Söz Azadlığını Müdafiə Fondu (SAMF) “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” mövzusunda kütləvi informasiya vasitələri, mətbuat xidməti institutlarının təmsilçiləri, mütəxəssislər və hüquqşünasların iştirakı ilə dəyirmi masa keçirib.
Dəyirmi masanı giriş sözü ilə SAMF sədri, şair Musa Yaqub açaraq tədbiri əhatə edəcək layihə barədə məlumat verdi. SAMF sədri bildirdi ki, mətbuat xidməti rəhbərləri ilə KİV-lər arasında əlaqə yaratmaq, onların münasibətlərini müasir məcraya yönəltmək məqsədilə bir neçə mərhələdən ibarət bu layihəni həyata keçirmək istəyirlər.
Sonra SAMF-ın icraçı direktoru Vüqar Tofiqli çıxış edərək tədbirin hazırlanmasından, mətbuat xidmətləri rəhbərlərinin fond kollektivinin tədbirə dəvətlərinə fərqli münasibətlərindən danışdı. Onların bəzilərinin hələ də iş fəaliyyət prinsiplərinə belə dərindən yiyələnə bilmədiklərini qeyd etdi.
“KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” mövzusunda isə SAMF-ın layihələr üzrə koordinatoru Nəzirməmməd Quliyev çıxış etdi. N.Quliyev bildirdi ki, kollektivin bu mövzunu kütləvi informasiya vasitələri, mətbuat xidməti institutlarının təmsilçiləri, mütəxəssislərin fəal iştirakı ilə müzakirəyə çıxarmaq istəyi təsadüfi deyil. Çünki bu layihənin gerçəkləşdirilməsini zərurətə çevirən səbəblər var. Buna səbəb hər şeydən öncə bu sahədə kifayət qədər problemlərin mövcudluğudur. Problemlərsə əsasən jurnalistlərin məlumat almaq, informasiyaları dəqiqləşdirmək istəməsi, dövlət və özəl qurumların rəhbər şəxslərindən müsahibələr, açıqlamalar almaq istəmələri, başqa sözlə jurnalistlərlə mətbuat xidməti qurumlarının məcburi təması zamanı özünü göstərir. Sevindirici haldır ki, bir neçə il əvvəllə müqayisədə indi bu sahədə müsbət meyllər də yaranmağa başlayıb. Belə ki, media ilə işini daha yaxşı quran və ya buna cəhd edən mətbuat xidməti qurumlarının da sayı artmağa başlayıb. Bunu həm informasiya yaymaq və almaq imkanının müasir vasitələrindən biri olan əksər təşkilatların internet saytları, digər elektron resurslar, həm də artıq mətbuat xidmətləri strukturlarının bizim ölkəmizdə də oturuşmuş qurumlar statusuna gəlib çatmaları ilə əlaqələndirmək olar. Lakin təəssüf ki, eyni fikri hələ də onların hamısına aid etmək mümkün deyil. Biz layihə çərçivəsində bunu jurnalistlərin iştirakı ilə daha mükəmməl şəkildə araşdırmaq imkanı əldə edəcəyik.
