“Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxmışdır

“Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxmışdırAzərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının üçüncü nömrəsi çapdan çıxmışdır. Jurnalın redaksiya şurasının sədri akademik Ramiz Mehdiyevdir.
SAM-dan AzərTAc-a bildirmişlər ki, nəşrin “Milli inkişafın strateji prioritetləri” adlı birinci bölməsində Azərbaycanda təhsil sistemin inkişafı, “müasir dövlət” fenomeni və dövlətşünaslıq elminin durumu təhlil edilmişdir. Bu bölmədə professor Şəmsəddin Hacıyevin “Azərbaycanda təhsil yeni inkişaf mərhələsində” sərlövhəli məqaləsi və professor Rəbiyyət Aslanovanın “Müasir dövlət” fenomeni və dövlətşünaslıq elmi: mövcud dünya təcrübəsinə yaradıcı və tənqidi yanaşma və bəhrələnmə məsələləri”nə həsr edilmiş yazıları yer almışdır.
Jurnalın “Xarici siyasət və beynəlxalq münasibətlərdə yeni meyllər və proseslər” adlı ikinci bölməsində Yaxın Şərqdə baş verən inqilablar, Cənubi Qafqazda təhlükəsizlik dilemması, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün perspektivləri, Azərbaycanın xarici diplomatiyasında ictimai diplomatiya elementləri mövzuları təhlil edilmişdir. Bu bölmədə Samir Həmidovun “Yaxın Şərqdə siyasi çevrilişlər və İran”, Şəfa Qasımovanın “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və şura üzvlüyünün perspektivləri” və Almaniyanın Vestfaliya-Vilhelm Universitetinin Siyasi Elmlər institutunun əməkdaşı Elnur İsmayılovun “Regional və böyük güclərin Cənubi Qafqazda ikili standartları prizmasında Azərbaycanın xarici siyasəti” sərlövhəli məqalələri yer almışdır.
Nəşrin “Ermənistanın daxili və xarici siyasəti. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı üçüncü bölməsində Ermənistanda daxili siyasi durum, dövlət siyasətinə erməni diasporunun və lobbisinin təsiri, Ermənistanın Dağlıq Qarabağ ilə bağlı informasiya təbliğatı və siyasəti nəzərdən keçirilmişdir. Bu bölmədə Hatəm Cabbarlının “Qara Qitə”nin inqilab dalğası və Ermənistan daxili siyasətinin dinamikası” sərlövhəli və s. məqalələr dərc olunmuşdur.
“Yeni media: problemlər və həll yolları” adlı növbəti bölmədə “Azərbaycanda sosial şəbəkələr və informasiya təhlükəsizliyi məsələləri” təhlil edilmişdir.
Jurnalın “Azərbaycanın enerji strategiyası və beynəlxalq iqtisadi münasibətlər” bölməsində isə professor Elşən Hacızadənin “Milli neft strategiyasının imperativləri”, Ramiz Rəhmanovun “Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyündən gözləntilər: MDB ölkələrinin təcrübəsi kontekstində”, Gülmira Rzayevanın “Azərbaycan dövlətinin enerji siyasəti müstəqilliyin iyirminci ildönümündə: nailiyyətlər, məqsədlər və perspektivlər” sərlövhəli məqalələri yer almışdır.
“Gənc tədqiqatçılar”: SAM-ın keçirdiyi müsabiqənin qalibləri” adlı sonuncu bölmədə İsveçin Lund Universitetinin İqtisadiyyat və İdarəetmə Məktəbinin doktorantı Abdulla Əlixanovun “Azərbaycan iqtisadiyyatı: inkişafa aparan iqtisadi yol” və Mançester Universitetinin magistri Ariz Hüseynovun “Azərbaycan – Rusiya münasibətləri. müstəqillikdən sonrakı ilk 10 il” sərlövhəli məqalələri dərc olunmuşdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO