Azərbaycanda bir sıra qəzet və jurnallar nəşr olunur. Bu mətbu orqanların bir çoxu Azərbaycan müstəqillik qazandıqdan sonra yaranıb. Amma onların arasında keçmiş Sovet dönəmindən çıxan və bu gün də adını qoruyub saxlayan jurnallar var. Məsələn, SSRİ dönəminin Azərbaycanın ən məşhur satirik jurnallarından “Kirpi” bu gün də nəşrini davam etdirir.
Eləcə də “Azərbaycan qadını”, “Elm və Həyat”, “Ulduz” jurnalları, “Azərbaycan müəllimi”, “Kommunist” qəzetləri də Sovet dönəmində fəaliyyətə başlayıb və bu gün çap olunan mətbu orqanlardandır.
72 min tirajdan 1000-ə…
Məlumat üçün qeyd edək ki, “Azərbaycan” jurnalı 1923-cü ildə yanvar ayının 28-də “Maarif və mədəniyyət” adı ilə işıq üzü görüb. Müxtəlif vaxtlarda müxtəlif adlarla çıxan jurnal 1953-cü ildən “Azərbaycan” adı ilə nəşr olunur. 1997-ci ildən jurnalın redaktoru İntiqam Qasımzadədir.
İ.Qasımzadənin Modern az-a dediyinə görə, “Azərbaycan” jurnalının SSRİ vaxtında ən yüksək tirajı 72 min olub.
“Sovet dövründə jurnalın tirajı müxtəlif olub. Amma jurnalın 72 min tirajla çıxdığı vaxtlarda olub. İndi isə “Azərbaycan” jurnalı 1000 tirajla çap olunur”.
Əvvəlki dövrlə müqayisədə indi jurnalın belə az tirajla çıxmasının hər zaman oxucuları çaşdırdığını deyən baş redaktor bu fərqin yalnız Sovet dönəminə aid olmadığını və bu prosesin bütün dünyada getdiyini qeyd edib
“Tvardovsikinin vaxtilə buraxdığı Rusiyanın məşhur və möhtəşəm “Novıy Mir”jurnalı yarım milyon, 350 min tirajla nəşr olunurdu. İndi isə elə böyüklükdə ölkənin jurnalı 2500 tirajla çıxır. “Azərbaycan” jurnalı da 8 milyonluq əhalisi olan Azərbaycanda 1000 tirajla çıxır. Bu mühit təkcə bizdə deyil, Fransa, İngiltərədə də belədir. Sahə, ixtisas jurnalların tirajı 1500, 2000-dən artıq olmur”.
İ.Qasımzadə jurnalın tirajının az olmasının səbəbini bu gün texnologiyanın inkişafında və nəşrlərin sayının artmasında görür:
“Dünya dəyişib. Əvvəlki vaxtlarda kompüter və ya digər nəşrlər yox idi. İnsanlar yalnız “Azərbaycan” jurnalı alıb oxuyurdular. İndi isə Azərbaycanda yüzlərlə jurnal çıxır və onların da hər biri öz oxucusunu tapır. Üstəlik internetin inkişafı və saytların da yaranması buna öz təsirini göstərir. Köşkə gedib, pul verib jurnal və ya qəzet almaq əvəzinə düyməni basır və internetdən məlumatı əldə edir”
Baş redaktor Sovet dönəmində yazıçılar, eyni zamanda oxucular arasında hər zaman məşhur olan “Azərbaycan” jurnalının bu gün populyarlığının və ictimaiyyətə təsirinin nə yerdə olduğunu bilmədiyini deyib.
Elmdən xəbər verən jurnal…
“Elm və həyat” jurnalı: 1961-ci ildə Azərbaycan Respublikası Bilik Cəmiyyətinin nəzdində təsis edilib, fevral ayından isə nəşrə başlayıb. 1991-ci ilin sonuna qədər həmin cəmiyyətin orqanı olub. 1992-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə keçirilib. Bu gündə AMEA-nın orqanı kimi nəşrini davam elətdirir.
Jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri redaktoru isə akademik Abdulla Qarayev olub. “Elm və həyat” jurnalının 2000-ci ildən fəxri baş redaktoru AMEA-nın prezidenti akademik Mahmud Kərimovdur.
“Elm və həyat” jurnalının məsul katibi Maral Poladova saytımıza deyib ki, jurnalın indiki tirajı 500-dür, amma 90-cı illərə qədər jurnal 120-140 min tirajla nəşr olunub.
“Jurnalın fəliyyət istiqaməti 50 il bundan əvvəldəki kimidir. Əsas məqsədi Azərbaycan elminin bütün sahələrindən və dünya elmindəki yeniliklər barədə məlumatları ictimaiyyətə çatdırmaqdır.
Akademiyanın Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən jurnal akademiklərin hesabına nəşr olunur. Jurnalın müəlliflərinin 90 faizi akademiklər, elmlər doktorları, elmlər namizədləridir. Onların yazılarını biz hazırlayırıq və ya onlarla bağlı müsahibələr təşkil edir, oçerklər veririk”.
Redaksiyada redaktorla birlikdə dörd işçinin çalışdığını deyən M.Poladova jurnalın ildə 4 dəfə nəşr olunduğunu bildirib.
“Son illərə qədər jurnala vurulan ən böyük zərbə rəsmi katoloqa salınmamasıdır ki, bununla o abunəçilərini və dövrlülüyünü itirdi. Əvvəllər aylıq çıxan “Elm və həyat” jurnalının indi bir-iki abunəçisi var. Onlar da jurnalı redaksiyadan, mətbəədən və ya akademiyadan gəlib götürürlər”.
Maral xanım bir faktı da qeyd edib: “Akademiyanın Rəyasət Heyəti jurnalın 50 illiyinin mart ayında qeyd olunacağı barədə qərar çıxarıb. Bu münasibətlə akademiyanın rəyasət heyəti əməkdaşlara fəxri fərman, mükafatlar verməyi planlaşdırıb”.
1998-ci ildə jurnal Meksikada “Qran – pri” beynəlxalq mükafatına layiq görülüb.
“Amma təəssüf ki, maliyyə çətinliyi səbəbindən həmin vaxtlar gedib o mükafatı götürə bilmədik. Amma redakiyada məktubu yadigar kimi saxlamışıq”.
“Kirpi”nin iynələri yenəmi itidir…?
“Kirpi” satira-yumor jurnalı 1952-ci ilin iyul ayının 13-dən işıq üzü görüb. İlk redaktoru yazıçı – jurnalist Əvəz Sadıq olub. !906-cı ildə nəşrə başlayan və 1930-cu ildə nəşrini dayandıran “Molla Nəsrəddin” jurnalından sonra satira sahəsində boşluğu “Kirpi” jurnalı doldurmağa başlayıb. Sovet dönəmində çıxan jurnalın ictimaiyyət arasında böyük təsiri var olub. Bu həm də o vaxt xalqın satiraya olan ehtiyacı ilə əlqadəar olub. Jurnal cəmiyyətdə olan mənfilikləri satira-yumor formasında tənqid edir, karikaturalar verirdi. Bu gün də nəşrini davam etdirən jurnalın indiki baş redaktoru Polad Qasımovdur.
Jurnalın bədii redaktoru Hafiz Nəsiroğlu Modern.az-a bu gün “Kirpi”nin 5 min tirajla çap olunduğunu bildirib. “Nəşrə başladığı gündən 90-ci ilə qədər jurnal 110 min tirajla çap olunub. 90-ci ildən sonra jurnalın tirajı aşağı düşərək 50 min oldu. İndi isə 5 min tirajla nəşr olunur”.
Redaktorun fikrincə, jurnalın tirajının aşağı düşməsinin səbəbi maliyyə çatışmazlığıdır. “Sovet dövründə “Kirpi” jurnalı “Kommunist” qəzetinin nəzdində yerləşirdi, o cümlədən maliyyə dəstəyi dövlət tərəfindən olurdu. Artıq 92-93-cü illərdən “Kirpi” müstəqil fəaliyyətə başladı. Beləliklə qəzetlərdə olduğu kimi “Kirpi”də maliyyə çətinlikləri ilə üzləşdi. Bu çətinliklər də tirajın aşağı düşməsinə səbəb oldu”.
H.Nəsiroğlunun sözlərinə görə “Kirpi” jurnalı nəşr olunan zaman satiraya böyük ehtiyac var idi. “Ayda iki dəfə nəşr olunan “Kirpi” o zamanlar məişətimizdə olan əyri-əskikləri, sosial problemləri, siyasi baxımdan, eyni zamanda ticarətdə olan nöqsanları göstərir, uzaq başı məmurlardan “JEK”müdirlərini tənqid edirdi. Jurnal sovet dönəmində yeganə satirik jurnal olduğu üçün kifayət qədər populyar idi. 110 min tirajla çıxan jurnala təbii ki, şikayət məktubları da çox gəlirdi. Bizim o məktublara cavab verməmiz həm oxucu kütləsinin artmasına, həm də onların maraqlarına səbəb olurdu.
İndi əldə etdiyimiz müstəqillik təhqir yox, tənqid nöqteyi-nəzərindən açıq fikir ifadə etməyə imkan yaradıb. Əgər “Kirpi” jurnalı da tirajı çoxaltsa, müəlliflərin qonararını ödəsə, maliyyə durumu istənilən səviyyədə olsa, inanıram ki, keçmiş zamanlardan elə də geridə qalmaz, əksinə daha da aktual, populyar olar”- deyə bədii redaktor əlavə edib.
Karikatura şöbəsinin rəhbəri, rəssam-karikaturist Hafiz Həsənoğlu jurnalın əvvəlki şöhrətini itirməsinin səbəbini maliyyə ilə bağlı olduğunu deyib: “Tək özüm jurnalıən karikaturalarını çəkirəm. Təbii ki, bir rəssamla jurnalı əhatə etmək çətindir, həm də belə maraqlı olmur. Oxucular jurnalı vərəliyəndə ancaq mənim karikaturalarımı görürlər. Amma başqa rəssamların da fikiləri, mövqeləri, maraqlı işləri var. Onlar jurnala cəlb olunmalıdır. Lakin gələn müəlliflərə, karikaturistlərə qonarar ödəmək qeyri mümkündür, ona görə rəssamlar da gəlmir”.
H.Həsənoğlu deyib ki, redaktor, bədii redaktor, məsul katib, iki müxbirdən ibarət olan jurnal müstəqil fəaliyyət göstərir və jurnala dövlət yardımı yoxdur.
“Satiraların, karikaturaların nəticəsinin olması barədə nikbin deyiləm, bunu hiss eləmək olmur. Çünki tirajı aşağı olan jurnalın oxucu kütləsi də az olur. Jurnala tələbatın azladığı zamanda onun ictimai rəyə təsirindən heç çürə söhbət gedə bilməz”.
Bədii redaktorun fikrincə, mətbuata şəffaf, yəni təhqiramız yox, tənqidi nöqteyi-nəzərindən karikatura hava, su kimi lazımdır və indiki dövrdə SSRİ vaxtındakı kimi karikaturalar çəkilmir.
“Sovet dönəmində elə bir qəzetimiz olmayıb ki, onun səhifələrində karikatura olmasın, tək “Kirpi” jurnalı bu sahədə işləmirdi. “Bakinskiy raboçiy”, “Vışka”, “Kommunist” və başqalarının səhifələrində karikaturalara rast gəlmək olardı. İndiki dövrdə isə özəl qəzetlərdə verilən karikaturalar heç nədir. Onlar sadəcə kimisə manefiyini daşıyır, kiməsə lazımdır.
Ancaq mətbuatda sırf şəffaf satira-jumorla fəaliyyət göstərən və mənafeyini qoruyub saxlayan yeganə öz jurnalımızı görürəm. Başqaları da olsaydı, maraqlı olardı, amma təəssüf ki yoxdur”.