Layihə koordinatorunun sözlərinə görə bu sahədə qanunvericilik kifayət qədər normaldır: “Əslində qanunvericiliyin tələblərinə görə, təkcə KİV qurumları deyil, hər bir vətəndaş istənilən təşkilata müraciət edib oradan qanunla ötürülməsi qadağan olmayan hər bir informasiyanı ala bilər. Kütləvi informasiya vasitələrinin informasiya almasını isə Azərbaycan Respublikası Konstitusiyasının Məlumat Azadlığını nəzərdə tutan 50-ci maddəsi, söz və fikir azadlığını nəzərdə tutan 47-ci maddəsi, 12 mart 2002-ci il tarixli “Ətraf Mühitə Dair İnformasiya Almaq Haqqında”, 25 iyun 2002-ci il tarixli “Televiziya və Radio Yayımı Haqqında”, 28 sentyabr 2004-cü il tarixli “İctimai Televiziya və Radio Yayımı Haqqında”, “Kütləvi İnformasiya Vasitələri Haqqında” qanunun 8-ci maddəsində aydın şəkildə göstərilən “KİV-lərin məlumat almaq hüququ”, 9 dekabr 2005-ci il tarixli “İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının qanunu, eləcə də 9 sentyabr 1998-ci il tarixli məlumat azadlığının sərhədlərini müəyyən edən “Məlumat Azadlığı Haqqında” qanunun müddəalarından irəli gələn tələblər və digər normativ aktlar tənzimləyir”
N.Quliyev daha sonra KİV-lərlə mətbuat xidmətləri arasında illərlə mövcud olan və hələ də həllini tamamilə tapmayan problemlərin olmasına müxtəlif istiqamətli münasibətlərin fonunda fərqli yanaşmalar olduğunu qeyd etdi: “Arqumentlərdən biri də peşəkarlıq amilinin müzakirə predmetinə çevrilməsini zəruri edir. Bu fikri müəyyən mənada mən də dəstəkləyirəm ki, mətbuatla işləməli olan şəxslər mütləq bu sahənin içərisində müəyyən müddət çalışmalı, bu sahəyə, onun prinsiplərinə az-çox bələd olmalıdılar. Onların təyinatı zamanı bu amilin nəzərə alınması qurum rəhbərlərinə nəzərdə tutduqları sədaqət prinsipindən də artıq xeyir gətirə bilər. Təbii ki, burada söhbət müasir hüquqi dövlətin və vətəndaş cəmiyyətinin prinsiplərinə xas olan informasiyalı cəmiyyətdə idarəçilik metodunun meyarlarından gedir. Müasir dövlətçilikdə mətbuat xidmətinin aparıcılıq funksiyası təmsil etdiyi təşkilatı mediadan gizləmək prinsipi üzərində qurula bilməz. Əksinə onu daha çox media ilə əlaqələndirəndə bu təşkilatın işlək bir qurum olduğu bəlli olur. Ona görə də mətbuat xidmətləri media səhnəsində görünməyə KİV təmsilçilərindən daha çox maraqlı olmalıdırlar. Lakin xidmət rəhbəri peşəkarlardan təşkil olunmayanda bu işin mahiyyətini dərindən bilməməsinə görə və ya digər səbəblərdən bu əlaqələri qura bilmir, yaxud bu əlaqələri qurmaqda heç maraqlı olmurlar”.
N.Quliyev problemlərdə media mənsublarının da rolundan danışdı: “Təbii ki, KİV təmsilçilərinin də üzərində böyük məsuliyyət var. Elə jurnalistlərimiz var ki, fəaliyyətləri zamanı müvafiq ölkə qanunvericiliyinin, peşə etikasının, iş kodeksinin tələblərinə məhəl qoymurlar. Bu da ciddi problemlərin yaranması üçün əsas olur. Lakin sevindirici hal budur ki, belələrinin sayı bizim aparıcı, ictimai rəyə təsir etmək iqtidarında olan kütləvi informasiya vasitələrində çalışanların sıralarında çox azdır”.
Sonra mövzu ətrafında tədbirə dəvət olunmuş mütəxəssislərin, KİV və mətbuat xidməti rəhbərlərinin iştirakı ilə geniş müzakirələr keçirildi. Sənaye və Energetika Nazirliyi Mətbuat Xidməti rəhbəri Azər Mənsimli, Əməkdar Jurnalist Ənvər Qafarlı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Bakı Baş Təhsil İdarəsi Mətbuat Xidmətinin rəhbəri Zəminə Əliqızı, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Akkord” Şirkətlər Qrupu Mətbuat Xidmətinin rəhbəri Afaq Quliyeva, “ELS” Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və başqaları çıxış edərək problem barədə danışdılar və öz təkliflərini irəli sürdülər. Dəyirmi masa qızğın diskussiyalarla davam başa çatdı.
SAMF