SAMF kitab nəşri, satışı və təbliğinin problemlərini araşdırmağa başladı

SAMF kitab nəşri, satışı və təbliğinin problemlərini araşdırmağa başladıSöz Azadlığını Müdafiə Fondu (SAMF) “Kitab nəşri, satışı və təbliğinin mövcud vəziyyəti: təhlil və araşdırmalarda” adlı yeni bir layihənin icrasına start verib.
Fonddan verilən məlumata görə, rəhbəri və ideya müəllifi SAMF sədri, şair Musa Yaqub olan layihənin həyata keçirilməsindən məqsəd ilk öncə kitab satışı sahəsində yaranmış problemlərin aradan qaldırılmasına dəstək verməkdir. Bununla yanaşı problemin ayrı-ayrı fərdlərin şəxsi qayğıları olmamasını göstərməklə, bunun çağdaş ədəbiyyatımızda boşluqlara yol açmasını və nəticə olaraq bütövlükdə xalqımızın gələcək taleyində mənfi çalarlar yaradacağını nəzərə alan kollektiv layihə çərçivəsində XXI əsr Azərbaycan gəncliyini intellekt yarışına cəlb etmək kimi vacib bir amili də gündəmə gətirmək niyyətindədir.
SAMF layihə çərçivəsində müasir dövrdə kitab çapının, satışının səviyyəsinin araşdırılmasını, kitab reklamının, xarici ölkələrdə analoji problemlərin həllinin və s. problemlərin monitorinq və müzakirələrini tərəfləri iştirakı ilə həyata keçirəcək.
Layihədə həmçinin ölkəmizdə kitab satışının təşkili mexanizminin keçmiş SSRİ, müstəqilliyin ilk illəri və çağdaş dövrümüzlə bağlı müqayisəli təhlili də nəzərdə tutulub.
Habelə layihə çərçivəsində kitab çapı və satışında maraqlı olan bütün tərəflər – fikir, düşüncə adamlarının problemlərini dinləyib müzakirələrə çıxarmaq, onları ictimailəşdirmək, nəşriyyatlar, satış nöqtələrində müxtəlif istiqamətli monitorinqlər aparmaq nəzərdə tutulub. Elə buna görə də SAMF kollektivi problemin milli məsələ olduğunu nəzərə almaqla media qurumları vasitəsilə müraciət edərək onlardan layihənin hədəflərinə çatmaqda öz yardımlarını əsirgəməməyi xahiş edir.
İki ay davam edəcək layihə yekunu olaraq dekabr ayının ikinci yarısında toplanmış materiallar və faktların dəyirmi masada geniş müzakirəsi nəzərdə tutulur.

Söz Azadlığını Müdafiə Fondu
22.10.2012

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO