Mayın 5-də Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (“Soros” Fondu) “İctimai vəsaitlərin şəffaflığı və hesabatlılığı” mövzusunda keçirdiyi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb.
Müsabiqənin 1-ci turuna 46 yazı təqdim olunmuş, 2-ci tura 15 nəfər keçmişdi. Bunlardan 5-i yer tutub.
Müsabiqədə yer tutmuş jurnalistlər pul mükafatı və sertifikatla mükafatlandırılıblar.
Müsabiqənin qalibi – 1-ci yerin sahibi “Azadlıq” radiosunun əməkdaşı Səadət Akifqızı olub. O, müsabiqəyə “İşsiz-peşəsiz peşə məktəbləri…” yazısı ilə qatılmışdı. Səadət Akifqızı pul və sertifikatla yanaşı daha bir mükafat qazanıb: o, xarici ölkələrin birinə kurs keçməyə göndəriləcək.
2-ci yerə “Lent.az” portalının xüsusi müxbiri Elxan Salahov çıxıb (“Suyu sovrulmuş bulaqlar” yazısına görə).
3-cü yeri “Yeni Müsavat” qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Həbibə Abdulla tutub (“Dünyanın zibil təcrübəsi və Azərbaycan hökumətinin seçimi” yazısına görə).
4-cü yerə “Exo” qəzetinin əməkdaşı Cavid Xəlilov çıxıb (“О том как можно точнее невозможно получить информацию” yazısına görə).
5-ci yerin sahibi “Ekspert” jurnalının eksperti Dünya Sakit olub (“Dövlət vəsaitlərində səmərəsiz istifadə xəstələrin canına, sağlamların isə cibinə zərər vurur” yazısına görə).
«Media forum»