SAMF internet-medianın monitorinqini başa çatdırıb

SAMF internet-medianın monitorinqini başa çatdırıbSöz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın fəaliyyəti ilə bağlı bir ay ərzində (07.12.2010 – 11.01.2011) həyata keçirdiyi monitorinqi yekunlaşdırıb. Monitorinq “Lent.az”, “Mediaforum.az”, “Modern.az”, “Milli.az”, “Qafqazinfo.az” və “Qaynar.info” xəbər portallarının üzərində reallaşdırılıb. Monitorinq zamanı SAMF-ın ekspert qrupu bir ay müddətində gündə 5 dəfə olmaqla adıçəkilən resursların virtual məkandakı fəaliyyətini araşdırıb. Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd yeni media quruluşları sayılan internet-portalların fəaliyyətlərinin mövcud durumunu öyrənmək, onların problemlərini üzə çıxarmaq, tanınmış ekspert və media mütəxəssislərinin rəyi əsasında bu problemlərin həlli yollarını müəyyən etməkdir. İlkin proses kimi həyata keçirilən monitorinq media fəaliyyəti üçün son dərəcə vacib hesab olunan aşağıdakı parametrlər üzrə aparılıb: oxucuların informasiya təminatı, operativlik, peşəkarlıq səviyyəsi, informasiyaların sahələr üzrə paylanılması, dil üslubu və yazıların say çoxluğu. Monitorinq nəticəsində məlum olub ki, ən müasir KİV sahəsi kimi, internet-media ölkə əhalisinin informasiya ilə təminatında bir sıra uğurlara imza atıblar. Belə ki, onlar kütləvi informasiya vasitəsi kimi oxucuların informasiyaya olan tələbatının ödənməsi baxımından sələflərini belə qabaqlayaraq medianın operativlik təşəbbüsünü öz əllərinə ala biliblər. Monitorinq zamanı internet-media orqanlarında oxucuların ayrı-ayrı istiqamətlər üzrə informasiya ilə təmin olunması və ya əyləncəyə daha çox yer ayrılması da müəyyənləşdirilib. Bu zaman maraqlı faktlar aşkarlanıb. Belə ki, oxucular tərəfindən portalların əksəriyyətində siyasət xəbərlərinin çoxluğu təxmin edilsə də, monitorinq nəticəsində bəlli olub ki, həmin xəbərlərin sayı heç də humanitar, kriminal, idman, bəzi məqamlarda hətta şou-biznes xəbərlərindən belə çox deyil. Əksinə saytların əksəriyyətində bəzi günlərdə humanitar xəbərlər yeddi şkalanın(humanitar, siyasət, iqtisadiyyat , şou-biznes, kriminal, idman, müxtəlif xəbərlər) içərisində digər istiqamətli xəbərlərə nisbətən 60-65 faiz fərqlə sayca liderliyi daha çox saxlaya bilib. Belə ki, təhsil, səhiyyə, ekologiya, mədəniyyət və s. əhatə edən humanitar istiqamətli xəbərlərlə bağlı bir aylıq cədvəl üzərində yaranmış mənzərədə onların say faizləri cüzi istisnalarla Lent.az-da 14,9 faiz, Mediaforum.az-da 19,2 faiz, Modern.az-da 17,60 faiz, Qafqazinfo.az-da 11,30 faiz, Milli.az-da 19,1 faiz, Qaynarinfo.az-da 17,90 faiz təşkil edib. Siyasət xəbərlərinə gəlincə, bəzi günlərdə Milli.az 45-47 faizlə, Mediaforum.az 45-50 faizlə, bəzi günlərdə isə 35-40 faizlə Lent.az və Qafqazinfo.az saytları, digər vaxtlarda isə 35-40 faizlə Modern.az siyasət xəbərlərinin sayına görə liderliyi ələ ala biliblər. Məlum olub ki, Qafqazinfo.az və Qaynar.info saytları siyasət xəbərlərinin sayına görə daim birinciliyi qoruyub saxlaya bilməsələr də, öz fəaliyyətlərində siyasətə daha çox üstünlük verməyə çalışıblar. Monitorinq nəticəsində bir sıra digər məqamlara da aydınlıq gətirilib. Məsələn, Mediaforum.az və Modern.az saytlarının siyasətlə bağlı informasiyaları çatdırmasından daha çox, bu informasiyaların mümkün təhlilinə diqqət ayırdıqları məlum olub. Ölkəmizin və dünyanın bütün regionlarında baş verənləri tez əhatə edərək xəbərləri vaxtında çatdırmaq probleminin həlli prosesində liderliyi Lent.az və Milli.az saytı monitorinq qmüddətində öz əlində saxlaya bilib. Cüzi istisnaları nəzərə almasaq iqtisadiyyat, kriminal və idman xəbərləri 8-10 faizlə Lent.az, Milli.az və Qafqazinfo.az saytlarında çoxluq təşkil edir. Digər saytlar bu tipli xəbərlərin yalnız ölkəmiz və dünya üçün prioritet təşkil edənlərini öz səhifələrində yerləşdirirlər. Şou-biznes xəbərlərinə Mediaforum.az saytı ümumiyyətlə yer ayırmır, Modern.az, Qafqazinfo.az və Qaynar.info saytları çox nadir hallarda onları öz səhifələrində yerləşdirir, Lent.az-ın səhifələrində isə hər gün ən azı 4-5, Milli.az-ın səhifələrində 7-10 belə xəbərlərə rast gəlinir. Məlumat üçün qeyd edək ki, bir sıra digər media qurumlarındakı kimi internet-medianın səhifələrində Azərbaycan dilinin tələblərinin pozulmasına az hallarda rast gəlinir. Amma saytlarda bir çox hallarda materialdan digərinin istifadə etməsi, bəzi hallarda hətta yazıların mənbəyi belə göstərilmədən təkrarlanması halları da var ki, bu da özünü yeni medianın intensiv inkişafına mane olur. Eyni zamanda qüsurlar sırasında internet saytlarında sözlərin yazılışında orfoqrafiq xətaları da qeyd etmək lazımdır. Bu səhvlər informasiyaları kütləvi şəkildə əhatə etməsə də, tez-tez təkrarlanır. Ölkə mediasının qarşılaşdığı problemləri aradan qaldırılmsında, habelə onun inkişaf istqamətlərinin müəyyən edilməsində Söz Azadlığını Müdasfiə Fondu bundan sonrada bir sıra layihələri həyata keçirmək niyyətinədir. Söz Azadlığını Müdafiə Fondu 04.03.2011

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO