SAMF “KIV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirdi

“KIV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda layihənin koordinatoru Nəzirməmməd Quliyev çıxış etdi. O, bildirdi ki,
“Söz Azadlığının Müdafiəsi Fondu” fəaliyyətinin yeni mərhələsinə start verərkən ictimai müzakirələrə ilkin olaraq “KİV-də peşəkarlıq problemi və bu problemi yaradan səbəblər” mövzusunu təqdim edir: “Əslində təşkilat öz üzərinə söz azadlığının müdafiəsi kimi demokratik, hüquqi dövlətlərə xas bir missiyanı götürdüyü üçün biz bu istiqamətdə gərəkliliyinə ehtiyac hiss olunan əksər mövzularla bağlı geniş çeşidli layihələri reallaşdırmaq niyyətindəyik. Lakin peşəkarlığın KİV-lə bağlı bütün komponentlərin əlifbası olduğunu nəzərə alaraq ilkin müzakirəyə bu mövzunu çıxardıq”.
Layihə koordinatoru əlavə etdi ki, hər bir azərbaycanlının mənzilinə qeyd-şərtsiz daxil olan KİV-lər ölkə vətəndaşlarının bugünkü və gələcək həyatlarında silinməz izlər buraxırlar: “Buraya şübhəsiz ki, bəsit məzmunlu, qeyri-dəqiq məlumatlarla zəngin və nəticədə ölkəmizin imicinə həm daxildə, həm də beynəlxalq aləmdə ciddi zərbələr vuran jurnalist produksiyalarını da əlavə etməyin zamanıdır. Artıq keçmiş SSRİ – indiki MDB məkanında da belə haqqımızda ikrah hisslərin yaranmasına səbəb olan bir möhür, bir yalançı rəhbərdən ibarət “reket” adını almış qəzetlərin olması faktı da fikrimcə ölkəmizdə qeyri-peşəkar jurnalistikanın “cəbhə boyu hücuma keçməsinin” məntiqi nəticəsidir. Yeri gəlmişkən, Mətbuat Şurasının sonuncularla bağlı reallaşdırdığı bir sıra tədbirləri təqdirəlayiq hesab etmək olar”.
N.Quliyev həmçinin dedi ki, KİV-lərdə qeyri-peşəkarlığın yaranmasına səbəblərdən biri də reklam uğrunda aparılan qeyri-sağlam mübarizədir. Əslində məlumdur ki, daha çox reklam əldə etmək istəyən KİV bu təbii arzusunu reallaşdırmaqdan ötrü daha çox auditoriya qazanmaq uğrunda mübarizə aparmalıdır. Hamımıza bəllidir ki, daha çox auditoriya qazanmağın yolu ortaya mükəmməl, lazımlı, vacib oxunaqlılıq, baxımlılıq qoya bilməkdən keçir. Bu, təcrübədən uğurla keçmiş, öz təsdiqini tapmış bir nüansdır. O da KİV-lə məşğul olanlara bəllidir ki, bu minvalla qazanılan geniş auditoriya KİV qurumunun yaşaması və inkişafı üçün həyat iksirinə çevrilmiş reklamın daha çox cəlbini stimullaşdırır. Lakin reklam uğrunda aparılan qeyri-peşəkar, qeyri-sağlam mübarizə istər-istəməz peşəkarlıq kimi vacib bir prinsipin arxa plana keçməsinə səbəb olur. Bu isə ölkə mətbuatının ən böyük problemlərindən biri olan, prinsip etibarilə daha çox maliyyə asılılığına əsaslanan çap məhsullarında qütbləşmə, elektron KİV-də isə şoulaşma amillərinə yol açır.
Layihə koordinatoru onu da dedi ki, medianın qütbləşməsi indiyə qədər aparılan diskussiyalarda daha çox mətbuatın siyasiləşməsi kimi xarakterizə olunub: “Əslində qütbləşmənin sərhədləri təkcə bununla məhdudlaşmır. Qütbləşmə özünü həmçinin mətbuatın ayrı-ayrı imkanlı şəxslərin əlinə keçməsində də büruzə verir. Şoulaşma isə bütün sərhədləri vurub dağıdaraq vətəndaşların şəxsi həyatlarına müdaxilələr etməklə yanaşı ölkəmiz barədə mənfi tendensiyaların da yaranmasına səbəb olur”. KİV-lərdə peşəkarlığı əngəlləyən digər səbəblər barədə də məlumat verən layihə koordinatoru qeyd etdi ki, son vaxtlar mətbuatda tədqiqat xarakterli, sosial yönümlü yaziların azalması da peşəkarlığın arxa plana keçməsinin göstəricilərindən biridir:”Vətəndaşlar daha çox fərdi qayğıların işıqlandırılmasını istəyirlər. Bu sosial sifarişdir”
Sonra mövzu ətrafında geniş diskussiyalar aparıldı. “APA” İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı bildirdi ki, təəssüf ki, Azərbaycanda KİV-lər arasında reklam bazarı uğrunda mübarizə getmir. Sadəcə olaraq reklam bəzi KİV-lər arasında təyinatla bölüşdürülür. Reket qəzetlərsə mətbuat nümunəsi kimi hallandırılmasa daha yaxşı olar. Tanınmış hüquqşünas Adil Minbaşı reket qəzet probleminin həlli məqsədilə Mətbuat Şurasına əlavə səlahiyyətlər verilməsinin vacibliyini söylədi.
Mətbuat Şurası sədrinin müavini, JUHİ sədri Müşfiq Ələsgərli isə Azərbaycanda peşəkar jurnalist probleminin deyil, peşəkar jurnalisti normal əmək haqqı ilə təmin edən KİV-lərin olmamasını bildirdi.
media hüququ üzrə mütəxəssis, hüquqşünas Ələsgər Məmmədli, tanınmış jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, ADP Mətbuat Xidmətinin rəhbəri Nurəddin İsmayılov çıxış edərək mövzu ətrafında geniş fikir mübadiləsi apardılar, müzakirəyə çıxarılan hər bir məsələyə dair münasibətlərini açıqladılar və müvafiq təkliflər verdilər. Çıxış edənlər bu istiqamətdə müzakirələrin davamlı olmasını vacib hesab etdiər.
SAMF
27/10/2009

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO