“20 Yanvar faciəsi müstəqillik tariximizin başlanğıcıdır”
Bu gün “Səs” qəzetinin redaksiyasında 20 Yanvar faciəsinə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev, millət vəkilləri Eldar İbrahimov, Aydın Mirzəzadə, politoloq Cümşüd Nuriyev, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə, Azad Hərəkatçılar İctimai Birliyinin sədri Təhmasib Novruzov və digərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, “Səs” qəzeti mütəmadi olaraq Azərbaycanı düşündürən, ölkənin və ictimaiyyətin maraqlarını ifadə edən, ən vacib anlarda opretiv olaraq hadisələrlə bağlı dəyirmi masalar təşkil edir. Ekspert rəyləri, millət vəkillərinin, müxtəlif partiya və funksionerlərinin fikirləri bizim qəzetdə və dəyirmi masalarda əks olunub.
Bəhruz Quliyev qeyd edib ki, Prezident Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin – konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində Qanlı 20 Yanvar barədə materiallara geniş yer verilməsi nəzərdə tutulur.
Tədbirlər planına əsasən, dünya ictimaiyyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.
Onun sözlərinə görə, 20 Yanvar faciəsindən 20 il ötür və bu mövzüda tədbirin keçirilməsində əsas məqsəd 20 il əvvəlki tarixə nəzər salmaq, o dövrün ictimai-siyasi vəziyyətini analiz etməkdir.
“Bəziləri bunu yas mərasimi kimi qeyd edir, bəziləri isə bu günə qəhrəmanlıq salnaməsi kimi baxırlar. Amma mən deyərdim ki, bu, bizim müstəqillik tariximizin başlanğıcıdır. 1988-ci ildən başlayan Xalq Hərəkatı məhz 90-cı ilin 20 Yanvar günü bir daha xalqın qanlı qəhrəmanlıq salnaməsinə çevrildi”,- B.Quliyev deyib.
“Ümumiyyətlə, biz baş verən tarixi hadisəyə daha dəqiq, obyektiv və onun canlı şahidi olmuş insanların gözü ilə baxaq”,- deyə baş redaktor əlavə edib.
Tədbirin davamında mövzü ilə bağlı fikir bildirən Milli Dövlətçilik Partiyasınınn sədri Nemət Pənahlı söyləyib ki, 20 Yanvar faciəsi Sovet İmperiyasının ölüm günü, milli şəhidliyin doğum günüdür: “Mən 20 Yanvar hadisələrinə faciə kimi baxmıram, bu gün həmin olaylara göstərilən münasibəti faciə sayıram. N. Pənahlı, yanvar facəsinə gedən yol azadlıqdan, istiqlaldan başlayıb”.
Tədbirdə 20 Yanvar faciəsinin əvvəlcədən qarşısının almağın mümkün olduğunu deyən millət vəkili Eldar İbrahimovun sözlərinə görə, faciənin davamı yanvarın 21-də Naxçıvanda da baş verə bilərdi. Ancaq bu olmadı, ona görə ki, Naxçıvanda rəhbərliyin siyasəti, fikri, ürəyi millətlə bir idi: “20 Yanvar bizim hüzn günümüz deyil, milli qəhrəmanlıq tarixi kimi qeyd olunmalıdır”.
Tədbirdə “20 Yanvar”a gedən yol”, “Bu hansı yoldur, haradan başlayır” və “Bu günü qansız keçmək olardımı” mövzuları ətrafında qızğın fikir mübadiləsi aparılıb.