Sevinc Osmanqızı: “Mətbuat sahəsi üzrə ayrıca aparat fəaliyyət göstərməlidit “

“Women’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı hazırda Azərbaycan cəmiyyətində informasiya azadlığı üzrə ombudsman mövzusunun aktuallaşmasını təqdirəlayiq hal kimi dəyərləndirir.

“Media forum” saytına açıqlamasında o deyib ki, informasiya azadlığı üzrə ombudsman məsələsinin gündəmə gəlməsi yaxşı haldır: “Çünki bu məsələ artıq neçə ildir həllini gözləyir”.

Milli Məclisin plenar iclasına tövsiyə olunmuş “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” konstitusiya qanununa əlavə və dəyişikliklər layihəsinə görə, informasiya azadlığı üzrə ombudsman təyin olunmamalı və bu səlahiyyətlər insan hüquqları üzrə hazırkı ombudsmana verilməlidir. İnformasiya ombudsmanın əsas missiyasının hökumətin ictimai informasiyaları ictimaiyyətə açıqlamasına nəzarət olduğunu vurğulayan bəzi media təmsilçiləri, QHT-lər layihəyə qarşı çıxırlar.

Sevinc Osmanqızı “Media forum”a açıqlamasında bildirib ki, həqiqətən də Azərbaycanda informasiya sahəsində bir nümayəndənin olması aktualdır: “Son bir neçə ildə ilk dəfədir ki, həbsdə yalnız bir jurnalist qalıb. Əvvəlki illərlə müqayisədə irəliləyiş hesab olunsa da, həbsxanada bir jurnalistin olması da yaxşı hal deyil. Digər tərəfdən, Azərbaycanda mətbuat sahəsindəki ənənəvi problemləri nəzərə alsaq, informasiya sahəsi üzrə ombudsmanın olması vacibdir və artıq neçə ildir ki, mətbuat bunu gözləyir.

İnformasiya azadlığı üzrə ombudsmanlıq səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilliyə verilməsi, bütün səlahiyyətlərin bir simada birləşməsi yaxşı hal deyil. Ola bilsin ki, hər hansı mətbuat sahəsində ənənəvi problemi olmayan hansısa ölkədə belə təcrübədən istifadə uğur gətirə bilər. Lakin Azərbaycanda jurnalsitlərin həbsə salınması, jurnalistlərin təqibə, təsirə, təzyiqə məruz qalmasını nəzərə alaraq ölkəmizdə xüsusilə bu sahə ilə məşğul olan ayrıca institutun olmasını vacib hesab edirəm.

Həm də bu, sadəcə, nomenklatura xatirinə həyata keçirilməməlidir. Həqiqətən də öz fəaliyyəti ilə jurnalistlərin informasiyaya çıxışının təmin olunmasına kömək edən, jurnalistlərin hər hansı təhlükə ilə üzləşməsinə yol verməyən, belə hal yaranarsa, bunu edən adamların cəzalandırılmasını təmin edən, bu işə zamin duran, zəmanət verən bir aparatın olmasına ehtiyac var. Ona görə də iki vəzifənin eyni sima üzərində cəmləşməsi düzgün deyil. Misal üçün, insan hüquqları üzrə fəaliyyət göstərən hazırkı Ombudsman Aparatının onsuz da kifayət qədər işi var. Mətbuat azadlığı sahəsinin elə insan haqları sahəsi qədər problemi var. O səbəbdən mətbuat sahəsi üzrə ayrıca aparat fəaliyyət göstərməlidir.

İnformasiya azadlığı üzrə ombudsmanın kim olmasına gəlincə, beynəlxalq təcrübəyə müraciət etmək lazımdır. Misal üçün, Finlandiyada bu vəzifəni çox hörmətli veteran jurnalist həyata keçirir. Həmin şəxsi Finlandiyanın bütün təbəqələri hörmətlə qəbul edir. Onun kifayət qədər böyük hörməti və nüfuzu var. Hesab edirəm ki, bizdə də informasiya ombudsmanı mətbuatın içərisindən çıxmış, bütün düşərgə ilə danışıq aparmaq bacarığına malik adam olmalıdır. Mən burada hansısa Azərbaycan QHT-sinin rəhbərini görməkdənsə bütün siyasi düşərgələrin qəbul etdiyi şəxsi görmək istərdim. Bu məsələlərin həlli əslində hakimiyyətdən keçir.

Əgər bu şəxs jurnalistlərin problemi ilə bağlı hakimiyyətlə danışıqlar aparmayacaqsa, qapını çırpıb siyasi bəyanatlar verməklə işini bitmiş hesab edəcəksə, Azərbaycan mətbuatının vəziyyətində heç bir dəyişiklik olmayacaq”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO