hətta az qala ABŞ-da gedən proseslərə şərh verməyə çalışır. Amma bu onun qabiliyyəti daxilində deyil”.

YAP rəsmisi Söyün Sadıqovun “2003 və 2008-ci illərdə prezident seçkilərində Rusiyanın Azərbaycana dəstək verməsi ilə bağlı açıqlamasına da münasibət bildirib: “Bu yenə Söyün Sadıqovun səviyyəsizliyinin və bisavadlığının göstəricisidir. Azərbaycan Konstitusiyasında göstərildiyi kimi, hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan prezidenti də xalqın dəstəyi ilə seçilib. Bu, keçmişdəki kimi deyil ki, deyirdilər İsa Qəmbərin parlamentə seçilməsi məsələsi 7, yaxud 8 ölkə ilə razılaşdırılıb və sair. İndi Azərbaycan liderini Azərbaycan xalqı seçir, gələcəkdə də seçəcək. Bunun əksini isə ancaq Söyün Sadıqov təxəyyüllü insanlar düşünə bilər. Onun səviyyəsizliyi məcbur edir ki, ara-sıra belə açıqlamalar versin”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO